Bakının “qamçı və kökə” taktikası - Əliyev Paşinyanla görüşə daha güclü əllə gedir

16-08-2022, 10:15           
Bakının “qamçı və kökə” taktikası -
Azərbaycan Prezidentinin ötən həftəsonu AzTV-yə verdiyi müsahibə, Qarabağla bağlı söylədikləri Ermənistandakı qaynar başlar üçün gerçəkdən də “soyuq duş” effekti yaratdı. Onların olan-qalan ümidlərinin üstündən yağlı və çarpaz xətt çəkdi.

Eyni zamanda erməni xalqının əsl düşmənlərinin kim olduğunun dəqiq ünvanını göstərdi. Bunlar - statusla bağlı hələ də boş vədlər verən, iki xalq arasında ədavətin qalmasına çalışan və sülh müqaviləsinə əngəl törədib vaxtı süni şəkildə uzadan qüvvələr, habelə həbsxanalarımızın “darıxdığı” cinayətkar separatçı ünsürlərdir.

Yəni söhbət həm də Nikol Paşinyan iqtidarından gedir. İlham Əliyev sözsüz ki, ən əvvəl rəsmi İrəvanı xəbərdarlıq edərək bildirdi ki, zamanı uzatmaq ən çox Ermənistanın ziyanına işləyir və Bakı 10 noyabr kapitulyasiya aktı ilə İrəvanın öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməsinə, özü də vaxtında yerinə yetirməsinə nail olacaq. Söhbət həmçinin Zəngəzur dəhlizinin reallaşmasından gedir.

Ötən yazılarda vurğuladığımız kimi, Azərbaycan liderinin mesajları kapitulyant ölkənin daxili auditoriyası, ictimai-siyasi kəsimi ilə yanaşı, Qarabağda yaşayan ermənilərə ünvanlı idi. Prezident onları düzgün seçimi eləməyə çağırdı, açıq və net şəkildə söylədi ki, onların nə statusu olacaq, nə müstəqilliyi, nə də hansısa xüsusi imtiyazı. “Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə”, - bildirdi. Bakının müharibə deyil, sülh istədiyini, iki qonşu xalq arasında kədərli səhifəni nəhayət, qapatmaq istədiyini izhar elədi - hərçənd Azərbaycan hər an müharıbəyə, növbəti dəfə radikalların dərsini verməyə də hazırdır.

*****

Qısası, “qamçı və kökə” taktikası. Qalır indi bütün bu mesajları qarşı tərəfin düzgün oxuması. Ələlxüsus Paşinyan iqtidarının özünü adekvat, ciddi aparmasına və tələsməsinə lüzum var. Çünki istənilən sülhün, sülh müqaviləsinin alternativi müharibədir. Nikol və onun komandası yeni müharibəni tətikləməyə xidmət edən taktikadan təcili imtina eləməlidir. Daha bir səbəbə: müəyyən nöqtədən sonra geridönməz proseslər başlaya bilər.

Bu mənada İlham Əliyevin məlum müsahibədə söylədiyi “Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir, bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və biz buna nail olacağıq” sözlərindən hamıdan qabaq Ermənistan rəhbərliyi nəticə çıxarmalı, “status”, “Minsk Qrupu” kimi boş və mənasız mövzularla aranı qatmaq kursuna son qoymalı, ikitərəfli formatlarda verdiyi vədləri yerinə yetirməlidir, nəinki belə təmaslara vaxtı uzatmaq vasitəsi kimi baxmalıdır. Azərbaycan dövləti buna daha imkan verməyəcək, çünki belə oyunlardan bezib.

Baxaq görək, növbəti ikitərəfli görüşdə Paşinyan özünü necə aparacaq. Ancaq növbəti tet-a-tet təmasın Brüsseldə və ya Moskvada reallaşmasından asılı olmayaraq, Azərbaycan Prezidenti görüşə əli daha da güclənmiş şəkildə gedir. Ona görə ki, böyük ehtimalla, ona qədər 10 noyabr sənədinin daha bir bəndi reallaşmış olacaq: Laçın şəhəri və ətraf kəndləri nəzarətimizə keçəcək, erməni separatçılar ətrafında mühasirə bir qədər də daralacaq. Bununla da hamı Azərbaycan dövləti və onun liderinin siyasi iradəsi və qətiyyətinə bir daha əmin olacaq...

*****

Məsələ də ondadır ki, zaman İrəvanın xeyrinə işləmir. Eyni şeyi yeni geosiyasi reallıqlar və şərtlər deyir. Qarşı tərəf bunu anlamalı və bilməlidir ki, Ermənistanda hakimiyyət dəyişikliyi də vəziyyəti onun xeyrinə dəyişməyəcək, dəyişə bilməz. Bu xüsusda Prezidentin xəbərdarlıq xarakterli ismarışlarının digər açması odur ki, N.Paşinyan devrilsə belə, radikal müxalifətin iddia elədiyi kimi, 10 noyabr sənədi öz qüvvəsini itirməyəcək.

Başqa sözlə, əgər erməni toplumunda hələ də ura-patriotlara, daha dəqiqi, keçmiş Köçəryan-Sərkisyan xunta rejiminin nümayəndələrinə inananlar qalıbsa, öz işlərini bilsinlər və avantüristlərin, revanşist-radikalların ardınca getməsinlər.

Hətta qatı ermənipərəst rusiyalı ekspertlər də proseslərin hara getdiyinin fərqindədir. Məsələn, Rusiyanın erməniyönümlü “Reqnum” agentliyinin baş redaktoru, Kremlin təbliğatçılarından sayılan politoloq Modest Kolerov Ermənistan mediasına müsahibəsində ermənilərin bütün ümidlərini alt-üst edib. O cümlədən Rusiya sülhməramlılarının bölgədə qalma müddətinin uzadılacağına dair proqnozunun nə olduğunu ondan soruşanda Kolerovun cavabı belə olub: “Qorxuram ki, uzadılmayacaq. Çünki Azərbaycan bunu istəmir. Digər tərəfdən, İrəvan bunun üçün mübarizə aparmır. Rusiya Minsk Qrupundan çoxdan çıxıb, İrəvan nə edir? Minsk Qrupunun digər iki həmsədrini qucaqlayır. Axı bir həmsədr qrupdan çıxıbsa, digər ikisi onsuz da heçdir, bu format qeyri-legitimdir. Paşinyanın daim Putinlə söhbət etdiyini deyirsiniz. Bunlar, sadəcə, sözdür. Paşinyan gecə-gündüz Brüsseldən, Minsk Qrupundan danışır. Bəlkə əfsanəvi Minsk Qrupu ona sülhməramlı göndərəcəyini deyib? Xeyr, oraya ruslardan başqa heç kim girməyəcək...”

*****

Əlbəttə ki, reallığın dərkindən doğan addımların atılmasına görə ən böyük məsuliyyət Nikol Paşinyan hökumətinin üzərindədir. O hökumət ki, keçən ilin iyun seçkilərində erməni elektoratının əksəriyyətindən sülh mandatı alıb və qalib olub. Paşinyan isə bu mandatı həyata keçirmək əvəzinə, iki ildir sülhdən çox müharibə yönündə çalışır - özü də ola bilsin, fərq eləmədən. Amma indi fərq eləmək, yaxınlaşdığı təhlükəli nöqtədən geri dönmək və “daşları yığmaq zamanıdır”. Sonra belə bir fürsət olmaya bilər...
“Yeni Musavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.