Böyük güclərin qazanc SAVAŞI: Zəngəzur dəhlizi ətrafında OYUN - Səxavət Məmməd yazır

20-09-2022, 08:49           
Böyük güclərin qazanc SAVAŞI:
Azərbaycan-Ermənistan arasındakı gərginlik üzərindən böyük güclər artıq açıq oynayırlar.
Hesab etmirəm ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Azərbaycanın Ermənistanın sözdə ərazisini işğal etməsinə görə İrəvana səfər edib. Niyə “sözdə”? Çünki faktiki olaraq iki ölkə arasında bu günə qədər nə sərhəd olub, nə də qarşılıqlı sərhədlərin tanınması. Məsələ Rusiyanın açmaq istədiyi nəfəsliyi açılmadan boğmaqdır.
Rusiya Ukrayna ərazisinə hücum etdikdən sonra Qərb Kremlə ən ağır sanksiyalar tətbiq edir. Rusiya sanksiyalar altında boğulur. Bundan çıxış yolu kimi də cənub və şərqi görür. Bu isə Zəngəzur dəhlizi ilə reallaşa bilər. Rusiya xeyli zamandır ki, Ermənistana təzyiqlər edir.
Paşinyan da məsələnin dəhliz olduğunu bilir. Yəni Ermənistan tərəfi onlara qarşı edilən təzyiqin nəyə görə edildiyinin fərqindədir. Sərhəddəki döyüş toqquşmasından sonra İranın sayını itirdiyimiz qədər dediyi “İran regionda sərhədlərin dəyişməsinə icazə verməyəcək” bəyanatının arxasında da məhz dəhliz yatır. Çünki Zəngəzur dəhlizi açılarsa, İranın həm Bəndər-Abbası limanının aktivliyi aşağı düşəcək, həm də narkotik trafikini itirəcək. Nəinki İran, regiondakı bütün güclər qazancının davasını aparır.
ABŞ Ermənistan ərazisindən dəhlizin açılmasına göz yumsa, Rusiyaya tətbiq etdiyi sanksiyalar effekt verməyəcək. Rusiya üçün böyük nəfəslik açılmış olacaq. Ona görə də Ermənistanın yanında olmaq üçün bu cür addımı atır. İş o yerə gəlib çıxıb ki, hər zaman didişən, bir-birinə düşmən münasibəti bəsləyən ABŞ ilə İran eyni mövqedən çıxış edir.
Maraqlar…
Eynilə Ukraynada olduğu kimi Cənub Qafqazda da ABŞ ilə Rusiya rəqabət içərisindədir. Əslində uzun illərdir bu rəqabət var, sadəcə indiki məqamda bu açıq müstəviyə keçib. Tərəflər mövqeyini ortaya qoyub. İş o yerə gəlib ki, BMT-nin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini göstərən 4 qətnaməsinin altında imzası olan ABŞ indi Azərbaycanı təcavüzkar adlandırır.
Maraqlar…
Bundan sonra top Rusiyadadır. Rusiyanın bir neçə variantı var. Ya Ermənistanla münasibəti istiləşdirərək rəsmi İravanı ABŞ-nin caynağından qoparmalıdır, ya da Ermənistana yerini göstərmək üçün ən müxtəlif vasitələrdən istifadə etməlidir. Bu vasitələr arasında iqtisadi sanksiyalar, satdığı silahların, qazın və digər məhsulların pulunu tələb etmək ola bilər. Bundan əlavə, Rusiyanın faktiki olaraq Ermənistanda hərbi bazası var. Bir ölkənin başqa bir ölkədə hərbi baza saxlaması heç şübhəsiz hər zaman təhlükə mənbəyidir.
Məsələ təkcə bununla da bitmir.
Ermənistanın Türkiyə və İranla sərhədlərini Rusiya hərbçiləri qoruyur.
Son hadisələr zamanı bir çoxları sual etdi ki, Rusiya nə əcəb susur? Susmur, sadəcə olaraq Azərbaycanın vurduğu hər şillədən özü vurmuş kimi həzz alır. Qarabağ münaqişəsini yaradan, qarşı tərəfə dəstək verən, münaqişəni idarə edən ölkə indi dəstək verdiyi tərəfin şillələnməsini izləyir. Hardan hara…
Məsələnin təhlükəli tərəfi də budur.
Azərbaycan həmişəkindən daha çox hesablamalar aparmalı, atacağı addımları yüz dəfə ölçüb-biçməlidir. Böyük güclərin savaşında ən kiçik yalnışlığa belə yol verilməməlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.