TÜRKİYƏ: KİMDİR GÜNAHKAR?!

13-02-2023, 16:15           
TÜRKİYƏ:
Dostum Azər Rəşidoğlu Türkiyədə baş vermiş fəlakətlə bağlı çoxlu sualları olduğunu yazmışdı. Amma həlak olanların sayı 30 mini keçib və durmadan artır. Ona görə də düşünürəm ki, sualları verməyin vaxtı çatıb...
Tükiyədə uçan binaları tikən şirkətlərin sahiblərini, onların memarlarını həbs edirlər. Düz edirlər! Bəs bu tikililərin kefiyyətinə, binaların zəlzələyə dözümlüyünə nəzarət etməli olan, hökumət üzvləri də daxil olmaqla, AKP-dən olan dövlət məmurlarına nə vaxt növbə çatacaq?!
Türkiyə ərazisinin böyük bir hissəsi seysmik aktiv zonada yerləşir. 20 min insanın həyatını aparmış 1999-cu il zəlzələsindən sonra Ərdoğan və onun tərəfdarları o zamankı iqtidarı tikililərin zəlzələyə davamlığına fikir verməməkdə ittiham edirdilər. Onlar bütün mənzil fondunun texniki təftişinin zəruriliyindən danışırdılar. Təmamilə haqlı idilər.
1999-cu il zəlzəıəsindən keçən 24 ilin 20 ilinin iqtidarı AKP-dir. Təsəvvür edirsiniz, nə qədər AKP-li dövlət məmuru indiki faciə üçün həbsə girməlidir?!
Onu qeyd etməliyəm ki, Ərdoğanın dağıntıların və həlak olanların miqyasını zəlzələnin gücü ilə izah etməsi, yumşaq desək, o qədər də həqiqətə uyğun deyil. Yenə də 1999-cu il zəlzələsi ilə müqayisə etmək məcburiyyətindəyəm. Həmin zəlzələ Rixter şkalası ilə 7,6 bal gücündə idi. Bu isə 7,7 bal gücündə. Gördüyünüz kimi fərq minimaldır. Amma həlak olanların sayı artıq 30 mini keçib. Acı həqiqət ondan ibarətdir ki, qarşıdakı 2 gündə 40 mini də keçəcək.
Faciənin miqyasının bu dərəcədə dəhşətli olmasının 2 səbəbi var:
birincisi, AKP iqtidarda olduğu 20 il ərzində tikililərin zəlzələyə davamlılığının təmin edilməsi istiqamətində demək olar ki, heç bir iş görməyib. Başqa sözlə desək, cinayətkarcasına fəaliyyətsizlik göstərib. Misal üçün, Rixter şkalası ilə 9 bal gücündə zəlzələlər olan Yaponida birbaşa zəlzələdən törəmə olan dağıntılardan demək olar kı, heç kəs həlak olmur. Həlak olanların əksəriyyəti sunaminin qurbanı olur. Allaha şükür ki, Türkiyədə sunami təhlükəsi yoxdur...
İkincisi, Ərdoğan iqtidarının baş vermiş faciıəyə ilkin reaksiyası gecikmiş və qeyri-adekvat oldu. Hökumət fəlakətin miqyaslarını düzgün dəyərləndirə bilmədi. Bunu qismən Ərdoğanın özü də etiraf etdi. Bildiyiniz kimi, zəlzələdən sonrakı ilk 72 saat dağıntılar altında qalanların xilası baxımından kritiktir. Xüsusilə də şaxtalı havada. Hökumət məhz bu dəyərli saatları itirdi. Bəzi ölkələrin yardım təklifi rədd edildi. Bir sıra yardımlardan milli qürur bəhanəsi ilə imtina edildi. Yox, demirəm ki, bilərəkdən etdi. Amma bu onu məsuliyyətdən azad etmir...
Rauf Mirqədirov
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru