İnternetdə idman mərc oyunlarının cəmiyyətə və dövlətə ziyanları - xaricdən idarə oluna bilərmi?..
18-02-2023, 10:45

Aytəkin Kamranqızı: “Cavan ailələr bu mərc oyunları ucbatından dağılır, məhv olur, insanlar ev-eşiklərini satıb səfil vəziyyətə düşürlər”
Son zamanlar sosial şəbəkələrdə kazino tipli mərc oyunlarının reklamları genişlənib. Bura insanları bonus vədləri ilə cəlb edirlər.
Məlumat üçün bildirək ki, ölkədə kazinoların fəaliyyəti qadağan olunub. Buna baxmayaraq, internet portallarında qanunsuz idman mərc oyunları reklam edilir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən reklam fəaliyyətinə dövlət nəzarəti məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Monitorinq zamanı bir sıra internet portallarında mövcud qanunvericiliyin tələblərinə zidd olaraq qanunsuz idman mərc oyunlarının reklam edildiyi müəyyən olunub.
Onu da bildirək ki, idman mərc oyunlarının təşviqedici şüarları sırasında "Həyəcanını qazanca çevir", "Hər 5 dəqiqədə 1 milyon manat qazanma şansı səni gözləyir!", "Mobil tətbiqimizi elə indi yüklə və əyləncəyə başla!" kimi reklamlar yer alır.
Qeyd etdiyimiz kimi, mərc, kazino oyunlarının ölkəmizdə keçirilməsi qadağandır. Ekspertlər bildirir ki, internet portalları üzərində qanunsuz idman mərc oyunlarının keçirilməsi ictimai və dövlət mənafeləri üçün təhlükəlidir. Mütəxəsislərin fikrincə, Azərbaycanı istəməyən qüvvələr bu cür mərc oyunlarının ölkəmizdə yayılmasının tərəfdarıdır.
“İnternet üzərindən kazino oyunları təşkil edən saytların serverləri xarici ölkələrdə yerləşir və internet üzərindən idarə olunur”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, idman mərc oyunları qumardır: “İnsanlar müxtəlif idman yarışlarına külli miqdarda pul qoyurlar. İstər it boğuşdurmaq olsun, istər at çapmaq. Artıq çoxdan təsdiq olunub ki, futbol bir biznesdir. Konkret şəxslər idmanın bu növündən milyardlar qazanır. Cavan ailələr bu mərc oyunları ucbatından dağılır, məhv olur. İnsanlar ev-eşiklərini satıb səfil vəziyyətə düşürlər. Mən gənclərə müraciət edirəm ki, bu işdən əl çəksinlər, harama qurşanmasınlar. Öz pullarının, qazanclarının qədrini bilsinlər, qazanclarını ailələrinə, valideynlərinə, uşaqlarına, xeyirli işlərə sərf etsinlər. Ötəri qazanca aldanıb həyatlarını məhv etməsinlər. Ağılları, güc-qüvvələri ilə zəhmət çəkib halal qazanc əldə etsinlər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, internet üzərindən kazino oyunları təşkil edən saytların serverləri xarici ölkələrdə yerləşir və internet üzərindən idarə olunur: “Sosial şəbəkələrdə onlayn kazino oyunlarının sayı kəskin şəkildə artıb. Azərbaycanda da onlayn kazinoya maraq gündən-günə artmaqdadır. Sosial şəbəkələrdə kazino oyunları barədə reklamlar qarşımıza çıxır. Həmçinin mobil tətbiqlərdən istifadə edərkən də bu hala çox rast gəlinir. Əslində sosial şəbəkələrdə belə oyunların reklam edilməsi qadağandır”.
Günel CƏLİLOVA
Bakixeber