Paşinyanın təhlükəli oyunu: “Kövrək ip üzərində gəzişir”
18-02-2023, 12:55

“Ermənistan son sülh sazişi planında Qarabağ ətrafında beynəlxalq təminatlarla hərbsizləşdirilmiş zona yaradılmasını təklif edir”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, ilk dəfə hərbsizləşdirilmiş zona ideyasını oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə görüşdə səsləndirib.
Paşinyanın sözlərinə görə, belə bir zona yaradılarsa, Qarabağa “özünümüdafiə ordusu” lazım olmaya bilər. Görünür, Nikol Paşinyan yenidən sülh sazişindən yayınmağa çalışır.
TEREF.AZ-ın məlumatına görə, cebhe.info-ya açıqlama verən politoloq Şəbnəm Həsənova bildirib ki, hadisələrin inkişaf dinamikası sürətli olduğu qədər də mürəkkəbdir:
“Belə bir şəraitdə Ermənistan bilərəkdən fərqli oyunlar oynamaqla manevr çevrəsini geniş tutmağa çalışır. Manevr üçün zaman kontekstinə Ukrayna-Rusiya üzərindən gedən Qərb-Rusiya qarşıdurmasının nəticəsi, Türkiyədə seçkilərin nəticəsinin özlərinə uyğun olacağına ümid edərək Paşinyan və onu dəstəkləyən dairələrin sanki dişlərini qıcıyaraq gözləməsi daxildir. Sülh sazişi üzrə təklifləri Bakıya, həmçinin keçmiş ATƏT-in Minsk qrupu ölkələrinə təqdim etdiyini deyən marionet Nikol Paşinyanın siyasi tarixdən məlumatı sıfırdır. Heç bir məğlub, kapitulyasiya aktına imza atmış tərəf qalib tərəfə şərt qoymur. ATƏT-in Minsk qrupu isə artıq nəinki çeynənmiş, hətta tullanmış saqqızdır.
Bu məqamda Mariya Zaxarovanın yenidən ATƏT-in Minsk qrupu formatının 2022-ci ilin fevralında tarixin zibil qutusuna göndərildiyini bildirməsi təsadüf deyil. Laçın ətrafında baş verən məsələlərə toxunmalıyıq ki, bu da olduqca mürəkkəbdir. Bu aksiyaların nəticəsi bir çox qaranlıq məqamların gün işığına çıxmasına, düyün nöqtələrinin açılmasına gətirib çıxaracaq. Aksiyaların davam etdiyi bir məqamda Türkiyədə zəlzələ baş verdi. Bu fəlakətlə start verilən, lakin daha öncə intensivlik qazana bilməyən təmaslar daha da intensivləşdi. Regionda baş verən proseslərə paralel olaraq həm də bu fəlakət nəinki Türkiyənin, düşünürəm ki, region ölkələrinin xarici siyasətində də bir sıra ciddi dəyişikliklərə gətirib-çıxaracaq. Lakin əsas söhbət erməni oyunlarından gedir”.
Ekspert qeyd edib ki, Türkiyəyə Əlican sərhəd qapısı vasitəsilə humanitar yardım edildi:
“Tarixdə ermənilərə qarşı “soyqırımı” törədən türklərə “humanitar yardıma” qaçan “sülhpərvər erməni” obrazına paralel olaraq guya Laçın dəhlizində “humanitar fəlakət” tətbiq edən Azərbaycanın mənfi obrazı dünyanın gözünə kül kimi üfürülür. Ermənistan normallaşmanın Azərbaycansız baş tuta biləcəyi ümidi boşdur. Normallaşma üçlü formatda baş tuta bilər ki, Rusiya-Qərb rəqabəti həm də bu məsələ üzərindən gedir”.
Politoloq vurğulayıb ki, istər Rusiya, istər Qərbin maraqlarının miqyası və mövqeləri qədər bölgə ölkələri və xalqlarının onlara verdiyi reaksiya da önəmlidir:
“O mənada ki, əsas məsələ bölgəni döyüş poliqonuna çevirməməkdir. Özündə mürəkkəb kombinasiyaları ehtiva edən bu məsələ isə heç bir anlamda sadə deyil. Paşinyan isə nəinki düzgün qərarlar ala bilmir, alət olaraq bataqlığa daha da dərindən qərq olur. Qərb bu bölgədə də Rusiyanı zəiflətməkdən ötrü hər şey etdiyi qədər, çıxmadığı oyun da qalmır. Rusiya da öz növbəsində bu oyunda Vardanyan kartını yenidən işə salsa da, görünür, rus baş diplomat bunun o qədər effektiv olmadığını görərək təşəbbüsləri özü ələ almağa çalışır ki, hər halda heç nə yox, yaxın zamanda planlaşdırılan Lavrov səfəri bizə bunu deməyə əsas verir.
Bu ərəfədə Paşinyan bu manevrı Praqa görüşü deyil, məhz Soçi görüşü üzərindən edirsə və Vardanyanla Paşinyanın əlbir olması ortaya çıxırsa, görünür, bu dəfə Paşinyan Rusiya vasitəsilə manipulyasiyalara gedir. Qərbə razılıq verməyən Rusiya olsun ki, Paşinyan vasitəsilə vaxt qazanır. O variant da istisna deyil ki, Paşinyan Rusiyanın vasitəçiliyinə kölgə salmağa çalışır. Yəni hər bir halda Paşinyan idarə olunur və ikinci stulda tam otura bilmir. Nəticədə isə Ermənistan yenə də sülh sazişindən yayındığı qədər, yayındırılır. Söhbət Paşinyanın səsləndirdiyi fikirlərdə ilk və son dəfələrdən gedirsə, olsun ki, belə bir fikir səsləndirib.
Heç bir görüşdə heç kimin önü kəsilmir ki, hansısa fikir irəli sürməsin, lakin nəticə etibarilə bu qərar qəbul edilibmi?
Qəti, belə düşünmürəm. Sadəcə Paşinyan Fransa jandarmları ilə yanaşı, 15 alman hüquq -mühafizə orqanı əməkdaşının missiyasına, bütövlükdə Avropanın müxtəlif ölkələrindən iştirak edən polis əməkdaşlarının ümumi sayının 100 nəfər olacağına Rusiyanın kəskin reaksiyasını görür.
Bu baxımdan bu diletant Baş nazir bilir ki, təhlükəli oyunda, kövrək ip üzərində gəzişir. Hər an ordan başaşağı düşə bilər. Bu baxımdan da Paşinyan nəinki manevrlar edir, hətta yalana da əl atır. İstər Paşinyanın bu açıqlamaları, istərsə də Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycanla sülh sazişi layihəsinə “Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin müzakirəsi məqsədilə beynəlxalq mexanizm yaradılması” barədə müddəanın daxil olunduğunu bəyan etməsi absurddur. Ermənistanla Azərbaycan arasında Qarabağ müzakirə predmeti deyil. Qarabağ Azərbaycanın daxili məsələsidir. Danışıqlar sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı gedir. Keçmiş görüşlərə dönən Paşinyan manipulyasiya etmədən öncə Praqa və Soçi görüşlərində Qarabağ üzərində Azərbaycanın suverenliyini tanıdığını unutmamalıdır”.