“Rusiya sülh prosesini nəzarətində saxlamaq istəyir”

10-05-2023, 10:44           
“Rusiya sülh prosesini nəzarətində saxlamaq istəyir”
Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya iki günlük səfərə gedib.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə Nikol Paşinyan
arasında görüş və müzakirələr barədə sualı cavablandırarkən, “müəyyən planların” müzakirə
edildiyini deyib, lakin “qabağa qaçmamağa” çağırıb: “Hələlik hadisələri qabaqlamayaq. Müəyyən
planlar müzakirə olunur. Bu müzakirələr yekunlaşdıqdan sonra müvafiq açıqlama verəcəyik.
Hələlik biz bu barədə danışmağın tez olduğunu hesab edirik”.
Maraqlıdır, indiyədək yalnız o məlum idi ki, 17-18 may tarixində Ermənistan, Azərbaycan və
Rusiyanın xarici işlər nazirləri Ararat Mirzoyan, Ceyhun Bayramov və Sergey Lavrovun Moskvada
görüşü nəzərdə tutulur. Digər məlumat ondan ibarət idi ki, iyunun 1-də Kişinyovda Avropa Siyasi
Birliyinin Zirvə Toplantısı çərçivəsində Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın
görüşü keçiriləcək və bu görüşdə Azərbaycan ilə Azərbaycan arasında müəyyən sənədin
imzalanması gözlənilir.
Dünən isə Azərbaycan və Ermənistan liderlərinin mayın 14-də Brüsseldə görüşəcəkləri barədə
məlumat yayıldı. Artıq məlumat rəsmi Brüssel tərəfindən də təsdiqlənib.
Paşinyanın Moskvaya bu gözlənilməz səfəri nə ilə bağlıdır? Yalnız Rusiya paytaxtında keçirilən
hərbi paradda iştirakla, yoxsa Vaşinqton görüşündən sonra və Brüssel görüşü öncəsi Putinə
hesabat vermək və məsləhət almaq niyyəti ilə?
Müstəqil siyasi ekspert Nəsimi Məmmədli fikirlərini Press Klubla bölüşməyə razılaşıb.
Onun sözlərinə görə, Ermənistan artıq Qərblə Rusiya arasında geosiyasi rəqabət meydanına
çevrilmək ərəfəsindədir.
“Bu mürəkkəb geosiyasi vəziyyət Ermənistan hökuməti üçün çox risklidir. Ermənistan Rusiyanı
qıcıqlandırmadan Qərbin maraqlarını təmin etməyə ümid edir. Hazırda Rusiya da Ermənistan
hakimiyyəti ilə münasibətləri daha da korlamaq istəmir.
N.Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiyanın Ermənistana siyasi və hərbi təsirini
azaltmağa yönəlmiş siyasət yürütməyə çalışır. O, Qərblə münasibətləri yaxşılaşdırmaq istəyir.
Azərbaycanla 44 günlük müharibədən sonra keçirilən seçkilər nəticəsində hakimiyyətdə
qalması ona bu istiqamətdə yeni imkanlar açıb.
Rusiya Paşinyanın bu siyasətindən narazı olsa da, onu dəyişmək imkanları məhduddur.
Ermənistan cəmiyyətində Rusiyanın “etibarlı tərəfdaş” imici məhv edilir. Paşinyan başa düşür
ki, Rusiyanın təsirindən çıxmaq üçün təkcə Qərblə yaxşı münasibətlər yetərli deyil. Təbii ki,
Azərbaycan və Türkiyə ilə də münasibətləri yaxşılaşdırmaq lazımdır. Bu məsələdə həlledici
amil Qarabağdır.
Paşinyan Azərbaycanla sülh danışıqlarında dalana dirənib. ABŞ və Avropa İttifaqı sülh
prosesini irəlilətməyə çalışır. Rusiya prosesi öz nəzarətində saxlamaq istəyir. Paşinyan
hökuməti Qərbin və Rusiyanın iradəsinə qarşı açıq mövqe tuta bilmədiyi üçün sülh sazişini
imzalamağa cəsarət etmədi. O, prosesi mümkün qədər gecikdirməyə çalışır.
Tərəflərin açıqlamalarından da görünür ki, Paşinyanın Moskva səfəri zamanı müzakirə
olunacaq məsələlər qapalı olaraq qalır.
Fikrimcə, görüşdə ilk növbədə ABŞ-da Ermənistanla Azərbaycan arasında müzakirə olunan
sülh sazişindən söhbət gedəcək. Putin Paşinyana izah edəcək ki, Rusiyanın iştirakı olmadan
belə bir sənədin imzalanması regionda sülhə zəmanət verə bilməz. Moskva hələ də regionda
əsas gücdür. Ermənistan hökuməti bunu xüsusilə nəzərə almalıdır. Rusiya-Ukrayna
müharibəsinin gedişatı Cənubi Qafqazın taleyində ciddi rol oynayacaq”, – deyə N.Məmmədli
yekunlaşdırıb.
Rauf Orucov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru