İranlı Nobel mükafatı laureatı: "İslam Respublikasının süqutu qaçılmazdır"
Bu gün, 11:08

İranın ali dini lideri müxalifətin Brüsseldə keçirilən son konfransını İran-İsrail müharibəsi ilə əlaqələndirib və İslam respublikasını əvəzləmək üçün ABŞ-nin dəstəklədiyi planın bir hissəsi olduğunu iddia edib.
Avqustun 24-də çıxış edən Xamenei iddia edib ki, konfrans iştirakçılar hətta monarxın təyin olunmasını müzakirə ediblər.
İyunun 14-də baş tutmuş sözügedən konfransda çıxış edən iranlı Nobel Sülh Mükafatı laureatı Şirin Ebadi Xameneinin iddialarını rədd edib, lakin onun İslam respublikasının gələcəyi ilə bağlı narahatlıq keçirməkdə haqlı olduğunu bildirib.
"Konfransda müzakirə olunan məsələ ondan ibarət idi ki, siyasi isteblişment bacarıqsızdır və xalq tərəfindən devrilməlidir. Bunun üçün isə yeganə yol müxalifət arasında birliyin olmasıdır", - Ebadi avqustun 25-də AzadlıqRadiosunun "Fərda" xidmətinə bildirib.
İranın müxalifət qrupları dərin ideoloji fikir ayrılıqları və ölkənin gələcəyi ilə bağlı fərqli baxışlarına görə uzun müddətdir birləşməkdə çətinlik çəkir. Lakin hüquqşünas və insan haqları müdafiəçisi Ş.Ebadi vurğulayıb ki, birlik cəbhəsində "çox irəliləyiş əldə olunub" və İranın ali liderini də narahat edən məhz budur.
"Buna görə də Xamenei özünü hər şeyi edə bilən, hakimiyyətdə olan şəxs kimi göstərmək üçün tələsik sığınacağından çıxıb, amma heç kim buna inanmır", –Nobel Sülh mükafatı laureatı bildirib.
Həm də İran silahlı qüvvələrinin baş komandanı olan Xamenei iyunun 13-də İsrailin İrana hava zərbələri endirməsindən sonra yoxa çıxdığı üçün tənqid edilib. Onun yoxa çıxması İsrailin onu sui-qəsd məqsədilə hədəf aldığına dair etibarlı məlumatlarla bağlıdır. "The New York Times" Xameneinin öləcəyi təqdirdə varislik planlarını açıqladığını bildirib.
Xameneinin çıxışından qısa müddət sonra İran dövlət televiziyası müvafiq konfransın gizli şəkildə Brüsseldə keçirildiyini iddia edən reportaj yayımlayıb. Halbuki, tədbir canlı yayımlanıb və daha sonra YouTube-a yüklənib.
Ebadi təşkilatçıların tədbiri planlaşdırmaq üçün iki ay sərf etdiyini və onun 12 günlük müharibənin başlamasından bir gün sonra keçirilməsinin təsadüf olduğunu deyib.
O, həmçinin bunun "gizli" görüş olması ilə bağlı iddiaları da rədd edərək bildirib ki, ya Xamenei bunun gizli toplantı olduğuna inandırılaraq aldadılıb, ya da o özü əhalini aldatmaq üçün onu qəsdən belə təqdim edir.
Birliyə ehtiyac var
İran müxalifəti arasında həmrəylik mövzusuna toxunan Ebadi deyib ki, heç bir qrup təkbaşına dini rejimə meydan oxuya və onu devirə bilməz.
İran müxalifəti xroniki parçalanma ilə üzləşir, çünki onun əsas fraksiyaları - monarxistlər və dünyəvi respublikaçılardan tutmuş, solçulara və müxtəlif etnik qrupların nümayəndələrinə qədər İranın gələcək siyasi sistemi barədə dərin fikir ayrılığına malikdir. Onlar qarşılıqlı şübhə və keçmiş düşmənçiliklə mübarizə aparır, çox vaxt əməkdaşlıqdan daha çox öz gündəmlərini və liderlik iddialarını ön plana çəkirlər.
İttifaq qurmaq cəhdləri tez-tez etimad çatışmazlığı, güzəştə getmək istəməmək və xarici təsirlə bağlı narahatlıqlar səbəbindən sarsılır, bu da parçalanmış fəallığa və mövcud rejimə qarşı geniş əsaslı müqaviməti səfərbər etməkdə məhdud təsirə gətirib çıxarır.
"Onlar bir-birinə qarşı mübarizə dayandırmalı və əvəzində qüvvələri birləşdirməlidirlər", - Ebadi vurğulayıb.
O iddia edib ki, 1979-cu ildən mövcud olan İslam Respublikası hazırda "ən zəif" dövründədir və daxili böhranlar, iqtisadi təzyiqlər və regional uğursuzluqlardan əziyyət çəkir: "Sistemin çöküşdən başqa gələcəyi yoxdur"
BMT sanksiyalarının bərpası fonunda İran üçün vəziyyət daha da pisləşə bilər.
Avropa dövlətləri xəbərdarlıq ediblər ki, əgər Tehran nüvə proqramı ilə bağlı Vaşinqtonla razılığa gəlməsə, "snapback" adlanan mexanizmini işə salaraq BMT sanksiyalarını bərpa edəcəklər.
İranlı diplomatlar avqustun 26-da Fransa, Almaniya və Böyük Britaniyadan olan həmkarları ilə görüşərək "snapback" prosesinin başlamasının qarşısını almağa çalışacaqlar.
İranda Tramp administrasiyası ilə danışıqlar aparmaq çağırışlarının artmasına baxmayaraq, Xamenei çıxışında Vaşinqton ilə birbaşa danışıqları yenidən rədd edib.
Yazını AzadlıqRadiosunun jurnalist Kian Şərifi və radionun "Fərda" xidmətinin jurnalisti Nəsrin Əfşar hazırlayıb.