"PayPal"ın qurucusunun sərvətinə yaxından baxış
Bu gün, 10:56

Texnologiya dünyasının ən təsirli fiqurlarından biri olan "PayPal"ın qurucularından "Facebook"un ilk investorlarından və "Palantir"in yaradıcısı Piter Tiel (Peter Thiel), yalnız texnologiya yatırımları ilə deyil, həm də maliyyə strategiyaları, daşınmaz əmlak seçimləri və vergi planlamaları ilə də böyük sərvət toplayıb.
26 milyard dollarlıq sərvət
Valyuta.az xəbər verir ki, Piter Tielin sərvəti təxminən 26 milyard dollardır. Bu sərvətin əsası 2002-ci ildə "PayPal"ın "eBay"ə satışı nəticəsində əldə edilən 100 milyon dollarlıq gəlirlə qoyulub. Ən böyük sıçrayış isə 2004-cü ildə cəmi 500 min dollar yatırımla daxil olduğu "Facebook" səhmlərindən gəlib. Şirkətin IPO-sundan sonra Tielin qazancı 1 milyard dollardan artıq olub.
Daha sonra o, "Palantir"i təsis edərək böyük data və müdafiə texnologiyaları sahəsinə yönəlib. Şirkətin birjada listinqi Tielin sərvətinə milyardlarla dollar əlavə edib. Bununla yanaşı, "Founders Fund", "Mithril Capital" və "Valar Ventures" kimi vençur fondlarını yaradaraq onlarla startapa sərmayə yatırıb.
Ən çox müzakirə olunan maliyyə addımlarından biri isə ABŞ-də tətbiq edilən “Roth IRA” adlı pensiya hesabı vasitəsilə vergi ödəmədən milyardlarla dollar dəyərində sərvət yığması olub. Onun bu hesabda 2019-cu ilə qədər 5 milyard dollarlıq aktiv saxladığı bildirilir.
Yatırımları
Piter Tiel yüksək riskli və niş sahələrə sərmayə yatırmağı üstün tutur. "Founders Fund" vasitəsilə "Facebook", "Airbnb", "Stripe", "SpaceX", "Spotify", "LinkedIn" kimi nəhəng şirkətlərə yatırım edib. Həmçinin sabiq "PayPal mafiyası" üzvlərinin layihələrinə dəstək verməyə davam edir. Onun sərmayələri yalnız texnologiya ilə məhdudlaşmır. "Mithril Capital" ilə müdafiə sənayesinə, "1517 Fund" vasitəsilə isə biotexnologiya və süni intellekt startaplarına yönəlib. Psixodelik müalicə şirkəti "Compass Pathways" və antikor texnologiyaları hazırlayan "AbCellera" kimi şirkətlər də onun yatırımlarına daxildir. Eyni zamanda kriptovalyutalara qarşı ehtiyatlı münasibəti olsa da, blokçeyn texnologiyasına sərmayə qoyub. Avropada isə SNÖ Ventures vasitəsilə müdafiə texnologiyaları startaplarına dəstək verir.
Daşınmaz əmlak yatırımları
Piter Tielin daşınmaz əmlak portfeli də diqqət çəkir. Onun ABŞ və Yeni Zelandiyada milyonlarla dollar dəyərində villaları və torpaq sahələri var:
San-Fransisko (Marina) – "Golden Gate" körpüsü mənzərəli 4 mərtəbəli ev.
Los-Anceles (Hollywood Hills) – 11,5 milyon dollarlıq hovuzlu villa.
Mayami (Florida) – pandemiya dövründə aldığı iki dənizkənarı villa, ümumilikdə 18 milyon dollar dəyərində.
Yeni Zelandiya (Wanaka gölü sahili) – 193 hektarlıq torpaq sahəsi (9 milyon dollar). Burada tikmək istədiyi lüks lodge layihəsi ekoloji səbəblərdən dayandırılıb.
Lüks avtomobilləri və özəl təyyarə
Digər milyarderlərdən fərqli olaraq, Piter Tiel avtomobil kolleksiyası ilə tanınmır. Yalnız "Tesla" avtomobilinə sahib olduğu ehtimal edilir. Lakin şəxsi "Gulfstream V" təyyarəsi var. Təyyarənin dəyəri 45–60 milyon dollar arasında qiymətləndirilir.
Dənizlərdəki yatırımları
Superyat sahibi olmasa da, o, 2008-ci ildən etibarən "Seasteading Institute" adlı dəniz üzərində müstəqil yaşayış məkanları layihəsinə 1,7 milyon dollara yaxın dəstək verib. Bundan başqa, elektrikli dənizüstü uçan vasitələr hazırlayan "Regent Craft"a da sərmayə qoyub.
Piter Tielin sərvət strategiyası klassik milyarder profilindən fərqlənir. O, yüksək riskli texnologiya yatırımları, vergi planlamaları və qlobal daşınmaz əmlak seçimləri ilə özünəməxsus sərvət modeli qurub. Nə böyük yatı var, nə də tez-tez mediada görünür. Lakin hər bir investisiya addımı onun düşünülmüş planının tərkib hissəsidir.