Dönərxanalar hədəfdə: Qida təhlükəsizliyi adı ilə görünən və görünməyən tərəflər

Bu gün, 15:36           
Dönərxanalar hədəfdə:
Son günlər sosial şəbəkələrdə və mediada dönərdən zəhərlənmə halları ilə bağlı yayılan xəbərlər artıb. Zəhərlənən vətəndaşların sayı, hadisələrin sayı, onların ciddiliyi cəmiyyətdə haqlı narahatlıq doğurur. Hər belə xəbərin ardından Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dərhal hərəkətə keçdiyini, müvafiq dönərxananın fəaliyyətini dayandırdığını, nöqsanları aşkar etdiyini və ictimaiyyəti məlumatlandırdığını bildirir.

“DogruXeber.az” olaraq məsələni diqqətlə izləyirik və bir detal nəzərimizdən yayınmır: bu rəsmi açıqlamaların demək olar ki, hamısında ünvan eyni olur – dönərxanalar.

Halbuki ölkədə yalnız dönər satışı ilə məşğul olan iaşə obyektləri fəaliyyət göstərmir. İllərlə bazarda olan, adı tanınan, reklamlarla gündəmdə olan böyük restoranlar, ictimai iaşə şəbəkələri, iri istehsal müəssisələri də eyni kateqoriyaya daxildir. Bu obyektlərdə də zəhərlənmə halları olur, bu obyektlərdə də təmizlik və gigiyena standartlarına əməl olunmaması faktları az deyil. Amma onların adını rəsmi şəkildə AQTA-nın açıqlamalarında nadir hallarda görürük. Yəni, qida təhlükəsizliyi ilə bağlı rəsmi yanaşma bir qədər seçici görünür.

“DogruXeber.az” olaraq bunu təkcə müşahidə etmirik, dəfələrlə araşdırmalar da aparmışıq. Məsələn, bir neçə il əvvəl deputat İqbal Məmmədovun yaxınlarına məxsus olduğu deyilən, lakin yaxınlarının adına rəsmiləşdirdiyi “Lebro broyler” müəssisəsindəki vəziyyəti ictimailəşdirdik. O müəssisədə gigiyenik şərtlərin pozulduğuna dair faktları təqdim etdik, hətta AQTA-ya rəsmi sorğu da göndərdik. Amma nə müşahidə, nə reaksiya, nə də rəsmi açıqlama verildi. Belə çıxır ki, dönərxana sahibi sıravi vətəndaşdırsa, onun obyektini bağlamaq və ifşa etmək asandır. Amma böyük və güclü şəxslərlə bağlı addım atmaq çətindir, bəlkə də risklidir.

Əlbəttə ki, heç kim qaydalardan kənarda fəaliyyət göstərməməlidir. Əgər hansısa dönərxanada antisanitariya varsa, bu aradan qaldırılmalı, vətəndaşın sağlamlığı qorunmalıdır. Amma bu prinsiplər istisnasız hər kəsə tətbiq olunmalıdır. Yalnız balacaları cəzalandırmaq, böyüklərə toxunmamaq həm qanuna, həm də ədalətə ziddir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru