Aldanan “dahi”, dünyanı parçalama planı, baş tutmayan ittifaq... – II YAZI
Bu gün, 11:24

Moskva-Berlin anlaşması Avropanı necə darmadağın etdi
Əvvəli: burda
“Bir-birinə qarşı müharibəyə qoşulmayacaqlar”
Stalin Hitleri sovet yardımından imtina edən Polşa hesabına “sakitləşdirməyə” hazır idi. Moskva Qərb demokratiyaları ilə apardığı danışıqlarla paralel, Berlinə bu barədə qeyri-rəsmi siqnallar verirdi. Bu arada, Almaniyada Polşa ilə müharibəyə hazırlıq gedirdi. Bu ssenaridə Hitlerə SSRİ-nin dərhal pozitiv neytrallaşdırılması lazım idi. 1939-cu il avqustun 2-də Almaniyanın xarici işlər naziri İoaxim Ribbentrop SSRİ-nin müvəqqəti işlər vəkili Qriqori Astaxov vasitəsilə Şərqi Avropada maraqların bölüşdürülməsi bazası əsasında münasibətlərin yaxşılaşdırılmasını təklif etdi. Ribbentrop bildirmişdi: “Bizim fikrimizcə, ticarət danışıqlarının uğurla başa çatması siyasi yaxınlaşmanın başlanğıcı ola bilər... Ölkələrimiz arasında ciddi ziddiyyətlər yoxdur. Qara dənizdən Baltik dənizinədək olan ərazilərlə bağlı məsələlər üzrə asanlıqla razılaşa bilərik... İndi onun üçün bilmək vacibdir: sovet hökumətini belə danışıqlar ümumiyyətlə maraqlandırırmı? Cavab müsbətdirsə, danışıqları ya burada, ya da Moskvada bərpa etmək olar”.
Avqustun 10-da Moskva Astaxovdan məlumat aldı ki, almanlar “Baltikyanı ölkələrin (Litvadan başqa), Bessarabiyanın, rus Polşasının (almanların xeyrinə bəzi dəyişikliklərlə) taleyində siyasi baxımdan maraqlı olmadıqlarını və Ukraynaya iddialarından da imtina etməyə hazır olduqlarını” bildiriblər. Əvəzində isə onlar SSRİ-dən Dansiqin və keçmiş alman Polşasının (ola bilsin, Varta və ya hətta Visla çayına qədər) taleyinə və (diskussiya şəklində) Qalisiyaya qarşı “maraq göstərməməsini” istəyirlər. Razılaşma eyni zamanda SSRİ-nin Britaniya və Fransa ilə müqavilə bağlamaqdan imtinasını da nəzərdə tuturdu.
Avqustun 13-də tərəflər danışıqların Moskvada aparılması barədə razılığa gəldilər. Avqustun 14-də hərbçilərlə keçirdiyi müşavirədə Hitler Polşa ilə müharibəyə başlamaq qərarını elan etdi və SSRİ-nin neytrallığını, Britaniya ilə Fransanın isə hərbi əməliyyatlarda iştirak etməyəcəyini ümid etdiyini bildirdi. Avqustun 15-də Almaniya genişləndirilmiş təkliflərini səfir Şulenburq vasitəsilə Kremlə çatdırdı və reyxın xarici işlər nazirinin Moskvaya gəlməsi məsələsini gündəmə gətirdi. Almaniya tərəflərin “bir-birinə qarşı müharibəyə qoşulmayacaqlarını və zor tətbiqi nəzərdə tutan heç bir tədbir görməyəcəklər”ini yazılmasını və bunun əsasında 25 il müddətinə müqavilə bağlanılmasını istəyirdi.
Molotov Şulenburqun təklif etdiyi qarşılıqlı zor işlətməmə bəyannaməsi əvəzinə tamhüquqlu 5 illik paktın bağlanmasını irəli sürdü. SSRİ əvvəlcə iqtisadi saziş imzalamaq, sonra isə siyasi pakt və ona əlavə protokolu razılaşdırmaq istəyirdi. Bu səbəbdən 1939-cu il avqustun 19-da Berlində sovet-alman ticarət müqaviləsi imzalandı. Gələcək üçün Almaniya SSRİ-nin “istənilən arzusunu nəzərə almağa” razı olduğunu bildirdi. Sovet tərəfi Berlinə 10 illik hücum etməmə paktı layihəsini təqdim etdi və Ribbentropun avqustun 26-27-də Moskvaya gəlməsinə razılıq verdi.
Sovet Rusiyasının Polşa müharibəsinə müdaxilə etməyəcəyinə dair zəmanəti mümkün qədər tez almaq istəyən Hitler isə tələsirdi. O, şəxsən “cənab İ. V. Stalinə” teleqram göndərərək, SSRİ-nin təqdim etdiyi pakt layihəsi ilə razı olduğunu və “Almaniyanın məsul dövlət xadimi”nin Moskvaya səfəri zamanı “əlavə protokol” tərtibinə hazır olduğunu bildirirdi. Reyxskansler Ribbentropun “ən gec 23 avqust çərşənbə günü” qəbul edilməsini xahiş edirdi. Alman xarici işlər naziri həm hücum etməmə paktını, həm də ona əlavə protokolu hazırlamaq və imzalamaq üçün tam və məhdudiyyətsiz səlahiyyətlər almışdı.
Moskva səfərin 23 avqustda baş tutmasına razılıq verdi. Öz hesablamalarında Hitler belə düşünürdü: “Stalin heç vaxt ingilislərin təkliflərini qəbul etməyəcək… Ancaq korafəhm optimistlər düşünə bilər ki, Stalin o qədər axmaqdır ki, onların əsl məqsədini anlamır. Rusiya Polşanın qorunmasında maraqlı deyil”. Fürer lovğalıqla öyünürdü: “Mən xüsusi addım atdım və bunun nəticəsində Rusiya dünən paktı imzalamağa hazır olduğunu bildirdi. Stalinlə şəxsi əlaqə quruldu. Birigün Ribbentrop müqaviləni bağlayacaq. İndi Polşa mənim görmək istədiyim vəziyyətə düşüb… İngiltərə hegemonluğunun sonunun başlanğıcındayıq. Zəruri diplomatik hazırlıqları tamamladığıma görə, indi əsgərlərin yolu açıqdır”.
Ribbentrop avqustun 23-ü günorta Moskvaya gəldi. Hitlerin xüsusi nümayəndəsinin Stalin və Molotovla Kreml görüşü üç saat davam etdi. Hücum etməmək paktının mətni ilə bağlı ciddi fikir ayrılığı yox idi. Müqavilənin açıq mətninin mahiyyəti sadə idi: tərəflər bir-birinə qarşı təcavüzdən çəkinməli, üçüncü dövlətin təcavüzünü dəstəkləməməli, qarşı tərəfə yönəlmiş hərbi ittifaqlara qoşulmamalıdırlar. İki köhnə ideya rəqibləri - nasizm və kommunizm rəhbərləri arasında müqavilə bağlanması faktından başqa, mətnin özündə şokedici heç nə yox idi. Buna görə də Stalin, Ribbentropun hazırladığı, SSRİ ilə Almaniya arasında “dostluq münasibətlərinin” bərqərar olmasından bəhs edən preambulanı mətndən çıxartdı. Stalin bildirdi: “Reyxin nasional-sosialist hökumətinin altı il ərzində tonlarla çirkab atdığı sovet hökuməti indi birdən-birə ictimaiyyət qarşısında sovet-alman dostluğu vədi ilə çıxış edə bilməz”.
Danışıqlarda əsas mövzu Şərqi Avropada təsir dairələri haqqında əlavə məxfi protokol idi. Ribbentropun sonralar xatırladığına görə, sovet diktatoru Baltikyanı ölkələri Dvin çayına qədər bölməyi rədd etdi – o, bütün Latviyanı istəyirdi: “Stalin Almaniya-Polşa konfliktini Briyan-Kelloq paktı çərçivəsində dinc həllini mənimlə müzakirə etmədi. O aydın şəkildə bildirdi ki, Polşanın yarısını və Libava limanı da daxil Baltikyanı ölkələri (hələ Litvasız), almayacaqsa, mən dərhal geri dönə bilərəm”. Ribbentrop güzəşt üçün Hitlerin razılığını istədi və aldı.
Stalin ikitərəfli maraq dairələrinin bölüşdürülməsi barədə gizli protokolun məzmununu dərhal izah etdi. Polşada ərazi dəyişikliyi baş verərsə, Almaniyanın və SSRİ-nin təsir dairələri Narva, Visla və San çayları boyunca bölünəcəkdi. Baltik regionu ölkələrinin (Finlandiya, Estoniya, Latviya, Litva) “ərazi-siyasi cəhətdən yenidən qurulması” halında Litvanın şimal sərhədi tərəflər arasında sərhəd olacaqdı. Polşanın müstəqilliyinin qorunub saxlanılması və onun sərhədləri məsələsi gələcək siyasi gedişat zamanı “dostca ikitərəfli razılaşma” əsasında müəyyən olunacaq. Moskva Bessarabiyada marağının olmasını elan edir, Berlin bu məsələdə maraqlı olmadığını bildirir. Alman nümayəndə heyəti etiraz etmədi. Məxfi protokol hüquqi baxımdan qeyri-legitim idi – çünki üçüncü ölkələrin taleyi həll olunurdu, amma bu, diktatorları narahat etmirdi.
Hücum etməmək müqaviləsi özlüyündə qeyri-adi deyildi. Amma gizli protokolla birlikdə bu saziş Polşa və Şərqi Avropanın bölüşdürülməsini nəzərdə tutan istismarçı sövdələşmə kimi görünürdü. Bu zaman Berlinə “təvazökar şəkildə” Polşanın qərb hissəsi və ehtimal ki, Vilnüs də daxil olmaqla Litva düşürdü. Polşanın şərq hissəsi və Baltikyanı ölkələr isə SSRİ-nin maraq dairəsində idilər.
Pakt və protokolların yekun mətni 24 avqust gecəsi saat 02:30-da imzalandı. İmzadan sonra keçirilən ziyafətdə tərəflər ümumi antiingilis mövqedə birləşdilər. Ribbentropun “İngiltərə həmişə sovet-alman münasibətlərini pozmağa çalışıb” fikrinə Stalin belə cavab verdi: “İngiltərənin dünya hökmranlığı digər ölkələrin axmaqlığı nəticəsində mümkün olmuşdu. Həmin ölkələr daim özlərini qorxutmağa imkan vermişdilər”. Ribbentrop inandırırdı ki, SSRİ-nin yeri Almaniyanın yanındadır: “Nə bizim, nə də İtaliyanın kapitalist Qərblə ortaq bir şeyimiz var” və “sosialist dövlətin Qərb demokratiyaları tərəfində olması bizə olduqca qeyri-təbii hal kimi görünür”.
Stalin tost qaldırdı: “Mən bilirəm ki, alman xalqı füreri necə çox sevir. Buna görə onun sağlığına içmək istəyirəm”. Stalin və Molotov alman xalqının, müqavilənin və sovet-alman münasibətlərinin şərəfinə içdilər. Ribbentrop isə öz növbəsində Stalinə və iki ölkə arasındakı dostluğa badə qaldırdı.
Sənədlərin imzalanmasından və fürer ilə baş katibin şərəfinə tostlardan sonra Stalin vidalaşarkən Ribbentropa dedi ki, sovet hökuməti bu yeni müqaviləyə çox ciddi yanaşır və “o, səmimi söz verir ki, Sovet İttifaqı öz tərəfdaşına xəyanət etməyəcək”.
Sülh müharibəyə aparan yol kimi
SSRİ-nin pakta dönüşündə Stalinin həlledici rolunu qeyd etmək lazımdır. Ticarət danışıqlarına başlayaraq və Hitlerin müqaviləyə artan marağını görərək, Qərb demokratiyaları ilə ittifaq istəməyən baş katib tələsik fürerə doğru getdi: xammalın texnologiya ilə mübadiləsindən müharibənin möhkəmləndirməli olduğu psevdomüttəfiq münasibətlərinə. Almaniya ilə müqavilələrin texnoloji hazırlığını öz üzərinə götürən Molotovun da rolu mühüm idi. Əsas sənədlər Stalin və Molotov tərəfindən birlikdə hazırlanırdı.
“Yalnız hər iki ölkədəki totalitar despotizm belə bədnam qeyri-təbii aktı həyata keçirə bilərdi, — Uinston Çörçill Molotov-Ribbentrop paktı haqqında deyirdi - Şübhəsiz, Stalin düşünürdü ki, Qərb dövlətləri ilə bir il müharibədən sonra Hitler Rusiyaya az təhlükəli düşmən olacaq. Hitler öz metoduna — “tək-tək”ə əməl edirdi. Bu razılaşmanın mümkün olması faktı İngiltərə və Fransanın son illərdəki siyasət və diplomatiyasının uğursuzluğunun bütün dərinliyi göstərir”.
Hitler istədiyi tərəfdaş neytrallığını SSRİ-dən aldı. Bu, Stalinin zahiri bitərəfliyi, əslində onunla gizli ittifaqda dərhal Polşaya qarşı savaşa başlamağa, dərhal hücuma başlamağa, həmçinin texnologiya və avadanlıq əvəzində SSRİ-dən xammal almağa imkan verirdi.
Stalin Komintern başçısı Georgi Dimitrova belə izah edirdi: “Müharibə iki kapitalist ölkələr qrupu (koloniyalar, xammal və s. baxımından zəngin və kasıb) arasında dünyanı bölüşdürmək, dünya ağalığı uğrunda gedir. Amma biz onların yaxşıca savaşmalarının və bir-birini zəiflətmələrinin əleyhinə deyilik. Zəngin kapitalist ölkələrin (xüsusilə İngiltərənin” durumu Almaniyanın əli ilə zəifləsə, pis olmaz. Hitler özü anlamadan və istəmədən kapitalist sistemi sarsıdır”. Sonradan məlum oldu ki, baş katib bu cümlə ilə nasizmi və Qərb demokratiyalarını sərt şəkildə bərabərləşdirərək, böyük səhvə yol verdi.
Paktın imzalanması nəticəsində Stalin Baltik ölkələrində və Şərqi Polşada hərəkət azadlığı, sonuncunun bölünməsində iştirak fürsəti və Baltik ölkələrində təsir dairəsini genişləndirmək imkanı qazandı. Stalin, özünün dediyi kimi, “Polşanın darmadağını nəticəsində biz sosialist sistemini yeni ərazilərə və əhaliyə yaymış” olmasından məmnun idi. Almaniyanın Estoniyaya, Latviyaya (və bir qədər sonra Litvaya) xarici təcavüzdən müdafiə təminatı verən müqavilələri qüvvəsini itirirdi.
Hitlerin əmri ilə tam hazır olan əməliyyat əsasında Polşaya qarşı müharibə artıq qaçılmaz oldu. “Vays” planı qüvvəyə minirdi və Moskva bundan xəbərdar idi. Londonun sülh təşəbbüsləri Berlində rədd edildi. Hitler Fransa və xüsusilə Böyük Britaniyanın Polşanı müdafiə edəcəyinə inanmırdı. Burada o səhv etdi: sentyabrın 3-də müttəfiqlər Almaniyaya savaş elan etdilər və konflikt dünya müharibəsinə çevrildi.
Doğrudur, fransızların Elzasda qısa və uğursuz hücumu istisna olmaqla, müttəfiqlər həmin dövrdə Polşaya kömək edəcək heç bir iri əməliyyat aparmadılar. Polşa məğlub olurdu, amma Almaniyanın əməliyyatı uzana bilərdi. Narahatlıq keçirən Berlin Moskvadan Qırmızı ordunun nə vaxt Polşaya girəcəyini soruşurdu. İki həftə qanlı müharibədən sonra Varşava ələ keçirilməmişdi, Fransanın Almaniyaya zərbə endirməsi ehtimalı qalırdı, Polşa ordusu şərqə doğru geri çəkilərək döyüşürdü.
SSRİ-nin sentyabrın 17-də Polşaya hücumu vəziyyəti dəyişdi, Şərqi Polşada vermaxt və Qırmızı ordu qarşısında müqaviməti mümkünsüz etdi. Baş komandan Edvard Ridz-Smiqlı hökumətlə birlikdə ölkəni tərk edərkən Polşa ordusuna belə əmr verdi: “Sovet İttifaqı torpağımıza soxuldu. Ən qısa yollarla Macarıstan və Rumıniyaya ümumi geri çəkilmə əmr edirəm. Onlar özləri hücum etməzsə və ya dəstəni tərk-silah etməyə cəhd göstərməzlərsə, bolşeviklərlə döyüşməyin. Varşava və digər şəhərlərin müdafiə vəzifəsi dəyişməz olaraq qalır”.
Polşa SSRİ-yə müharibə elan etmədi. Bu qərar Kremlə Polşa torpaqlarının işğalını “azadlıq yürüşü”, “zülm görən” ukraynalı və belarusların müdafiəsi kimi təqdim etməsinə imkan verdi. Stalin beləcə gizli protokolun icrasına başladı.
Sentyabrın sonunda Ribbentrop yenidən Moskvaya səfər etdi: 1939-cu il sentyabrın 28-də Almaniya və SSRİ arasında Dostluq və sərhəd müqaviləsi imzalandı. 23 avqust protokolunda Polşanın taleyinin sonradan həll olunacağı, hələlik isə ölkənin mərkəzində sovet və alman maraqlarını ayıran xəttin çəkiləcəyi göstərilirdi. Litva Almaniyanın təsir zonasına aid edilirdi.
Yeni razılaşmalarla Moskva və Berlin Polşanı bölüşdürdülər. Onlar təsir zonalarını korrektə etdilər: Almaniyanın tutduğu Polşanın Lüblin və Varşava voyevodalıqlarının əvəzində Litva SSRİ-nin təsir dairəsinə keçdi. Almaniya SSRİ ilə razılaşma əsasında Baltikdən alman əhalini köçürməyə başladı.
Stalin sentyabrın sonunda — oktyabrın əvvəlində bu yeni imkanlardan istifadə edərək, ekspansiyaya başladı. SSRİ Estoniya, Latviya və Litvaya ultimatum verərək, onların ərazisində hərbi bazaların yerləşdirilməsini tələb etdi. Bu bazalarda yerləşəcək qoşunların sayı faktiki həmin ölkələrin ordularının sayına bərabər idi (20–25 min nəfər). Birinci Estoniya oldu. SSRİ eston sərhədində 160 minlik ordu, 700 artilleriya qurğusu, 600 tank və 600 təyyarə toplamışdı. Dinc dövrün eston ordusu cəmi 16 min əsgər, 30 tank və 125 təyyarədən ibarət idi. Estoniya prezidenti Konstantin Pyats qarşılıqlı yardım haqqında müqaviləni imzalamağa məcbur oldu. Oktyabrın 18-də 21 minlik Qırmızı ordu kontingenti Estoniya ərazisinə daxil oldu.
Latviyaya 25 minlik sovet qoşunlarının yerləşdirilməsini nəzərdə tutan oxşar müqaviləni prezident Karlis Ulmanis 1939-cu il oktyabrın 5-də imzaladı. Beş gün sonra Litva da eyni yolu getdi və SSRİ əvvəlcə Polşanın nəzarətində olan Vilnüsü ona verdi. Litvada “müvəqqəti” sovet kontingenti 20 min nəfər təşkil etməli idi. 1939-cu ilin payızında bütün Litva ordusu 28 min idi.
Cəbhə xətti ilə İngiltərə və Fransadan ayrı düşən, Almaniya tərəfindən tərk edilən Baltik ölkələri sovet-alman paktından və Polşanın məğlubiyyətindən sonra suverenlikdən vaz keçməyə və sovet qoşunlarını öz torpaqlarına buraxmağa məcbur oldular. Stalin və Hitler paktının növbəti nəticəsi 1940-cı ilin iyununda, Fransanın məğlubiyyətindən sonra Kremlin Baltik ölkələrinə ultimatumlar verməsi, bu ölkələrə yeni sovet qoşunlarının yeridilməsi, dövlət çevrilişlərinin təşkil olunması və Baltik ölkələrinin siyasi sistemlərinin dəyişdirilərək tam işğal edilməsi oldu.
Litva prezidenti Antanas Smetona müqavimət göstərməyi təklif etsə də, hökumətin dəstəyini ala bilməyib, xaricə köçməyə məcbur oldu. Baltik ölkələrinin digər siyasi liderləri isə ilhaqa müqavimətin mümkünsüz saydılar. Sovetpərəst yerli hökumətlər qurulduqdan sonra onlar repressiyaya məruz qaldılar. Tarixçi Yelena Zubkova hesab edir ki, Baltik ölkələrində çevrilişlər “sovet emissarlarının nəzarəti altında “xalq inqilablarının” imitasiyasından başqa bir şey deyildi”.
Daha əlverişli strateji mövqedə olan Finlandiya Stalinin sərhədlərin dəyişdirilməsi və hərbi bazalar barədə ultimatumunu rədd etdi və sovet təcavüzünün qurbanı oldu. Həmçinin, Moskva Helsinkidə Otto Kuusinenin marionet hökumətini hakimiyyətə gətirməyə çalışdı. Sovet hücumundan sonra finlərin üç aylıq müqaviməti (30 noyabr 1939 – 12 mart 1940), Qırmızı ordunun ağır itkiləri, Britaniya və Fransanın finlərə birbaşa hərbi yardım planları Finlandiyaya müstəqilliyini qorumaq imkanı verdi. Nəticədə sərt sülh müqaviləsi bağlandı və Kareliya bərzəxi ilə Ladoqa gölü ətrafı itirildi.
Polşanın bir hissəsini işğal etdikdən sonra, 1940-cı ildə Baltik ölkələrini, ardınca da “Qış müharibəsi” nəticəsində Finlandiyanın bir hissəsini ələ keçirən SSRİ, Stalinin tərəfdarlarının fikrincə, 1941-ci ildə Almaniyaya qarşı müharibədə strateji üstünlük qazandı. Bu arqument inandırıcı görünürmü?
Nəzərə almaq lazımdır ki, həmin ərazilər 1941-ci ilin yayında vermaxt tərəfindən bir neçə həftəyə ələ keçirildi. Hazır olmayan, köhnə sərhəddəki müdafiə xəttinin hesabına qismən təmin edilən yeni istehkamlarda yerləşən Qırmızı ordu xeyli canlı qüvvə və texnika itirdi. 1941-ci ilin iyun–iyul aylarında məlum oldu ki, müharibədə əsas amil böyük ərazinin olması deyil, qoşunların döyüş qabiliyyəti və komandanların onları idarə etmə bacarığıdır. Bununla belə, ərazi ekspansiyasının faydası barədə mif müasir Rusiya ideologiyasının əsas dayaqlarından və kütləvi şüurun başlıca stereotiplərindən biridir.
1939-cu ilin yayında SSRİ-nin başqa cür hərəkət imkanı vardımı? Birinci variant: London və Parislə müdafiə müqaviləsi bağlamaqla Moskva, böyük ehtimalla, ümumiyyətlə dünya müharibəsinin başlamasının qarşısını alardı. 1939-cu ildə Hitler iki cəbhədə müharibə istəmirdi. Həmin il Almaniya SSRİ-yə birbaşa müharibə təhdidi yaratmırdı. Polşa isə təcavüzün qarşısında baryer idi. Varşava ilə hərbi konvensiya haqda razılaşma olmasa da, Moskva Polşanın qorunmasında maraqlı olmalı idi, nasistlər tərəfindən işğalında yox. Stalin isə fərqli düşünürdü.
İkinci variant: hücum etməmək paktını imzalamadan, Böyük Britaniya və Fransa ilə hərbi danışıqları davam etdirərək, SSRİ müharibənin başlanmasını təxirə sala bilərdi və tam hərəkət azadlığını saxlayardı. SSRİ-nin belə proqnozlaşdırılmaz mövqeyi Hitlerin Polşaya qarşı əməliyyat planını payız palçığından əvvəl həyata keçirməsini bloklayardı. Amma bunun üçün Stalin sülh arzulamalı idi, “imperialistlər” arasında müharibə yox.
Bir sıra sovet və rus tarixçiləri iddia edir ki, Stalin Hitler ilə razılaşma sayəsində Münhen hadisəsində Britaniya və Fransanın bütün etdiklərini təkrarlamaq istəyirdi: başqa dövlət hesabına sülh fasiləsi qazanmaq. Bu pauza əldə edildi, lakin ordunun və sənayenin modernləşdirilməsi üçün səmərəli istifadə olunduğu sual altındadır. Eyni zamanda, Almaniya ordusu da bu müddətdə yenidən silahlandı və xeyli döyüş təcrübəsi qazandı.
Münhen sazişinə əsasən Fransa və Britaniya özlərinə ərazi qoparmadılar. Stalin isə Almaniya ilə paktı imzalayan kimi dərhal Polşanın bölünməsi və müstəqilliyinin ləğvi, ardınca da Baltik ölkələrinin işğalı yolunu tutdu. Bu təcavüz aktları kütləvi sovet repressiyaları ilə, dəhşətli cinayətlərlə müşayiət olundu. Onların arasında 20 min polyak zabitin qətli ilə nəticələnən Katın qırğını , eləcə də ilhaq olunmuş ərazilərdən yüz minlərlə insanın sürgünə və həbs düşərgələrinə deportasiyası da var idi.
Pakt və onun gizli protokolları imzalandıqdan sonra baş verənlər Stalinin “imperialist” dövlətlər arasında konfliktə və qonşu ölkələr hesabına SSRİ-nin ərazisini artırmağa dərin maraq göstərdiyini ortaya qoyur. İstənilən halda, Avropada sülhün qorunması Stalin üçün prioritet deyildi. Bu isə 1941-ci il 22 iyun faciəsinə və nasist hücumunun milyonlarla qurbanına səbəb oldu.
Nasistlərin SSRİ-yə hücumundan sonra bütün alman-sovet müqavilələri qüvvəsini itirdi. Lakin bu, Almaniyada fotosurətləri tapılan gizli protokolların mövcudluğunu inkar edən kommunist rejimə tutulmuş əraziləri qorumağa və işğal olunmuş üç Baltik ölkəsini 1990-cı illərin başlanğıcına qədər saxlamağa mane olmadı.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: burda