“Ərəstun Cavadovu görən olsa, bizə də desin” – Seçici şikayəti
8-04-2015, 16:12
“İndiyə qədər nə az-nə çox, düz dörd dəfə bizi təmsil edən deputat Ərəstun Cavadova müraciət etsəm də, heç bir müraciətimə cavab verməyib. Təkcə mənim yox, ona müraciət edən bütün seçicilərin müraciətlərini cavabsız qoyur”.
Bu sözlər Editor.az-a 87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin seçicisi tərəfindən daxil olan şikayət məktubunda öz əksini tapıb.
Şikayətçi bildirir ki, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Ərəstun Cavadovu qoruyur və onunla bağlı şikayət edənləri şəxsən özü cəzalandırır:
“Bu səbəbdən məcburam ki, adımı gizli saxlayım. Əks halda biznesmen-deputat Ərəstun Cavadov və onun Ağsudakı hamisi, icra başçısı Ənvər Seyidəliyev tərəfindən təhdid olunacağıma, hətta həbs təhlükəsi ilə üzləşəcəyimə heç bir təminat yoxdur”.
Şikayətçinin sözlərinə görə, üç ildir ona halal yolla aldığı torpağında ev tikməyə icazə verilmir:
“Döymədiyimiz qapı, şikayət etmədiyimiz instansiya qalmayıb. Hamısından da eyni cavabı alırıq. “Torpaq almısan, ev tikmək istəyirsən, xeyirli olsun, 5 min ver, başla tikintiyə”. Başa düşmək olmur. Əgər mənim aldığım torpaq qanunidirsə, niyə mən icra başçısına xərac ödəməliyəm. Axırda məcbur qalıb bizi təmsil edən deputat Ərəstun Cavadova müraciət etdik. Dörd dəfə ardıcıl müraciətimə heç bir cavab verilmədi. O, rayonda özünə köməkçi təyin edib. Həmin köməkçi də Ərəstun Cavadovun rayondakı bizneslərini idarə etməklə məşğuldur. Seçkiöncəsi Ərəstun Cavadovun adamları gəlib bizdən ona səs verməyimizi xahiş edir, hətta yalvarırdılar. Seçki kampaniyası dövründə Ərəstun Cavadovun özü iki dəfə bizim seçki məntəqəsinin ərazisində görüş keçirib. Bizə saxta, yalançı vədlər verib, aradan çıxıb. O gündən bəri onu görən olmayıb. Ərəstun Cavadovu görən olsa, bizə də desin. Heç olmasa deputat kimi seçicilərinin olduğunu onun yadına salsınlar. Bu seçkidə ona səs verməyəcəyik. Amma hər yerdə deyirlər ki, məsələ həll olunub və Ərəstun Cavadov yenidən deputat seçiləcək”.
Editor.az məsələyə Ərəstun Cavadovun özündən münasibət öyrənməyə çalışsa da, deputat ona etdiyimiz zəngə cavab verməyib.