Paralelçilik, yoxsa daha effektiv həll ?!

10-06-2023, 11:14           
Paralelçilik, yoxsa daha effektiv həll ?!
Ötən gün RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi dövlət qurumları arasında elektron sənəd dövriyyəsinin təşkili ilə bağlı bir tədbir təşkil etmişdi.
Tədbirdə qurum adı çəkilən məsələ ilə bağlı bir təqdimat da etdi. Maraqlı və faydalı bir tədbir idi.
İRİA -nın təqdim etdiyi yeni model mahiyyətcə daha effektiv, daha çevik və maraqlı tərəflər üçün daha əlçatan olaraq görsənirdi.
Dövlət qurumları da buna xeyli maraq göstərirdilər.
Xatırladıram ki, bundan öncəki eGov komandası tərəfindən təklif edilən idarələrarası e-sənədləşmə modeli daha çox bir şirkətin həllinin üzərində qurulmanı nəzərdə tuturdu.
Qısası, əvvəllər qüsurlu bir yanaşma sərgilənirdi, məsələn, indi bütün dövlət qurumlarının mühasibat sistemi bir şirkətin həlli üzərində "oturub", həmin yanaşma da yuxarıda adı çəkilən məsələyə tətbiq edilməliydi.
İRİA isə dövlət qurumlarına tam müasir və effektiv bir model hazırlayıb. Bu sistemin vətəndaşlar və biznes üçün inteqrasiyası da nəzərdə tutulur.
Xatırladıram ki, bütün bu addımların Prezidentin "Dövlət orqanlarında daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında" 27 oktyabr 2018-ci il tarixli fərmanı əsasında həyata keçirilməsi nəzərdə tutulur.
Bu fərman əsasında 2020-ci il dekabrın 31-dək Elektron Hökumət İnformasiya Sistemi infrastrukturunda mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsi altsistemi yaradılmalıydı və mövcud idarələr arası sistemə inteqrasiya olunmalıydı. Bütün dövlət qurumlatın idarəetməsi də bu altsistemdən mərkəzləşmiş qaydada reallaşmalıydı.
Lakin indiyədək müəyyən işlər görülsə də, bunlar tam olaraq reallaşmayıb.
İndi eGov-a cavabdeh olan İRİA bunu reallaşdırmaq istəyir.
Amma ?
Amması odur ki, burada ciddi maraq toqquşması ortaya çıxıb.
Belə ki, idarələrarası e-sənəd dövriyyəsi ilə bağlı Prezidentin 4 sentyabr 2012-ci il tarixli fərmanı da var.
Hazırda, müəyyən qədər mühafizəkar, əlavə xərclər tələb edən sistem olsa da, bir çox dövlət qurumlarını əhatə edən, real olaraq işləyən belə bir infrastruktur var.
Bu sistemin sahibi Prezidentin Administrasiyası, operatoru isə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir.
Beləliklə, İRİA Prezidentin fərmanına əsaslanmaqla dövlət qurumları arasında daha çevik və effektiv bir e-sənəd dövriyyəsi sistemi qurmağı hədəfləyib.
Lakin, Prezidentin digər bir fərmanı ilə eyni mahiyyətdə, yəni, qurumlararası e-sənəd dövriyyəsini nəzərdə tutan , eyni zamanda bir çox dövlət qurumlarını əhatə etməyən bir sistem də hazırda mövcuddur.
Belə olan halda maraqlı sual ortaya çıxır, dövlət qurumları indi hansı seçimi etməlidir?
Büdcə vəsaitləri hansının istismarına, saxlanılmasına və yenilənməsinə yönəldilməlidir?
Yoxsa, hökumət, Prezident Administrasiyası hər iki e-sənəd dövriyyəsi sistemini saxlamaq niyyətindədir?
Görünən odir ki, bir çox hallarda dövlət sektorunda eyni mahiyyətli işlərin layihələndirilməsində, onların hüquqi əsaslarının yaradılmasında tələskınliyə, qeyri-dəqiqliyə yol verilir. Görünür ki, o zamanlar bu sənədlər qəbul ediləndə Administrasiyada bu işlərə nəzarət sahəsində diqqətdənkənar məqamlar olub.
Ümid edirəm Prezident Administrasiyası tez bir zamanda bu məsələlərə aydınlıq gətirəcək.
Xatırladıram ki, dövlət qurumları arasında effektiv elektron sənəd dövriyyəsinin qurulması, vətəndaşların və biznes sektorunun bu sistemdən istifadə imkanlarının yaradılması rəqəmsal transformasiya və rəqəmsal hökumət quruculuğu üçün mühüm əhəmiyyət kəsb edir.
Osman Gunduz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.