Siyasi Partiyalar və siyasi sistem – haradayıq, hara gedirik

11-09-2023, 08:04           
Siyasi Partiyalar və siyasi sistem –
Siyasi Partilar haqqında yeni qanunu çox və haqlı tənqid etmişik, bu gün də eyni mövqedəyik ki, yeni qanun siyasət haqqında deyil, sanki MMC, və ya kommersiya təşkilatları haqqında tənzimləmə qaydalarıdır. Siyasi partiyalar ideologiyadır, seçkilərdir, tərəfdaşdır, seçicidir – sadəcə, SSRİ keçmişimiz post-sovet məkanında quralan partiyaların “alqoritminə” təsir göstərdi. Rusiyanın baş naziri olmuş Çernomırdinin məşhur sözü var – “Post-sovet məkanında hansı partiya qurursuz-qurun, axırda kommunist partiyası alınır”.
Çünki, SSRİ-dən çıxmış ölkələr (Baltikyanı ölkələr xaric, onlar gec işğal olundular) 20-ci əsrdə siyasi partiyaların təkamül və ideoloji kimlik dövrünü görmədilər, iştirak etmədilər, təkpartiyalı sistem 70 il yaşadı, 2 nəsil bu diskursdan kənarda qaldı.
SSRİ dağılandan sonra yeganə işlək ideologiyaya bənzər tezislər ancaq millətçiliklə yarandı, etnik millətçilik dirçəldi, amma institutlaşmadı. Post-sovet məkanında klassik “sağ”, “sol”, “liberal”, “yaşıl” və s. siyasi cərəyanlar oturuşmadı deyə ideoloji partiyalar da formalaşmadı. Lider ətrafında “fanklublar” yarandı, adını “partiya” qoydular.
20-ci əsrin ideoloji diskursundan xəbərsiz qalan post-sovet məkanında 2000-ci illərin əvvəllərindən bəzi ideloji partiyalar formalaşmağa başladı, əsasən Gürcüstanda, Moldovada və Ukraynada belə cərəyanlar institutlaşmağa başladı və məhz bu ölkələrdə demokratik dəyişikliklərə qapı açıldı – bacardılar, ya yox, uğur qazandılar ya yox, mübahisə edilməli tezislərdir, amma danılmaz fakt budur ki, məhz ideoloji institutlaşmış partiyaların cücərtiləri yaranan kimi demokratik seçkilərə bənzər proseslər yarandı. Bu bir daha sübut edir ki, siyasi diskurs və institutlaşmış ideoloji partiyalar demokratik keçid üçün çox vacibdir.
İndi bizdə yeni qanun işə düşdü, 23 partiyanin qeydiyyatı yenidən təsdiqləndi, hələ zaman var, daha bir neçə partiya da təkrar qeydiyyatdan keçəcək. Yenidən sənədləri təsdiqlənmiş bütün partiyaları təbrik edirəm, amma çağırışım ondan ibarətdir ki, heç olmasa bundan sonra ideoloji kimlik formalaşdırmağa çalışaq.
Bizdə problem odur ki, YAP özü də klassik anlamda partiya, iqtidar partiyası deyil, iqtidarda təmsilçiləri olan partiyadır – bu fərqli anlayışlardır. YAP-ın siyasi xətti, ideoloji kimliyi, istiqaməti məchuldur. Yeri gələndə millətçi-türkçü olurlar, bəzən “sollaşırlar”, bəzən “sağa” dönüş edirlər, birdən “multikulturalist” donu geyinirlər, çox vaxt da hər vəziyyətə uyğunlaşıb sadəcə siyasi diskursu yola verirlər. Çox istərdim ki, yeni siyasi dönəmdə əsas siyasi rəqibimiz olan YAP-ın ideoloji kimliyini bilək, ona uyğun da alternativlər yaradaq.
İdeoloji kimliyin təməl daşı iqtisadiyyata baxışdır – bütün partiyaların iqtisadi təməlləri, fəlsəfəsi, duruşu olsun, tezisləri açıqlansın, bundan sonra da mədəni və elmi-siyasi diskurs yaransın. Bunun üçün partiyaların ideoloji xəttləri gizli və dəyişkən olmamalıdır, açıq müstəvidə əsas siyasi və iqtisadi tezisləri bilinən olmalıdır. Amma populizmdən kənar, politologiya elminə uyğun tezislərin olması vacibdir – məsələn, bir də görürsən ki, siyasi partiyanın lideri, və ya öndə olanlardan biri çıxıb deyir ki, bütün sosial müavinat, maaş və təqaüdləri 3-5 dəfə artırmaq lazımdır, elə həmin cümlənin ardınca bəyan edir ki, vergiləri və rüsumları da kəskin azaltmaq lazımdır. Bu populizmdir, içiboş söz yığınıdır, çünki belə olmur – ya vergiləri artırmaqla sosial proqramları çoxaldırsan, ya da vergi-gömrük xərclərini kəskin azaldaraq insanların özlərinə qazanc əldə edib dövlətə möhtac olmaqdan onları qurtarırsan.
Sonda 1-2 kəlmə də siyasi partiyaların yenidən qeydiyyata alınmasına bəzi reaksiyalar haqqında demək istərdim: REAL-ı qeydə alan gün və sabahı “balıq hafizdən” tutun da, “paytaxt sakini” trollara qədər eyni anda hücuma keçib söyməyə başladılar – yəni, bizə mesaj verirlər ki, baxın ha, hələ heç nə bitməyib. Amma olsun, boşuna 5 manata belələrinə sifariş verməsinlər, havayı xərcdir.
Elələri də oldu ki, şəhərin mərkəzində 2-3 mərtəbəli gözəl ofisdə oturub sivil toplumçuluqla, müstəqil mediaçılıqla məşğuldular, bütün bu prosesə “tamaşa” deyirlər, arqumentləri də odur ki, bu hakimiyyətin rızası olmadan heç kim qeydiyyatdan keçməzdi. Amma anlamırlar ki, elə bu arqument ən çox özlərini vurur – belə çıxır ki, hakimiyyətin rızası, dəstəyi və icazəsi ilə fəaliyyət göstərib “tamaşa” qurub rol alıblar, axı hakimiyyət istəsə onları 2 saata bağlayar, ofislərini əllərindən alar və s., bunları etmirsə, elə həmin adamların öz məntiqinə görə anlaşıb tamaşada kiçik rol alıb yaşayırlar.
Bir də xaricdə oturub “şir ağzı cıranlar” var – onlar da yenidən qeydiyyat məsələsinə müxtəlif don geyindirməyə çalışırlar, onların dediyi problem deyil, problem çaşdırdıqları adamlar, siyasi prosesə vurduqları zərbədir. Xaricdə oturub burada insanları aktivliyə, mitinqə, etiraza çağırmaq, ən azı, yumşaq desəm, səmimiyyətsizlik və məsuliyyətsizlikdir.
İki-üç nəfər də siyasətin “S”-dan xəbəri olmayan, özlərinə “siyasətçi” deyib həyatlarını mənasız hala gətirən bəzi siyasi partiya üzvləri də oldu ki, iki partiyanın qeydiyyatını “qələbə”, digərlərinin qeydiyyatını isə “anlaşma” kimi qələmə verdilər – doğrudur, hamı onları güldü-gülür, mənasız adamlardır, amma ürək bulandırırlar.
Nə isə, yola davam, qarşıdakı 2 ildə bizi 3 seçki, 1 referendum sürəci gözləyir, ölkədə sivil, mədəni siyasi dəyişiklikləri elə ölkədə yaşayanlar, vətəndaşlar, seçicilər, bir də ideoloji kimliyi olan siyasi partiyalar edəcək – kim başqa cür düşünürsə həm özünü, həm də sizi aldadır...
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.