Kürdəmirə getmək üçün Bakıdan yola düşdü, 8 ildir bir xəbər yoxdur – MÜƏMMALI OLAY
2-10-2024, 08:34
Şəmsəddin Əliyev: “Əgər qohumlardan onu kiminsə görməsi ehtimalları varsa, iş təzələnə bilər”
Kürdəmir rayonu, Bağman kənd sakini Cəbrayılov İlqar İsrayıl oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, qardaşı 2016-cı ildə naməlim şəxslər tərəfindən oğurlanıb, hələ də tapılmır:
“Mən, Cəbrayılov İlqar İsrayıl oğlu, yazaraq qardaşım Cəbrayılov Vüqar İsrayıl oğlu 1973-cü ildə Kürdəmir rayonun Bağman kəndində anadan olub. Ailəlidir, 3 uşağı var.
2016-cı ildə qardaşım maşınını satıb, təxminən 30-35 baş quzu aldı. O, bu quzuları kökəldib, Bakıda Elməddin adlı qəssaba satdı. Qəssab pulunu ödəməmişdi. Demişdi ki, gələrsən haqq-hesab edərik. Onun dediyinə görə, qardaşım qəssabdan pulunun böyük hissəsini alıb, müəyyən qədər borc qalıb.
2016-cı il, oktyabrın 13-də qardaşım Vüqar Cəbrayılov səhər tezdən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindən - bacımgilin evindən çıxaraq, qalıq pulunu almaq üçün qəssabın yanına gedib. Qəssab da deyib ki, hələ səhərdir, ət satmamışam, biraz gözlə, nə satsam pulunu sənə verərəm. Bu zaman qardaşım bildirib ki, mən rayona gedirəm, qalan pulu əmim oğlu Cəbrayılov Yaşar Eldar oğluna verərsən. Həmin vaxt əmim oğlu da qəssabxananın yanına gəlib. Vüqardan soruşub ki, hara gedirsən? Qardaşım da Kürdəmirə gedəcəyini bildirib. Deyib ki, getmə, sabah maşınla mən də rayona gedəcəm, birgə gedərik. Qardaşım isə deyib ki, işləri ilə əlaqədar rayona gözləyə bilməyəcək. Əlavə edib ki, Elməddində (qəssabda – müəl.) pulum var, gələndə o pulu da alarsan.
Nə qədər pul olub, onu bilmirəm. Qəssabın dediyinə görə, həmin vaxt qardaşıma zəng gəlib, o, çölə çıxıb. Sonra içəri keçərək, “mən gedirəm” deyib. Ondan sonra qardaşımdan xəbər yoxdur”.
Bu da həmin insanların silahlarını gətirib polis bölmələrinə verilməsində öz təsdiqini tapır” - Şəmsəddin Əliyev
Qeyd edək ki, məsələ ilə bağlı keçmiş polis rəisi, "Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyevlə söhbətləşərək, hadisənin mahiyyətini araşdırmağa çalışdıq:
“Bu şəxs 2016-cı ildən itkin düşüb. Əgər yaxınları, doğmaları xəbərsiz itkin düşməsi ilə bağlı şəkilli və yazılı şəkildə ərazi üzrə polis orqanlarına məlumat veriblərsə, təbii ki, həmin polis şöbəsində itkin düşmə ilə bağlı müvafiq iş açılır. Müəyyən müddətdən sonra onun axtarışı ilə bağlı işlər həyata keçirilir. Amma müəyyən müddət ərzində tapılmazsa, şəxsiyyəti ilə, harda olması ilə bağlı bir məlumat daxil olmazsa, bu halda onun itkin düşmüş hesab edilməsi və yaxud da onun ölmüş elan olunması ilə bağlı məhkəməyə edilən müraciətlərə baxa bilər. Əgər məhkəmənin vətəndaşın itkin düşməsi və yaxud ölmüş elan olunması ilə bağlı qərarı varsa, o, ölmüş və yaxud itkin düşmüş hesab olunur.
Keçmiş zamanlarda, yəni sovet dönəmində itkin düşmüş şəxs 6 ay müddətində doğmalarına hər hansı bir məlumat ötürə bilməzsə və onunla bağlı hər hansı məlumat yoxdursa, bu halda o, qətlə yetirilmiş kimi dəyərləndirilərdi. Onun haqqında qəsdən adam öldürmə kimi cinayət işi açılardı. Müəyyən istintaq aparılırdı. İstintaqın nəticəsi olmazsa, müəyyən müddətdən sonra işin istintaqı dayandırılar və hansı bir hərəkət edilməzdi. Amma yalnız və yalnız yeni açılmış hallara görə cinayət işi təzələnə bilərdi”.
Ş.Əliyev vurğulayır ki, Əgər həmin itkin düşmüş şəxsin yaxın adamları istinataqı aparan orqana - polis və ya prokurorluq orqanlarına məlumat verərlərsə ki, bu insanı filan yerdə görüblər - avtobusda, nəqliyyat vasitələrində və s. o halda həmin şəxslərin müraciəti əsasında işin istintaqı təzələnə bilər:
“2016-cı ildə bu günə işin üzərindən 8 il keçib. Böyük ehtimalla, belə qənaətə gəlmək olar ki, vətəndaş qətlə yetirilib. Qəsdən, yoxsa ehtiyatsızlıqdan, bunu ehtimal etmək çətindir. Burada çox fərziyələr işlətmək mümkündür. Amma bütün hallarda versiya söyləmək istəmirəm. Şübhəsiz, yəqin ki, ərazi üzrə cinayət istintaqı gedib. Fakt olaraq hazırda dayandırılıb. Biz istinatqın gedişinə müəyyən mənada maneə ola bilərik. Yəni o faktlar - ehtimallar ki var, onları məcrasından yayındıra bilərik. Düşünürəm ki, əgər doğurdan da qohumlardan onu kiminsə görməsi ehtimalları varsa, bununla bağlı müvafiq orqanlara şikayət etsələr, iş təzələnə bilər. Amma mənim ehtimalım belədir ki, əgər xəstəliyi, anlaqlı vəziyyətdə olmasına dair hər hansı şübhələr yoxdursa, deməli, bu adamı qətlə yetiriblər. Amma bütün hallarda bununla bağlı hər hansı məlumat varsa, işin istintaqı yenilənə bilər”.
Aynurə İSMAYIL
Redaksiyadan: Aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.