Zəngəzur dəhlizinin arxasında gedən oyunlar - İran-Rusiya-Ermənistan tandemi güclənir
1-10-2024, 18:56
Son zamanlar Rusiya-İran və İran-Ermənistan münasibətlərində maraqlı proseslər baş verir.
Sentyabrın 30-da Rusiyanın Baş naziri Mixail Mişustin İrana rəsmi səfər. Hər iki ölkənin KİV-lərinin məlumatına görə, Mixayil Mişuştin İranın bir sıra yüksək rütbəli rəsmiləri ilə görüşüb.
Bu gündə İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif Ermənistana səfərə gedib. İranın dövlət rəsmisi Baş nazir Nikol Paşinyanın dəvəti ilə Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin dövlət başçılarının görüşündə iştirak edəcək.
İran KİV-nin məlumatında qeyd olunur ki, M.Arif Avrasiya İqtisadi İttifaqının toplantısında çıxış etməklə yanaşı, iclasda iştirak edən ölkələrin bəzi baş nazirləri ilə də görüşəcək. Dünən Rusiya Baş naziri Tehrana, bu gün İranın birinci vitse- prezidentinin İrəvan səfəri hazırki proseslər fonunda maraqlı məqamlardan xəbər verir.
Bölgədə nə baş verir? Bu iki səfər arasında hansı bağlantılar ola və arxasında hansı gizli məqamlar dayana bilər?
Məsələ ilə bağlı politoloq Samir Hümbətov “Cebheinfo.az”–a şərhində qeyd edib ki, hər iki səfərin arxasında duran əsas məsələlərdən biri də Zəngəzur dəhlizi ola bilər:
“Hesab edirəm ki, həm Mixail Mişustinin İrana səfəri, həm də İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arifin Ermənistana səfəri regionda artan gərginlikdən xəbər verir.Qeyd edim ki, bir sıra dövlətlərin Ermənistanda maraqları var.
Xüsusilə region dövlətləri – Rusiya və İran Ermənistana daha çox diqqət göstərir. Moskva və Tehran hazırki Ermənistan hakimiyyətinin tutduğu mövqeyi birmənalı qarşılayır və bunu özlərinin regionda geosiyasi maraqlarına təhdid hesab edirlər.
Amma buna baxmayaraq, Moskva və Tehranın regionla bağlı bəzi məsələlərdə maraqları toqquşur. Moskva Zəngəzur dəhlizinin açılmasında maraqlı olmasına və bu məsələni gündəmə gətirməsinə baxmayaraq, Tehran bu dəhlizin açılmasına qarşı çıxır və bunu özünün təhlükəsizliyinə təhdid kimi görür”.
O bildirib ki, Mixail Mişustinin Tehrana səfərini dəhlizin açılması istiqamətində Rusiyanın İrana təzyiqi, Məhəmməd Rza Arifinin İrəvana səfərini isə dəhlizin açılmaması üçün təzyiq kimi dəyərləndirmək olar:
“Bu, ondan xəbər verir ki, regionda qeyri-stabil və həssas vəziyyət bir müddət davam edəcək”.