Aşıq Ələsgərin nəticəsi: "Qeyrəti olan adam televizoru öpməzdi?"
2-10-2024, 09:08
Aşıq Ələsgərin nəticəsi:
“Aşıq Ələsgərin heykəlinin açılışı uzun vaxtdır, gözlədiyimiz arzu idi. Nəhayət, qismət oldu. Ailə olaraq çox sevindirici anlar yaşayırıq. Bütün Aşıq Ələsgər sevənlər hamısı zəng edib bir-birini təbrik edirlər. Heykəllə bağlı sosial şəbəkələrdə müəyyən yazışmaların şahidi oldum. Tamamilə çox yanlış düşüncədədirlər. Tənqid edənlərə iradım budur ki, gedib heykəli yaxından görməyənə qədər fikir söyləmək mümkün deyil. Orada böyük bir kompazisiya var. Aşıq Ələsgərin yaradıcılığı, sözləri qayanın üzərində həkk olunub. Çox möhtəşəm obraz yaranıb. Bir alim kimi Aşıq Ələsgərin üz cizgiləri təsvir olunub. Heykəltaraş işə başlamazdan öncə məni çağırdı. Xeyli söhbət etdik, Aşıq Ələsgərin iç dünyası ilə maraqlandı. Başına gələn hadisələrdən, necə insan olmasından, xatirələrdən danışdım. Bunları eşidəndə heykəltaraş beynində obrazın canlandığını hiss etdirirdi. Beləliklə, çox gözəl bir əsər alındı...”
TEREF xəbər verir ki, bu sözləri Pravda.az-a müsahibəsində Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli deyib.
“Heykəldə Aşıq Ələsgərin sazı yuxarıda tutması barədə də fikirlər səsləndirirlər. Bu, elə bir məqamdır ki... Axı Aşıq Ələsgər təkcə aşıq olmayıb. Şeirlərində də deyir ki, həm aşığam, həm dərvişəm, həm dəli... O, sözünü sazla xalqa çatdırıb. Həmin dövrdə bir missiya daşıyıcısı olub, elə-belə sənətkar olmayıb. O, 16 şeir janrına toxunub, 7 qoşma qolu da əlavə edib, dilimizə zənginlik gətirib. Təhsil almayıb, bir növ Allah vergili insan olub. Hətta sazı əlində o cür tutması, baş barmağını aralaması artıq sufizmlə bağlı böyük fəlsəfədən xəbər verir. Aşıq Ələsgərin dini şeirlərini bilən adam başa düşür ki, o cür sazı tutmasında Ələsgər hansı prosesdədir. Bəziləri deyirlər ki, saz sinəsində olmalı idi. Sinəsində olanda dastan danışan aşıq olardı. Amma bu obrazda bir hayqırtı, çağırış var. Elə düşünməsinlər ki, sazı niyə belə tutub. Təkrar edirəm, heykəlin yanında baxandan sonra ona qiymət verə bilərlər. Çox gözəl heykəldir, hamımızın ailə olaraq ürəyimizcədir. Kənardan səslənən ürəkbulandırıcı sözlərə də ehtiyac yoxdur. İnanın ki, heykəl oturaq vəziyyətdə olsaydı da, mütləq nəsə bir şey yazacaqdılar. İstəməyən onsuz da nəsə yazır. Guya özlərini ürəkləri yanırmış kimi göstərirlər, amma belə deyil. Birinci gedib heykəli ziyarət edib görsünlər. Nöqsan varsa, mənə desinlər. Demək olar, çox vaxt orada oluram. Məni tapmaq elə də çətin deyil. Heykəldə nöqsan yoxdur. Sazı sol əlində, solaxay tutub, sadəcə, fotoda elə görünür. Necə var, elədir. Heykəlin üzərində illərdir, iş gedir. Axı bir gün içində başa gəlməyib. Müzakirələr nəticəsində ərsəyə gəlb. Nə qədər proseslər getdi. Qayanın üstündə dayanması, ümumi obraz - hər şey razılaşdırılmış işlərdir. Heykəltaraş birdən-birə heykəl düzəltmədi ki. Dövlət başçımız cənab İlham Əliyevə, heykəltaraşımıza, rəssamımıza bir daha dərin təşəkkürümüzü bildiririk. Bu, Aşıq Ələsgər irsinə, yaradıcılığına verilən dəyərdir”, - o bildirib.
Xətai Ələsgərli heykəlin açılış mərasimində Vətən müharibəsindən danışarkən Prezident İlham Əliyevə müraciətlə “Mən o vaxt sizi televizordan qucaqlamışdım” deməsinin də sosial şəbəkələrdə müzakirə olunmasına münasibət bildirib: “Tam səmimi deyirəm, insan olan şeyi deyəndə niyə buna biganə baxırlar? Bu, mənim içimdən gəldi. Həmin dövrdə qan tökülür, torpaq alınırdı. İllərdir, gözlədiyimiz zəfərə addımbaddım gedirdik. Sevincdən tanımadığımız insanlarla az qala küçədə bir-birimizi qucaqlayırdıq ki, bu torpağımız da alındı. O qədər mehribançılıq yaranmışdı. Həmin vaxt qeyrəti olan adam televizoru öpməzdi? Hətta mən hər torpağımız alınanda sevincimdən ağlamışam. Balam, gedin işinizlə məşğul olun. Adamda birinci o qan olmalıdır ki, həmin anları yaşaya bilsin. O yoxdursa, təəssüf edirəm”.