Naməlum şəxslər tərəfindən gecə saatlarında maşını qəsdən yandırıldı, şikayətinə baxılmır - İDDİA

2-10-2024, 00:13           
Naməlum şəxslər tərəfindən gecə saatlarında maşını qəsdən yandırıldı, şikayətinə baxılmır - İDDİA
Masallı rayonu, Qızılağac kənd sakini Həsənov Əlizaman Əlihəsən oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, maşını qəsdən yandırılsa da, müstəntiq onun işinə baxmır:

“Mən, Həsənov Əlizaman Əlihəsən oğlu, yazaraq bildirirəm ki, 2020- ci il yanvar ayının 4-də, saat 4:40 radələrində həyətimdə saxladığım, dəyəri 15 min manat olan “Mercedess” markalı maşınımın üzərinə benzin tökülərək, yandırılmışdır. DİN-in 102 qaynar xəttinə və polis bölməsinə şikayətimi dəfələrlə bildirmişəm. İlk gündən rayon polis şöbəsi bu işin üstünü açmaqda maraqlı olmadı.

Mənim çoxsaylı şikayətlərim və müraciətlərimdən sonra, nəhayət 2021-ci il oktyabr ayının 25-də maşını yandıranlar tapıldı. İki nəfər olduqları aşkarlandı. Tutulan şəxslərin telefonları bir adamın adına çıxdı. Hətta polis şöbəsində olarkən mənə bildirdilər ki, maşının yandırılmasının sifarişi Rusiyadan verilib. Həmin şəxsin əlaqə nömrəsi də bəllidir.

Bütün bunlara baxmayaraq, İstintaq idarəsinin rəisi Cahangir Hüseyinov 3 ildir ki, müraciətə baxmayaraq, müstəntiq təyin etmirdi. İyul ayında rəis müstəntiq ayrılması üçün tapşırıq verir. Rayon prokurorluğu tərəfindən də göstəriş verilir...

Bir müddət sonra İstintaq idarəsinin rəisi Cahangir Hüseynovun qəbuluna getdim. 1 saatlıq mübahisədən sonra işi Babək adlı müstəntiqə həvalə etdi. Həmin müstəntiq də 5 həftədir ki, işlə bağlı heç bir tədbir görmür. 5 həfdədir yollarda qalmışam. Sonradan məlum oldu ki, o, hələ heç sənədlərlə tanış olmayıb, qarşı tərəfi çağırıb maraqlanmayıb. Yəni müstəntiq işin açılmasında maraqlı olmaq əvəzinə, işi başından edir, sanki açılmağını istəmir.

Ən maraqlı məqam da budur ki, müstəntiq mənə məsələnin bağlanılması üçün 15 min manat təklif edir. Mənim üçün maraqlıdır ki, bir müstəntiq hansı səbəbə görə belə təklif etsin?

Mən sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan xahiş edirəm ki, məsələ ilə bağlı mənə kömək etsinlər”.

Qeyd edək ki, vətəndaşın müraciət ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə məlumat verilib.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.