Aşıq Ələsgər irsi yaddaşlara əbədi həkk olunub - İsrafil Kərimovun yazısı
1-10-2024, 09:16
Sentyabrın 30-da Bakıda ölkə mədəniyyətinin tarixinə yazılan növbəti
tədbir reallaşdı. Paytaxtın mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli
nümayəndəsi Aşıq Ələsgərin abidəsi açıldı. Abidənin açılış mərasimində
Prezident İlham Əliyev, tanınmış mədəniyyət xadimləri və ictimaiyyət
nümayəndələri iştirak ediblər.
Üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün Prezident
İlham Əliyev tərəfindən iki Sərəncam imzalanmışdı. 18 fevral 2021-ci il
tarixli Sərəncamla Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi qərara
alınmışdı. Sərəncamdan irəli gələrək, çoxəsrlik keçmişə malik aşıq sənəti
ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış,
xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər
xəzinəsinə misilsiz töhfələr bəxş etmiş Aşıq Ələsgərin anadan olmasının
200-cü ildönümü ölkəmizdə təntənəli şəkildə qeyd olundu.
Növbəti Sərəncamda isə Aşıq Ələsgərin abidəsinin ucaldılması qeyd
edilmişdi. Sərəncamın icrası ilə bağlı Xalq Rəssamı Natiq Əliyevin müəllifi
və Azərbaycan Rəssamlıq Akademiyasının baş müəllimi Malik Babayevin
memarı olduğu əzəmətli abidə hazırlanaraq Bakının mərkəzində ucaldıldı.
Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki
çıxşında tədbiri çox yüksək qiymətləndirərək qeyd edib ki: “Bakının
mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq
Ələsgərin abidəsi açılır. Bu, doğrudan da çox gözəl hadisədir.”
Dövlətimizin başçısı çıxışında Aşıq Ələsgərin ömür boyu Azərbaycanın
qədim torpağı olan Göyçə mahalında yaşadığını və yaratdığını bildirərək,
uzun ömür yaşadığını və ömrünün son illərində öz doğma torpaqlarını tərk
etməyə məcbur olduğunu diqqətə çatdırmışdır: "O vaxt onun 97 yaşı var
idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz
qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından -
Qərbi Azərbaycandan birinci deportasiyası idi. Əfsuslar olsun, ondan sonra
da bizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə
birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma
torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət,
gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma
onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə
baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış
və bir neçə ildən sonra orada vəfat etmişdir".
Aşıq Ələsgər öz əsərləri ilə Azərbaycanın zəngin bədii irsinə misilsiz
töhfələr bəxş edib. Azərbaycan milli bayramları və toylarının əvəzedilməz
iştirakçısı olan Aşıq Ələsgərin yaradıcılığı əlvan xüsusiyyətlərə, müxtəlif
mövzulara və süjet xəttinə malikdir. Aşıq Ələsgərin əsərləri dilinin sadəliyi,
nitqin zənginliyi, müxtəlifliyi, emosionallığı və özünəməxsus bədii tapıntıları
ilə seçilir.
Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin
mühüm mərhələsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində
qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun
hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar
hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə
mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi
ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba
torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən
dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq
Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.
Tarixin dönəmlərəinə nəzər salan Azərbaycan Prezidenti xalqımızın
XX əsrdə üç deportasiya dalğasına məruz qaldığını - 1918-ci ildə birinci,
1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində
üçüncü deportasiyanın baş verdiyini bildirib: "İki deportasiyadan müəyyən
müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış,
yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq
əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi
azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə
əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar
unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi
azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar".
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü