Rusiya, Çin və İran Birləşmiş Ştatları dünya liderliyindən sıxışdırıb çıxarır
2-10-2024, 09:44
Bu gün “Monro doktrinası” ölü sənədə çevrilir. Bu barədə Stiv Forbes (Malcolm Stevenson) “Forbes” üçün “Doktrinanın aqoniyalı ölümü” məqaləsində yazır. Stiv Forbes həftəlik “Forbes” nəşrinin baş redaktoru və “Forbes Inc”-in prezidenti və baş direktorudur. İki dəfə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd kimi irəli sürülüb. Və onun fikrinə inanmaq lazımdır.
Dünyanın ən nüfuzlu nəşrinin yaradıcısının oğlu və onun rəhbəri Stiv Forbes xəbərdarlıq edir: “Biz fəlakət yolundayıq. Çin, Rusiya və hətta İran Amerikada getdikcə daha cəsarətli addımlar atır”.
O, Bayden-Harris administrasiyasını iki əsrlik “Monro doktrinası”nı həyat dəstəyi rejiminə qoyduğuna görə amansızcasına tənqid edir və həyəcan təbili çalır: "Bu, təhlükəsizliyimiz üçün məşum hadisədir".
Yada salaq ki, 1823-cü ildə ABŞ Prezidenti Ceyms Monro Konqresə illik müraciətində Amerikanın xarici siyasətinin əsas prinsipini formalaşdırmışdı. O, digər gücləri Qərb yarımkürəsinin işlərinə qarışmaqdan çəkindirərək, siyasi və ya hərbi müdaxilənin ABŞ-a qarşı mümkün düşmənçilik aktı kimi qiymətləndiriləcəyini bildirib.
“Monro doktrinası”nın qəbul edilməsinin səbəbi bəzi Avropa güclərinin, xüsusən də İspaniya, Fransa və Rusiyanın Amerika qitəsinin bəzi hissələrini müstəmləkələşdirməyə və ya yenidən müstəmləkələşdirməyə çalışması ilə bağlı qorxu idi.
- İspaniya yeni müstəqil Meksikanı ələ keçirməyə cəhd etdi, buna Vaşinqton cavab verdi: "Unut".
- Amerikada vətəndaş müharibəsi zamanı Fransa Meksikada marionet rejim qurmaq üçün ona qoşun göndərmişdi. Müharibə bitəndə Fransa siqnal aldı: Meksikadan çıxın, əks halda... Fransa getdi.
- Rusiya 1867-ci ildə Alyaskanı ABŞ-a satarkən nəhayət dünyanın bu hissəsindəki ambisiyalarından əl çəkdi.
1962-ci ildə Moskva Kubada nüvə raketləri yerləşdirməyə cəhd edəndə ABŞ az qala Sovet İttifaqı ilə nüvə müharibəsinə başlamışdı. Kreml geri çəkildi.
Bu gün ABŞ-ın susqun razılığı ilə digər qeyri-demokratik dövlətləri ətrafında birləşdirən “Şər oxunun” avtoritar rejimləri – Çin, Rusiya, İran ardıcıl olaraq təkcə Avropa qitəsində deyil, həm də dünyanın müxtəlif ölkələrində öz təsirlərini müxtəlif yollarla genişləndirir. Onlar təkcə Qlobal Cənubda deyil, həm də əllərini Birləşmiş Ştatlar ətrafında olan yerlərə də uzadırlar.
İqtisadi genişlənmə yoluna qədəm qoyan Çin regionun zəngin resurslarına nəzarət etmək üçün amansızcasına şirkətləri və mədənləri satın alır, eyni zamanda limanlarına nəzarət edir və ya idarə edir. Çin artıq əksər Cənubi Amerika ölkələrinin ən böyük ticarət tərəfdaşına çevrilib. Pekinin ən böyük layihəsi Peruda tikdiyi nəhəng limandır. Məqsəd limanı regionun qlobal bazarlara, xüsusən də Asiya bazarlarına əsas qapısı, eləcə də Cənubi Amerikada satılacaq elektrik avtomobilləri kimi Çin mallarının giriş nöqtəsi etməkdir.
“Əlbəttə ki, liman asanlıqla Çin dəniz bazasına çevrilə bilər”, - deyə Stev Forbes xəbərdarlıq edir. O, Çinin bölgədə nəzarət etdiyi digər limanların Çin dəniz varlığının artmasına töhfə verəcəyini proqnozlaşdırır.
Aprel ayında Xarici Əlaqələr Komitəsinin üzvü, respublikaçı senator Cim Riş Çinin gördüyü digər hərəkətlərə işarə etdi: “Çin Cənubi Amerikada torpaq alır, orada mühüm hərbi obyektlər tikir və sonra torpaqların yerləşdiyi ölkənin hökuməti üçün qadağan olduğunu elan edir. O, qonşularımızı məlumat və kibertəhlükəsizlik risklərinə məruz qoyan telekommunikasiya şəbəkələri, eləcə də Argentina, Boliviya və digər ölkələrdə hərbi nəzarətdə olan kiber və kosmik obyektlər şəbəkəsi yaradıb. Çinin Kubadakı hərbi kəşfiyyat məntəqələri ABŞ sahillərindən 100 mildən az məsafədədir”.
Çin şirkətləri diplomatik təsir əldə etmək üçün Latın Amerikası hökumətləri ilə sıx əlaqələr qurmağa can atır. Məsələn, Braziliya sadəcə olaraq əvvəllər “Twitter” olan X-i ölkə daxilində açıq şəkildə blokladı.
Rusiya Çindən fərqli olaraq daha sərt hərəkət edir - o, bölgəyə hərbi texnika, hərbi məsləhətçilər və təlimatçılar, hətta məhdud hərbi kontingent göndərir, orada çevrilişlər edir, yaxud mövcud hökumətlərə rüşvət verir. Nümunə olaraq, Nikaraquaya hərbi texnika və şəxsi heyətin, Venesuelaya isə raket sistemlərinin göndərilməsini götürək.
Fevralın sonunda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətini yada salaq ki, o, əvvəlcə Azadlıq adasına, sonra isə Nikaraqua paytaxtına enib. Yeri gəlmişkən, burada çoxtərəfli danışıqlar təkcə nikaraqualı həmkarları ilə deyil, həmçinin Venesuela, Kuba və bir sıra digər Latın Amerikası ölkələrinin təhlükəsizlik blokunun yüksək səviyyəli nümayəndələri ilə aparılıb. Rusiya nümayəndə heyətinin tərkibi öz sözünü deyir - Rusiya Prezidenti Administrasiyası, Xarici İşlər Nazirliyi, FSB, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Xarici Kəşfiyyat Xidməti, Fövqəladə Hallar Nazirliyi, Rosfinmonitorinq və digər şöbələr.
Bundan əlavə, Rusiya təbliğat və dezinformasiyadan geniş istifadə edir və bununla da ictimai rəyi öz xeyrinə formalaşdırır.
Stiv Forbesə istinad edək - iddia edir ki, İran agentləri Amerika regionu da daxil olmaqla avtoritar rejimlərə fəal kömək edir. Amma gəlin etiraf edək ki, İran terror strukturlarına - HƏMAS, “Hizbullah”, Husilər, Suriyadakı qruplar və Əsəd rejiminə hərbi-siyasi və maliyyə dəstəyi verməklə, əsasən Yaxın Şərqdə ABŞ üçün daha çox problemlər yaradır. Ukraynada isə Rusiya ordusuna pilotsuz təyyarələr və raketlər verir.
Ümumiyyətlə, “Şər Oxu”nun bu üç əsas ölkəsi ABŞ-ı dünya liderliyindən sıxışdırmağa çalışır və Bayden-Harris administrasiyası “Monro doktrinası”ndan imtina etməklə onların işini asanlaşdırır.
Forbes yazır ki, ən parlaq nümunə Venesuela diktatoru Nikolas Maduronun Rusiya, Çin və İranın dəstəyi ilə bu yaxınlarda taxta çıxması olub: “Mən hələ Venesuela təhlükəsizlik xidmətlərini idarə edən Kuba agentlərini demirəm. ABŞ-ın buna çox zəif cavabı var”.
Nüvə bombası istisna olmaqla, şəhər və kəndlərin, infrastrukturun dağıdılması ilə dinc əhaliyə qarşı ən ölümcül silahlardan istifadə etməklə Ukraynaya hücum etdikdən sonra ABŞ-ın Rusiyaya qarşı siyasi iqtidarsızlığını demirəm. Avropada böyük müharibənin başlamasından düz iki il yeddi ay keçməsinə baxmayaraq, ABŞ-ın hələ də işğalçıya qarşı dəqiq fəaliyyət planı yoxdur.
Ukraynadan bütün nüvə silahı arsenalını götürərək, təhlükəsizliyini təmin etmək vədinə cavab olaraq Rusiyaya təhvil verən amerikalı siyasətçilər hələ də Ukrayna ordusuna Rusiya ordusuna eyni cür cavab verməyə - Rusiya ərazisinə zərbə endirməyə imkan vermirlər. BMT Baş Assambleyasının açılışının ilk günündə və müharibənin 31 ayı tamam olduğu gündə vəzifəsində son günlərini yaşayan Co Bayden yenə ukraynalılara dəstək vəd etsə də, Amerika silahları ilə Rusiyanın strateji hərbi hədəflərini məhv etməyə icazə vermədi.
Bəs bundan sonra ABŞ necə dünya lideri olaraq qala bilər?
Müəllif: Mira Həsənova
ayna.az