“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
Dünən, 00:01
Lent.az-ın müsahibi müğənni Məcid Şamiloğludur
- Məcid bəy, öncə istərdim özünüz haqqında oxucularımıza məlumat verəsiniz.
- Gəncəliyəm. İlk ali təhsili ailəmin istəyi ilə Cəncədə ekologiya üzrə almışam. Musiqiyə yönəlməyimi istəmirdilər. Amma uşaqlıqdan musiqiyə, ədəbiyyata böyük həvəsim olub. 4 şeir kitabının müəllifiyəm. 1999-cu ildə Gəncə Dram teatrında “Yaralı ruhun nəğməsi” adlı dram əsərimi səhnələşdirmişdilər, Pedoqoji Universitetdə yaradıcılıq gecəm keçirilmişdi. Zaman keçdikcə içimdəki sənət xiffəti məni Bakıya gətirdi. Əvvəllər yazar kimi dövlət kanallarına dəvət edirdilər. Bakıya gəldikdən sonra qısa bir müddət İrəvan teatrında, sonra Şuşa Musiqili Dram Teatrında işlədim, müxtəlif səpkili rollar yaratdım. Musiqili Teatrda səsin olmadan oxuya bilməzsən, mikrofonsuz səsin 500 nəfərlik auditoriyaya yayılmalıdır. Yəni bəziləri kimi səhnəyə “astanovkadan” yox, elə mədəniyyətdən, səhnədən gəlmişəm. Sonra 2004-cü ildə Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsini qırmızı diplomla bitirdim. Rejissorluğu seçdim, çünki bu sənət özündə bir çox şeyləri ehtiva edir, daha əhatəlidir. Müəllimlərim mənim qalıb müəllim kimi işləməyimi istəyirdilər. Hətta Vaqif Gərayzadə deyirdi ki, biz auditoriyaya Məcidə görə giririk, çünki başqa oxuyan yox idi. Sonra musiqi təhsilimi də tamamladım, özəl müəllimlər tutdum. Əsas istedaddır, səsdir, o olmadan mümkün deyil, quyuya su tökməklə olmaz.
- İndi populyar olmaq, tanınmaq 20 il öncəkindən qat-qat asandır. Səsi olan da oxuyur, olmayan da...
- Elə əldəqayırma müğənnilərin mahnıları bir iki dəfə səsləndikdən sonra unudulur. Trendə saldırırlar özlərini müxtəlif yollarla, bunun da şahidi olmuşam. Populyarlaşmaq çox asandı, amma zirvədə qalmaq, gerçək izləyici sevgisini qazanmaq çox çətindir. Savadlı musiqini ən bisavad dinləyici də xoşlayır.
- Bir ara sizin haqqınızda da maqazin proqramlarında danışarkən rəqibləriniz “aşpaz” demişdilər. Niyə?
- Həyatımın ən böyük səhvlərindən biri, bu günə qədər də özümü bağışlaya bilmədiyim bir məqamla bağlıdır bu. Bəlkə də başqa yolum yox idi, o addımı atdım, heç bir halda bunu özümə bağışlamıram. Kifayət qədər tanınmış, vokal aktyor olduğum halda daha azına razılaşdım. ATV kanalından “Süfrəmiz” verilişinə bölgədən gələn sənət adamı kimi qonaq qismində getdim. Bir həftə sonra həmin kanal məni layihə rəhbəri kimi işə dəvət etdi. Özüm də çaşdım qaldım. Layihə rəhbəri oldum və yaradıcılıq qaldı kənarda. Mən o zaman maddi imkanlara görə buna məcburdum.Yəni süfrə verilişinə görə bu ifadəni işlədiblər. Həmin ərəfədə atamı itirmişdim, teatrdan çıxmışdım, anam xəstə idi, onu da itirmək qorxusu yaşayırdım. Hər ikisini bir ilin içində itirdim. İşləmək lazım idi.
- Tək övlad idiniz?
- Yox, 6 bacı-qardaşıq. Amma bu evin işığı o biri evə düşmür (hüznlənir). Hamı sağ olsun öz evində. İnsan özü üçün nəsə eləməsə, başqası ona edən deyil. Bu səbəblə həmin kanalda işləməyə məcbur oldum. Layihə bitdiyi ərəfədə “Space” kanalında “Günaydın” verilişinə redaktor kimi dəvət aldım. Bax, bunları həyatımın səhvi adlandırıram.
- Siz Azərbaycanda kazino mədəniyyətinin yaradıcısı sayılırsınız. İstərdim bu barədə də danışaq...
- Arzum var idi ki, Türkiyənin klassik kazino-səhnə mədəniyyətini bizdə də yaradım. Yəni, Zeki Mürenin, Bülent Ersoyun gənclik illərinin keçdiyi o kazinolar kimi. Bu məkanların öz dress kodu olur, çox mədəni bir mühitdən söhbət gedir. Bir restoran tapdım, oranı sıfırdan yaratdım. Sağlamlığım da getdi, gəncliyim də. 8 il orda fəaliyyət göstərdim. İstədiyimi yaratdım. Amma kazinonun idarəçiliyi həm mənim, həm də başqa insanın əlində idi. Mən buranı mədəni sənət mühiti kimi saxlamağı düşünürdüm, o qazanc əldə etməyi fikirləşirdi. Açığı, puldan başqa da arzuları vardı. Mənim təqdim etdiyim tərəfdən gələn gəlir hətta daha çox idi, amma o buranı bir əxlaqsızlıq yuvasına çevirməyə çalışırdı. Mən daha hörmətli, daha namuslu, daha mədəni mühit arzusundaydım, o isə... Ağanın malı gedir, nökərin canı. Məni 8 il ciddi rejimli ağır cəzaçəkmə müəssisəsində saxladı. Heç yerə getməyə qoymadı. Gələn təklifləri də hədə-qorxu ilə geri qaytarırdı.
- Müqavilə bağlamışdınız?
-Yox.
- Niyə bu istismara razı olurdunuz?
- Dostluğumdan istifadə etdi. Həm sirdaş, həm dost, həm rəhbər idi. Bu gün dörd böyük məkan var ki, onlar mənim adımı vermək, mənim rəhbərliyim altında çalışmaq istəyirlər. Yaxın günlərdə adımı daşıyacaq məkanın açılışı olacaq, orada mən öz janrımı nümayiş etdirəcəm. Məcid Şamiloğlu adını sevənlər gələcəklər. Düzünü desəm, adım üstündə rəqabət var. Birinə iki il öncə söz vermişdim, alınmırdı, bir başqası daha tez tərpəndi, ona görə zənglərini açmağa bir az hətta utanıram. Türkiyədən, Kərkükdən, İsraildən xüsusi qonaqlar məni dinləmək üçün gəlirlər. Kərkükə getsəm, yəqin fəxri ad verərlər mənə?
- Bəs niyə getmirsiniz?
- Səhhətim yol vermir. Təyyarə qorxum var. Əvvəllər uçmağı sevirdim, indi panik atak yaşaranır məndə. 3 il bundan qabaq bacım uşağının xeyir işinə getmişdim. Təyyarədə halım dəyişdi, hətta trapın qabağına təcili yardım maşını gətirdilər. Dedilər ağır nevroz yaşamısan.
- Nədən qalıb bu travma?
- Nələr yaşamamışam ki, böyük itkilərim oldu. Anamı-atamı bir ilin içində itirdim. Çox ağır yaşadım bu itkini. Valideynlərimə çox bağlıydım.
- Ailəlisiniz?
- Ailəliydim. 2000-ci ildə onu da itirdim. Xanımım 9 aylıq hamiləydi, övladım da, o da həlak oldu. Heç bir dərd unudulmur sadəcə bir az köhnəlir.
- İkinci dəfə həyatınıza kimisə almadınız?
- Yox. Ala bilmədim (gözləri dolur). Bildiyiniz bunlardır, bilmədiyiniz çox yaram var.
- Sanki bir xəyanət, kürəyinizə bir bıçaq yarası almısınız. Belə hiss etdirirsiniz?
- “Keçmişim film kimi gözümün önündən keçir” deyimini indi dərk edirəm. Dərdli deyingən olar. Elə şeylər var ki, bağışlaya bilmirəm. 2013-cü ildə anam ölümündən öncə Gəncədəki mülkümüzü mənim adıma keçirmişdi. Sonradan xəbər tutdum ki, həmin evi böyük qardaşım keçirib öz adına. Halbuki imkanları var, Moskvada yaşayır, ticarətlə məşğuldur, 20 belə ev ala bilərdi. Anama da çox çəkdirdi.
- İndi necədir dolanışığınız?
- Min şükür qazanım qaynayır. Yuxarı baxıb fikir etmirəm aşağı baxıb şükür edirəm.
- Müğənni kimi fəaliyyətə başlayanda sizə kimsə dəstək oldu?
- Qətiyyən yox. Əksinə, qabağımı kəsənlər, yolumu bağlayanlar oldu. Məşhur müğənni olub ki, işlədiyim məkanın rəhbərinə deyib, o bu məkana gəlsə venamı kəsib sizi zibilə salacam. Axirət dünyasında əlim yaxasında olacaq. Sənətçidən sənətçiyə dost olmaz. Harda görünüb bu? Allah rəhmət eləsin Cavanşir Məmmədova, məclisdə, efirdə söz düşəndə haqqımda xoş sözlər deyib.
- Ürəyində sizə qarşı qurdu olanlarla necə mübarizə aparmısınız?
- Heç nə. Keçi ölməyincə qoturu sağalmaz. Qozbeli heç qəbir də düzəltmir.
- Sizin ifanızda əsasən türk muğənnilərinin mahnılarını eşidirik...
- Şəxsi mahnım yoxdur. Bülent Ersoyun səsinə lap gəncliyimdən heyran olmuşdum, səsini sevirdim, üzünü görməmişdim. Çox sonralar onları tanıdım. Bəhrələndim, amma özümü oxşatmadım. İzlə gedənin izi olmaz. Çoxları onun eqosunu götürüb, ona bənzədir özünü. Bülent psixopat adamdı. Güllələdilər, bir böyrəyini çıxardılar, cinsini dəyişdi, Zeki Müren gününü qara eləmişdi, psixə çevrildi. Nəyinə oxşadırsınız özünüzü? Türk mahnıları ilə bağlı bir dəfə efirdə başıma maraqlı hadisə gəlib. Aparıcı sual verdi ki, ən sevdiyiniz mahnının adnı çəkə bilərsiniz? Dedim “Zorundamıyım?”. O da təəccübləndi, dedi yox, demirsiniz deməyin. Dedim mahnının adıdı zorundamıyım. Eyni hadisə bu mahnının müəllifi Dilbər Ayın da başına gəlmişdi. Mən türkcə danışmıram, mahnı oxuyuram, axı elə kobud cavab verməzdim.
- Ulduzların bir çoxu qəsdən səhnəyə gec çıxır. Buna necədir münasibətiniz?
- Bir yerə gecikəndə dəhşətli dərəcədə pis oluram. Ayıb kimi gəlir mənə. Çıxış etdiyim məkanda səhnəyə gec çıxan ulduzu görəndə mikrofonu alıb əlimə, üzünə deyirəm ki, bu xəstəlikdir, Maştağada tanış həkimim var, göndərim səni? Ümumiyyətlə heç kimin arxasınca danışmaram, kimin nəyi var üzünə deyirəm. İnsanlar pul verib, bilet alıb, nə ixtiyarın var gecikməyə. Dalınca danışmıram, üzünə deyib evdə də rahat yatıram. Mən belələrinə müğənni demirəm, “zad” deyirəm.
- Düşməniniz çox olar bu gedişlə.
- Heç dostum var ki? (gülür)
- Səhnə geyimləriniz çox maraqlıdır.
- Hə bunları xüsusi hazırladıram. Dizayner özüməm. Hətta bir dəfə xarici ölkədə bir kostyumu bəyənmişdim, ondan ötrü bilet alıb, gedib alıb qayıtdım.