Saz - söz dünyasının ustadı - Aşıq Ələsgər
1-10-2024, 12:47
Azərbaycan aşıq poeziyasının böyük sənətkarlarından biri, qüdrətli söz ustadı Aşıq Ələsgər zəngin irsi ilə Azərbaycan, ümumən türk şeirinə misilsiz töhfələr vermiş el sənətkarıdır. Onun yaradıcılığı bir həyat çeşməsidir, çağlayan bulaqdır. Xalqın milli düşüncəsinə, ruhuna yaxın yaradan aşıq milyonlarla insanın dillər əzbəri olan şeirlərin müəllifi kimi şöhrətləndi. Aşıq Ələskər yaradıcılığı söz dünyasında dəst-xətti, fərdi üslubu ilə seçilmiş və yeni çalarları ilə aşıq yaradıcılığında yeni bir mərhələ yaratmışdır. Aşıq poeziyasını həyati müşahidələrlə zənginləşdirərək, həm məzmun, həm də forma rəngarəngliyi ilə seçilən - dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və s. bu kimi şeir növləri ilə aradıcılıq irsinə rəngarənglik bəxş etmiş və ustad aşıq olduğunu təsdiqləmişdir.
El sənətkarı dövrünün bir sıra görkəmli aşıqlardan dərs almış, özündən sonra gələn aşıqlara qüvvətli təsir göstərmişdir. Demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə müraciət etmiş və Azərbaycan ədəbiyyatında böyük iz buraxmışdır. Belə sənətkarlara dövlətimiz tərəfindən böyük diqqət göstərilir. Onların yaradıcılığına böyük qiymət verilir, yubiley tədbirləri keçirilir. Bu, Azərbaycan milli mədəniyyətinə, sənətinə olan diqqətdən qaynaqlanır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında 18 fevral 2021-ci il tarixində Sərəncam imzalamışdır. Sərəncamdan irəli gələrək, çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümü ölkəmizdə təntənəli şəkildə qeyd olundu.
Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ustad sənətkarın abidəsinin ucaldılması məqsədi ilə Sərəncam imzalamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər.
Dövlətimizin başçısı çıxışında Aşıq Ələsgərin ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşadığını və yaratdığını bildirərək, uzun ömür yaşadığını və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olduğunu diqqətə çatdırmışdır: "O vaxt onun 97 yaşı var idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birinci deportasiyası idi. Əfsuslar olsun, ondan sonra da bizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir".
Aşıq Ələsgər öz əsərləri ilə Azərbaycanın zəngin bədii irsinə misilsiz töhfələr bəxş edib. Azərbaycan milli bayramları və toylarının əvəzedilməz iştirakçısı olan Aşıq Ələsgərin yaradıcılığı əlvan xüsusiyyətlərə, müxtəlif mövzulara və süjet xəttinə malikdir. Aşıq Ələsgərin əsərləri dilinin sadəliyi, nitqin zənginliyi, müxtəlifliyi, emosionallığı və özünəməxsus bədii tapıntıları ilə seçilir.
Onun yaradıcılığında gənc nəslin əxlaqi-tərbiyəvi və vətənpərvər ruhda böyüməsi üçün yazdığı şeirlər-ustadnamələr də xüsusilə təqdirəlayiqdir. Aşıq Ələsgərin zəngin poetik irsi aşıqlar üçün əsl sənətkarlıq məktəbi olub.
Dünya elm, mədəniyyət, incəsənət xəzinəsinə böyük töhfələr vermiş Azərbaycan övladlarının yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi və xatirələrinin əbədiləşdirilməsi Azərbaycanımızda gözəl ənənəyə çevrilib. Bu ənənənin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Vurğulamaq yerinə düşər ki, Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır. "Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları onun abidəsini dağıtmışdılar. Necə ki, indi biz hamımız bunu görürük. Qarabağda, Şərqi Zəngəzurda bizim tarixi abidələrimiz, görkəmli şəxsiyyətlərin abidələri, məscidlərimiz, saraylarımız, qəbiristanlıqlarımız erməni vandalları tərəfindən dağıdılmışdı. Bu praktika yeni deyil, əsrlər boyu bütün dünyanın gözü qarşısında bizə qarşı bu ədalətsizlik, bu vəhşilik törədilirdi", - deyə Prezident bildirib.
: Tarixin dönəmlərəinə nəzər salan Azərbaycan Prezidenti xalqımızın XX əsrdə üç deportasiya dalğasına məruz qaldığını - 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiyanın baş verdiyini bildirib: "İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar".
"Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi. Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar", - deyə Prezident bildirib.
Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik".
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor