ABŞ rəsmisi: İranın hücumu dəf edilib, qiymətləndirmə davam edir

2-10-2024, 08:19           
ABŞ rəsmisi: İranın hücumu dəf edilib, qiymətləndirmə davam edir
ABŞ Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan mətbuat brfinqində bildirib ki, belə görünür ki, İranın hücumu “dəf edilib və qeyri-effektiv olub”.

Sallivann sözlərinə görə ABŞ və İsrail ordusu hələ də hücumun nəticələrini qiymətləndirməkdədir və bu prosesin erkən mərhələsini yaşayır. O, mövcud situasiyanı “dəyişkən” adlandırıb.

Birləşmiş Ştatlar regionda olan vətəndaşlarına mümkün hücumlar barədə xəbərdarlıqlar etsə də, Sallivan mülki şəxslərin evakuasiya prosesinin işə salınmadığını bildirib və hazırda belə bir məramın olmadığını deyib.

ABŞ Prezidenti Co Bayden və Vitse Prezident Kamala Harris Ağ Evin Situasiya Otağında yüksək rütbəli təhlükəsizlik rəsmiləri ilə bir araya gəliblər.

Ağ Evin açıqlamasına əsasən, liderlər ABŞ-ın İsrailə bu hücumlardan özünü müdafiə etməsi üçün yardımlar və regiondakı ABŞ qüvvələrinin qorunmasına hazırlıq statusunu nəzərdən keçirib.

Birləşmiş Ştatlar İranın İsrailə hücumuna cavab olaraq atılan 200 raketdən bəzilərini vurmaq üçün atəş açıb.

Pentaqonun açıqlamasına görə, raketlərə hədəflənmiş atəş Aralıq Dənizinin şərqində mövqe tutan USS Cole və USS Bulkley gəmilərindən atılıb.

Sözçü General-Mayor Pat Rayder İsraildə "minimum ziyan" qeydə alındığını bildirib.

Hücum barədə Amerika qabaqcadan məlumatlandırılmayıb və amerikalı hərbi heyət arasında təlafat yoxdur, deyə o bildirib.

İranın İsrailə yüzdən çox raket atması ilə İsrail və İranın proksi qüvvələri arasındakı qarşıdurma yeni eskalasiya nöqtəsinə çatıb. Səmada çox sayda raketlərin görünməsi ilə İsrailin hər yerində hava hücumu sirenləri səslənib.

İsrail hərbçiləri hücumun axşam saat 7:30 radələrində başlandığını və hücumda 180-dən çox raketin istifadə olunduğunu bildirib.

İsrail Baş Naziri Benyamin Netanyahu xalqa müraciətində bildirib ki, İran “böyük səhvə yol verib” və onun ölkəsinə hücum etdiyinə görə bədəl ödəyəcək.

“Bu gecə İran yenidən İsrailə yüzlərlə raketlə hücum edib. Bu hücum iflasa uğrayıb. Dünyanın ən mükəmməl sistemlərindən olan İsrailin havadan müdafiə sistemi sayəsində bunun qarşısı alınıb,” Netanyahu bildirib və İsrail Müdafiə Qüvvələrini uğurlu müdafiə tədbirlərinə görə təbrik edib.

İranın dövlət xəbər agentliyi olan İRNA Teleqram kanalında hücumların videosunu paylaşıb. O, həmçinin İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) bəyanatını paylaşıb. Həmin bəyanatda İranın İsrailin təhlükəsizlik və kəşfiyyat orqanlarını hədəf aldığı bildirilir.

Son hücumun HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi və Livanda Hizbullah və SEPAH konmandirlərinin öldürülməsinə cavab olduğu bildirilir.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.