Türk tarixində geopolitik qırılmalar və ya fay xətləri – ARAŞDIRMA – I YAZI
2-10-2024, 00:12
Niyə Türk dünyasının, yəni Turanın geopolitik qırılması Azərbaycanda baş verdi?
Giriş
Böyük Avrasiya tarix boyu Türk boylarının yaşadıqları, öz hakimiyyətlərini qurmaq uğrunda mücadilə verdikləri məkan olub. Bu məkanda zaman-zaman iskitlər, hunlar, göytürklər, oğuzlar, karluklar, uyğurlar, avarlar, xəzərlər, peçeneklər, qıpçaqlar (kumanlar/polovetslər), bulqarlar, tatarlar və b. türk boyları qısa və uzun müddət yaşayan dövlətlər qurub. Qurulan dövlətlərin çox zaman bir-biri ilə savaş halında olmalarına baxmayaraq, məkan, Şərqi Türküstandan Balkanlara qədər dizaynsız da olsa, etnoqrafik baxımdan bir bütün olub. Monqol-tatarlar, ardınca isə Əmir Teymur fəthləri, ondan sonra da rusların tarix səhnəsinə çıxması ilə Turan adlanan tarixi məkan siyasi-geopolitik baxımdan tam dizayn edildi və Avrasiya adlandırılmağa başladı.
Necə oldu ki, XVI yüzilin başlarında çox qısa vaxt ərzində bu bütünlük pozuldu, Balkanlar və Anadolu ilə Türküstan (Şərqi Türküstan daxil) arasında, bu gün də tam bərpa oluna bilməyən tarixi əlaqələr qırıldı, həm də bu əlaqələrin qırıldıgı yer Turan (sonralar Avrasiya) adlanan məkanın tən ortası - açarı və körpüsü sayılan Azərbaycan oldu? Niyə Türk dünyasının, yəni Turanın geopolitik qırılması Azərbaycanda baş verdi? Bu bir təsadüf idimi, yoxsa qırılma yeri Türk dünyası, konkret olaraq Azərbaycanın coğrafiyası, geopolitikası dərindən incələnərək düşünülmüş şəkildə seçilmişdi?
Bu bağlamda Azərbaycanın geopolitikasına qısaca nəzər salmaqda fayda var. Azərbaycan adlanan geopolitik məkan Türk dünyasının, yəni Turanın tən ortasında yerləşir. Bu strateji məkanın bir tərəfi Anadolu və uzantısı Balkanlar, digər tərəfi isə Türküstan və onun uzantısı olan Doğu Türküstandır. Yeri gəlmişkən, hər iki tərəf sünni müsəlmanlardır. Ortada yerləşən Azərbaycan hazırda Qafqazda 1918-ci ildə qurulan Azərbaycan Cümhuriyyətini, İranda şərqdə Qəzvini, cənubda Kəngər (Fars körfəzi) körfəzini içinə alan, qərbdə İraq sınırlarına qədər uzanan əraziləri, şimal-qərbdə Şərqi Anadolunu əhatə edir. Əhalinin mütləq əksəriyyəti məzhəbcə şiədir. Çağdaş Azərbaycan Respublikası zaman-zaman burada qurulmuş Albanlar, Səlcuqlular, Atabəylər, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar kimi böyük Türk dövlətlərinin varisidir. Bu dövlətlərin mövcudluğu dövründə Azərbaycan coğrafiyasının bütövlüyü pozulmamış, “Cənub” və “Şimal” anlayışları mövcud olmamışdır. Azərbaycanla bağlı bu anlayışlar ilk dəfə 1813-cü ildə bölgə ruslar tərəfindən işğal edildikdən, yəni Qacarlar imperiyası bölündükdən, bölgənin bütövlüyü pozulduqdan sonra yaranıb və parçalanmış xalq başqa-başqa ölkə vətəndaşları kimi bir-biri ilə əlaqələr qurmağa məcbur olub.
1923-cü ildə Qacar xanədanının hakimiyyətinə son verilməsi və ingilislərin dəstəyi ilə Pəhləvilərin iqtidara gətirilməsindən sonra İran adlanan yeni dövlətdə (1935-ci ildə İran şahının Millətlər Cəmiyyətinə müraciətindən sonra dövlətin adı dəyişdirilərək İran adlandırıldı) türklərin təməl haqları tədricən əllərindən alındı. 1979-cu ildə qurulan İran İslam Respublikası isə məzhəbçilik zəminində-şiəlik zehniyyəti ilə şüurları qarışdıraraq, böyük bir xalqı assimilyasiya etmək siyasətini yeni, həm də daha acımasız şəkildə davam etdirməyə başladı.
Təəssüf ki, mövzunun araşdırılması səviyyəsi yox dərəcəsində aşağıdır. Çünki məzhəbçilik məsələsi çox həssas bir məsələ olduğuna görə sosial elmlər sahəsində araşdırma aparan mütəxəssislər, eyni zamanda siyasətçilər və media təmsilçiləri bu mövzudan uzaq durmağa çalışmışlar. Nəticədə məzhəbçilik və onun təsir etdiyi sahələrin araşdırılmasında xeyli qaranlıq məsələlər qalmışdır. Başqa sözlə, elmi cəsarət göstərilmədiyindən ümumi tariximizin mühüm problemi olan geopolitik qırılma məkanları və zamanları, bu qırılmaların səbəbləri, doğurduğu acı sonuclar öyrənilməmişdir. Mövzu ilə bağlı araşdırılmalara cəhd göstərildiyində az saylı təşəbbüslərə dirəniş göstərilmiş, araşdırmaçılar isə bir qayda olaraq “məzhəb zəminində qarşıdurma yaradanlar”, “Şah İsmayıl Xətainin düşmənləri” kimi standart klişelərlə suçlanmışdır.
Qısa bir ümumiləşdirmə aparsaq, araşdırmanın əsas məqsədi dünya türklərinin tarixindəki geosiyasi qırılmaları, bu qırılmaların yerini və səbəblərini, onların hansı problemlərə yol açdığını öyrənməkdir. Bunun üçün:
- “Tərəfdaşlıqdan Doğan Mübarizə” qavramına aydınlıq gətirmək və bu qavramın yeni bir nəzəriyyə olması iddiasının legitimliyini sübut etməyə çalışmaq;
- Türk tarixində geosiyasi qırılmanın nə olduğunu, bu qırılmanın harada, niyə və nə vaxt baş verdiyini öyrənmək;
- Türklərin yaşadıqları coğrafiyada ideoloji bağlamda baş verən geopolitik qırılmadan sonra yaranmış fiziki geopolitik qırılmaların səbəb və nəticələrini araşdırmaq;
- Nəhayət, türk dünyası ilə yanaşı, Azərbaycanın da geopolitik qırılmalar nəticəsində iki yerə bölünməsi və parçalanmış tərəflərin ciddi çətinliklərlə üzləşməsi, Azərbaycanın cənubunda türklərin dillərini, varlıqlarını itirmə təhlükəsi ilə üz-üzə qalması gerçəkliklərini açiqlığa qovuşdurmaq kimi elmi vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur.
“Tərəfdaşlıqdan Doğan Mübarizə”
Geopolitik qırılmanı tam anlamaq üçün “Tərəfdaşlıqdan Doğan Mübarizə” nəzəriyyəsinə aydınlıq gətirməkdə fayda var. Lakin ilk dəfə təqdim edilən bu yeni nəzəriyyənin nə olduğuna aydınlıq gətirməzdən əvvəl beynəlxalq münasibətlər sahəsindəki nəzəriyyələrdən biri olan “İttifaqların Yaranması Nəzəriyyəsi”nə (Theory of Alliance Formation) diqqət yetirmək tələb olunur.
Stephen M. Walt, Glenn H. Snyder, Robert Jervis, Kenneth N. Waltz kimi beynəlxalq münasibətlər sahəsinin nəzəriyyəçiləri beynəlxalq münasibətlərdə ittifaqların formalaşması və güc dinamikası ilə bağlı mühüm araşdırmalar aparıblar.
Bu nəzəriyyə dövlətlərin ümumi maraqlarını qorumaq və ya ümumi düşmənlərə qarşı əməkdaşlıq etmək üçün bir araya gələrək ittifaqlar qurmasının səbəblərini və dinamikasını izah etməyə çalışır. Nəzəriyyə dövlətləri rəqabət, təhlükəsizlik qayğıları, iqtisadi imkanlar və ideoloji oxşarlıqlar kimi müxtəlif amillərin motivasiya etdiyini, bu amillərin ittifaqların formalaşmasına təsir göstərdiyini, dövlətlər arasında ittifaqların mürəkkəbliyini və çoxsaylı amilləri əhatə edən bir proses olduğunu vurğulayır.
"İttifaqların Formalaşması Nəzəriyyəsi" aşağıdakı əsas elementləri özündə ehtiva edə bilər:
Təhlükəsizlik Ehtiyacı: Dövlətlər xarici təhdidlərə qarşı ittifaqlar yarada bilərlər. Bu təhdidlər çox vaxt digər dövlətlərin aqressiv münasibətlərindən qaynaqlana bilər.
Maraqların Ortaqlığı: Dövlətlər ümumi maraqları olan digər dövlətlərlə bir araya gələrək, ittifaqlar yarada bilərlər. İqtisadi, siyasi və ya hərbi maraqlar bu kateqoriyaya aid edilə bilər.
Balanslaşdırma və Qarşı Balanslaşdırma: Bir dövlət güc balansını qorumaq və ya rəqib dövlətin yüksəlişinə qarşı çıxmaq üçün digər dövlətlərlə ittifaqlar yarada bilər.
Diplomatik və Strateji Məqsədlər: Dövlətlər müəyyən regionda öz effektivliyini artırmaq, səlahiyyətlərini balanslaşdırmaq və ya beynəlxalq məsələlərdə müəyyən mövqe tutmaq üçün ittifaqlar yarada bilərlər.
"Tərəfdaşlıqdan Doğan Mübarizə" nəzəriyyəsi isə yetərincə fərqlidir. Bu nəzəriyyə, A. Toynbee'nin “Meydan Oxuma və Təpki” və S. Huntingtonun “Mədəniyyətlər Çatışması” görüşlərinə yaxın, ancaq eyni zamanda onlardan da yetərincə fərqlidir.
Tarix bizə deyir ki, xalqlar arasında qanlı müharibələr daha çox ümumi məqsədlər, ortaq nəsnələr uğrunda gedən müharibələr olmuşdur. İnsanlar ortaq hesab etdikləri nəsnələrə görə daha çox qan tökürlər və biz gələcəkdə də belə səhnələri görməkdə davam edəcəyik.
Ortaq nəsnələr - iki və ya daha çox etnik qrupun bir nəsnənin, ərazinin, torpaq sahəsinin ancaq özlərinə aid olduğunu düşündükləri və iddia etdikləri nəsnələrdir. Tarixdə bunun çoxlu örnəkləri var.
Müasir Rusiyanın Avrasiyaçılıq nəzəriyyəsi bu örnəklərdən biridir. Bu nəzəriyyəyə görə, XIII əsrdən başlayaraq, tatarlar Böyük Çöl və Ötükən ormanlarını birləşdirərək, bütün Avrasiyada hökmranlıq etdilər.
Təxminən 300 il ərzində Avrasiya deyilən bu yerdə, L. Gumilyovun ifadəsilə yeni, daha "tutkulu" (passionar) bir superetnos meydana gəldi. Bu superetnos, tatarlar və slavyanların sintezindən törəyən və "rus" adı verilən yeni (mələz) bir meyvə idi. Bu tarixdən etibarən ruslar özlərini "Çingiz xan və Əmir Teymurun mirasçıları", Avrasiyanın əsl sahibləri olaraq görməyə başladılar. Yəni, tatarlarla rusların bugünkü Rusiyaya iddialarında tarixi ortaqlıq var və uzunmüddətli yaxınlaşmaya baxmayaraq, bu ortaqlığın gələcəkdə sona çatacağı da şübhə doğurmamalıdır.
Əmir Teymur müsəlman xalqları və coğrafiyaları bir bayraq altında toplayarkən ortaqlıq duyğuları ilə hərəkət etmiş və bu düşüncə ilə xristian xalqlarına hücum etməmişdir. Çünki onlarla öz xalqı arasında ortaqlıq görmürdü.
Başqa bir nümunə Qüdsə qarşı müxtəlif iddialardır. Tarixə nəzər salsanız, burada da çoxlu ortaq nöqtələr görərsiniz. Bu çeşidli iddialar nəticəsində, region həmişə münaqişə bölgəsi olub və əgər Qüds Vatikan kimi müstəqil teokratik dövlətə çevrilməsə, münaqişələr davam edəcək.
Eyni fikri erməni iddialarına da aid etmək olar. Ermənilər daim türklərin torpaqlarına, mətbəxinə, musiqisinə iddialı olublar. Təəccüblüdür ki, onlar iddialarında səmimi görünür və dediklərinə inanırlar. Çünki erməni iddialarında qəribə bir həqiqət payı var. Azərbaycanın da tarixi torpaqlarına, mətbəxinə, musiqisinə iddia edən ermənilər Dədə Qorquddakı Qıpçaq Məlik və Şöklü Məliyin nəvələridir. İslam dini Qafqaza gəldikdən sonra xristianlaşan qıpçaqların bir qismi yeni dini qəbul etməmiş, onu qəbul edən qan qardaşlarını satqın və xain kimi görmüşlər (Gürcüstanda da bənzər proseslər getdi). Bu zamandan etibarən bölgədəki qıpçaqlar xristian olaraq qaldılar və Kilikiyadan gələn həvari ermənilərin (hayların) ciddi ideoloji təsiri nəticəsində zaman-zaman dillərini itirərək, erməniləşdilər, lakin soyadlarını dəyişmədilər. Bugünkü türk soyadlı ermənilər həmən qıpçaqların törəmələridir. Onlar Dağlıq Qarabağ iddiasından əl çəkməyən, hətta türklərə daha çox nifrət edənlərdir. Diqqət etsəniz, görərsiniz ki, erməniləşdirilmiş qıpçaqlar türklərə qarşı həvari ermənilərdən daha qəddar və barışmazdırlar. R.Köçəryanı və Z.Balayanı (qıpçaq soyludurlar) L.Ter-Petrosyan və onun siyasi görüşləri ilə formalaşan N.Paşinyanla (Kilikiyadan gələn haylardır) müqayisə edin. Birincilər qəddardırlar və heç güzəştə getməyə meylli deyillər, digərləri barışığa meylidirlər. Səbəb sadədir - birincilərin türklərlə tarixi ortaqlıqları var və müharibələrin baş verməsində bu ortaqlığın təsiri böyükdür. Lakin bu fakt çoxdan unudulub, erməni zehniyyəti isə davam edir. Əslində qıpçaq soyadlı ermənilər qıpçaq olduqlarını anlasalar və qəbul etsələr, Azərbaycan və Türkiyə ilə Ermənistan arasında heç bir problem olmaz. Bu zümrə məhz özlərini erməni zənn etdikləri üçün inadkar və bölücüdür.
Təbii ki, birinci və ikinci dünya müharibələrinin Elzas və Lotaringiyaya görə başladığını unutmaq olmaz. Müharibədən sonra bu tərəfdaşlıq mübarizəsini tərəfdaşlıq yarışına çevirən Avropa Birliyinin indiki sülh modelinin bölgəni nə qədər irəli aparacağını zaman göstərəcək. Tərəfdaşlıqdan Doğan Mübarizə nəzəriyyəsinin əsas prinsipindən yola çıxsaq, deyə bilərik ki, Elzas və Lotaringiya gələcəkdə gözlənilmədən yenidən böhran mənbəyinə çevrilə bilər. Unutmaq olmaz ki, bu, ilk növbədə, bir torpaq parçasıdır, həm də çox vacib bir torpaq parçasıdır, almanlar onun itkisini heç vaxt qəbul edə bilməzlər. Alman qəlbinin dərinliklərindəki "Raum" (alan, sahə), "Lebensraum" (yaşam alanı), "Raumsin" (alan duygusu) bu torpaqları itirməyi sindirə bilməz.
Nəhayət, qayıdaq mövzumuza - bugünkü İran coğrafiyasında mövcud olan məzhəbçiliyə. Səfəvilər İran coğrafiyasının ortaq xüsusiyyətlərini zorla başqa ölçüyə daşıdılar. Daha doğrusu, tarixi, dini ortaqlığı dar qəlibə-məzhəb ortaqlığına yerləşdirməyə və müsəlman türklərin bir hissəsini dünya türklərinin böyük ailəsindən ayırmağa nail oldular.
Şah İsmayılın yazdığı şeirlərdə, təhsil aldığı məktəbdə və böyüdüyü mühitdə səltənət dövrünün əvvəlindən İran coğrafiyası ilə ortaqlıq, Osmanlı sultanlığı ilə ayrılıq düşüncəsinin mövcud olduğu görünür. Aşağıdakı şeirə diqqət yetirək:
"Şah əzəldən bəri bizim sultanımızdır,
Pirimiz, mürşidimiz, xanımızdır”
Bildiyimiz kimi şahlıq Əhəmənilərdən gələn siyasi gələnəkdir, idarəçilik şəklidir və türklərin tarixində heç zaman olmayıb. Səfəvilər dönəmində şahlıq türk tarixi idarəçilik şəkli olan sultanlığa qarşı ideologiyaya bənzəyən bir məsələyə dönüşdü.
Yaşadıqları coğrafiyada azlıq təşkil edən və ümumiyyətlə, ikinci dərəcəli bir millət olan şovinist farslar dilinə, ruhuna və ümumiyyətlə, varlığına heç bir təzyiq, təhlükə görmədikləri üçün şahlığı və şiəlik ideologiyasını sevdilər. Araşdırmalar göstərir ki, farslar Səfəvilər sülaləsinin hakimiyyətinə Sasanilərin hakimiyyətinin davamı kimi baxmışlar; ona görə də onlar Səfəvilərin, xüsusən də Şah İsmayılın qarşısında deyil, yanında durdular. Farslar Səfəvilər dövründə siyasi güc baxımından ikinci yerdə olsalar da, mədəniyyət (dil hakimiyyəti) baxımından birinci güc idilər.
Bir qədər irəli gedərək onu da qeyd edək ki, Səfəvi siyasi-ideoloji modeli, Anqlo-sakson dizaynı və Fransanın yaxından praktik dəstəyi nəticəsində 1979-cu ildə İran İslam İnqilabı ilə yenidən bərpa edildi. Bu dəfə artıq bayraq farsların əlində idi. Bugünkü İran İslam Respublikası (İRİ) modeli Səfəvi modelinin bir başqa versiyasıdır, əsas fərq ondan ibarətdir ki, indi mədəni güclə yanaşı siyasi-ideoloji güc də farsların əlindədir. İranda İslam inqilabının Qərb tərəfindən dəstəklənməsinin əsas səbəbi 1500-cü illərin əvvəllərində baş vermiş geosiyasi qırılmanın canlandırılması və qırılan fay xətlərinin yenidən aktiv hala gətirilməsi idi.
(Davamı olacaq)
Xaləddin İbrahimli
pressklub