Rusiyanın Xankəndiyə yardım göndərməsi Ağdam-Xankəndi və Laçın-Xankəndi yolunun eyni vaxtda açılması "təklifi ilə qarışdırılmamalıdır", Hikmət Hacıyev

11-09-2023, 00:13           
Rusiyanın Xankəndiyə yardım göndərməsi Ağdam-Xankəndi və Laçın-Xankəndi yolunun eyni vaxtda açılması "təklifi ilə qarışdırılmamalıdır", Hikmət Hacıyev
Rusiya Qızıl Xaç Komitəsinin Ağdam-Əsgəran yolu ilə Xankəndiyə aparacağı yardımla bağlı razılaşma BQXK-nin yardımı üçün "Ağdam-Xankəndi və Laçın-Xankəndi yolunun eyni vaxtda “açılması təklifi ilə qarışdırılmamalıdır, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev X (Twitter) hesabında yazıb.

Bundan əvvəl, separatçı Dağlıq Qarabağ Respublikası rəhbərliyinin yaydığı bəyanatda bildirilmişdi ki, Rusiyanın yardımı “Ağdam yolu ilə çatdırılacaq və eyni zamanda Laçın dəhlizi ilə humanitar tranzitin bərpasına dair razılıq əldə olunub”, Armenpress yazıb.

Bəyanatda vurğulanıb ki, “DQR” Rusiya mallarının Əsgəran şəhəri vasitəsilə bölgəyə daxil olmasına “icazə vermək qərarına” gəlib.

ABŞ rəsmiləri Azərbaycanı Laçın dəhlizi ilə Ağdam-Xankəndi yolunu eyni vaxtda açmağa çağırmış, rəsmi Bakı buna müsbət cavab vermişdi.
Rusiya Qarabağda yaşayan ermənilərin “ərzağa olan ehtiyacını qarşılamaq məqsədi ilə” şənbə günü içərisində “ərzaq və qeyri-ərzaq” məhsullarının olduğu deyilən yük avtomobili göndərib, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev BBC Azərbaycancaya bildirmişdi.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev şənbə günü X (Twitter) hesabında bildirib ki, sabah Rusiyanın təşəbbüsü ilə Rusiya Qızıl Xaç Komitəsinin ərzaq yükü Ağdam-Əskəran yolu ilə Xankəndiyə gedəcək:

“Amma bu, ayrı razılaşmadır. Beynəlxalq Qızıl Xaç Komitəsinin [ərzaq yardımının] çatdırılması üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılması təklifi ilə qarışdırılmamalıdır. Belə ki, Azərbaycan Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılmasının təmin edilməsinə “xoş niyyətlə” razılaşmışdı, amma qanunsuz rejim bundan imtina etmişdi”.

Hikmət Hacıyev əlavə edib ki, bununla belə, Laçın keçid-buraxılış məntəqəsində Azərbaycanın gömrük və sərhəd rejiminə əməl olunmalıdır.

Qarabağda yaşayan ermənilər bir neçə aydır ki, "Laçın yolunun bağlı olmasına görə" ərzaq çatışmazlığı ilə üzləşdiklərini bildirirlər. Rəsmi Bakı Laçın yolunun bağlı olmadığını bəyan edib və humanitar məqsədlər üçün Ağdam-Xankəndi yolunu təklif edib.
BBC












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.