Bağlanan banklarda həm əmanət, həm maaş kartı risk altındadır... - "Pulunu uzadırsan, kartını aparır"

3-11-2023, 00:05           
Bağlanan banklarda həm əmanət, həm maaş kartı risk altındadır... -
“Muğan Bank” ölkənin 2023-cü ildə fəaliyyətini dayandıran ikinci bankı oldu. Hələ yazda “Günay Bank”ın ofis qapılarına qıfıl vurulmuşdu. Düşünmək olardı ki, daha heç bir maliyyə təşkilatı bu taleyi yaşamayacaq. Çünki son 9 ildə bağlanan bankların sayı 20-yə çatmışdı. Amma ilk baxışdan işlərinin pis getməməsi təəssüratı yaradan “Muğan Bank”ın daha fəaliyyət göstərməyəcəyi üzə çıxdı. Halbuki, bank yüzmilyonlarla kredit paylamışdı.
TEREF.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, bağlanan bankın əmanətçiləri çox çətin duruma qalıb. Fiziki şəxslərin burada azı 76 milyon manatı bata bilər. Əmanətlərin daha böyük hissəsi sığortalanıbmış. Amma 76 milyon manatın havada qalması şübhəsizdir. Böyük ehtimalla əmanətçilər həmin pulun üzünü görməyəcəklər.

Qanunvericiliyə görə, fiziki şəxslərin qorunan əmanəti üzrə kompensasiya məbləği 100 min manatdır. Yəni banka daha çox pul həvalə etmək risklidir. Eyni zamanda əmanətlərin illik faiz dərəcəsi də manatla qoyulan vəsait üçün 12 faizi keçməməlidir. Əks halda, Əmanətlərin Sığortalanması Fondu məsuliyyəti üzərinə götürməyəcək.

İndi əmanətlərlə bağlı vəziyyət necədir?
Durum heç də yaxşı deyil. Əmanətçilər çox narahatdır. Onlar “Muğan Bank”ın bağlanmış ofisləri qarşısında toplaşırlar. Mərkəzi Banka zənglər bir-birini əvəz edir. Əslində, bu mərhələdən sonra pulları Əmanətlərin Sığortalanması Fondu qaytarmalıdır. Fond əmanətçilərə bir az səbirli olmağı tövsiyə edir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov hesab edir ki, narahatlığa əsas yoxdur. Yəni sığortalanmış vəsaitlərin sahibləri pulunu ala biləcək. O, noyabrın sonundan prosesə başlanacağını bildirir.

İndi sadəcə “Muğan Bank”ın əmanətçiləri narahat deyil. Bankın bir sıra müştəriləri də çətin vəziyyətdə qalıb. Burada əməkhaqqı kartı olanlar da problemlə üzləşib. Bir ayın məvacibi havada qalıb. Vüqar Bayramov bunun da problem olmadığını deyir. Deputat, həmin şəxslərin tezliklə maaşını ala biləcəyini düşünür.

Görün ki, bir bankın bağlanması necə problemlər ortaya çıxır. Əhalinin milyonları batır. Camaat bir ay işləyib sonra məvacibini aylarla gözləməli olur. Tutaq ki, Əmanətlərin Sığortalanması Fondu nə vaxtsa pulları geri qaytardı. Amma bankın müştərisi bu qədər stres yaşamamalıdır axı. Son nəticədə əhalinin banklara etibarı sarsılır. Son 9 ildə bu maliyyə təşkilatlarının az qala yarısı bağlanıb. Belə görünür ki, hələ çox bank bağlanacaq. Artıq indidən adlar səslənir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.