Tramp: Neftin daha 10 dollar ucuzlaşması Rusiyanı müharibəni bitirməyə vadar edəcək
Bu gün, 08:24

ABŞ prezidenti Donald Tramp deyib ki, neftin qiymətinin daha da düşməsi Rusiyanı Ukraynaya qarşı müharibəni dayandırmağa vadar edə bilər.
"Enerjidaşıyıcıların qiymətləri kifayət qədər düşərsə, Putin insanları öldürməyi dayandıracaq. Enerjidaşıyıcılar bir barel üçün daha 10 dollar ucuzlaşarsa, onun başqa seçimi qalmayacaq, çünki onun iqtisadiyyatı çox pis vəziyyətdədir", - Tramp "CNBC News"un efirində bildirib.
Avqustun 5-də Londonun ICE birjasında "Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti bir barel üçün 68 dollardan aşağı düşüb. Bu, son bir həftədə ən aşağı göstəricidir. Qiymətlərin enməsi OPEC+-un sentyabrda hasilatı artırmaq qərarı ilə bağlıdır.
'Reuters': Putinin Trampın ultimatumuna tabe olmaq niyyəti yoxdur
Trampın Rusiyadan atəşkəs tələb etdiyi ultimatumunun müddəti avqustun 8-də başa çatır. ABŞ prezidenti əvvəllər xəbərdarlıq etmişdi ki, tələblər yerinə yetirilməsə, Vaşinqton Moskvaya yeni sanksiyalar qoyacaq.
"Reuters"in məlumatına görə, Vladimir Putin Trampın tələblərinə birbaşa cavab verməsə də, Vaşinqtonla münasibətlərin pisləşməsi risklərini dərk edir, lakin hərbi məqsədləri prioritet sayır.
Kremlə yaxın mənbələrdən birinin sözlərinə görə, Putin ABŞ ilə münasibətlərin korlanmasından narahatdır. O, hələ də Rusiyanın Qərblə ticari-iqtisadi əlaqələrinin bərpasına ümid edir. Lakin cəbhədəki hücumu və Ukraynaya təzyiqi nəzərə alaraq, Kreml düşünür ki, indi müharibəni bitirməyin vaxtı deyil. O da vurğulanır ki, qarşıya qoyulan məqsədlərə nail olmadan münaqişə dayandırılarsa, Rusiya ordusu və ictimaiyyəti başa düşməyəcək.
Analitik və " Rusiyanın qayıdışı" kitabının müəllifi Ceyms Rocers hesab edir ki, Putin siyasi irsini Ukraynadakı müharibə ilə əlaqələndirir. Onun sözlərinə görə, Rusiya lideri özünü "ölkə maraqlarının müdafiəsi üçün Qərblə qarşıdurma ənənəsinin davamçısı" kimi görür.
Putin Trampla münasibətlərə böyük önəm versə də, onun prioriteti qələbə olaraq qalır. "O, sadəcə olaraq, Trampın tələb etdiyi üçün müharibəni bitirə bilməz", - Kremlə yaxın ikinci mənbə deyib.
Rusiya Ukrayna ilə uzunmüddətli sülh sazişi bağlamağa hazır olduğunu bildirir, lakin tərəflərin mövqelərinin əsaslı şəkildə fərqləndiyini etiraf edir. Ötən həftə Putin danışıqları "müsbət" adlandırıb. Moskvanın tələbləri arasında Rusiyanın özününkü elan etdiyi dörd vilayətin yerdə qalan hissəsindən Ukrayna ordusunun çıxarılması, Ukraynanın neytral statusu və onun silahlı qüvvələrinin ixtisarı daxildir. Kiyev bu şərtləri qəti şəkildə rədd edir.
Xatırlatma
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. 11 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu.
2022-ci ildə prezident V.Putin Ukraynanın dörd vilayətinin (Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu haqqında konstitusiya qanununu imzalayıb.
Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Luqansk vilayəti tam, Donetsk, Zaporojye və Xerson vilayətlərinin isə çox hissəsi işğal altındadır.