Rusiyanın 129 kiçik şəhəri yox ola bilər
Bu gün, 17:38

10 il ərzində əhalisi 314 min nəfər azalan Rusiyanın 129 kiçik şəhəri yox olmaq riski altındadır...
Poliqon xəbər verir ki, bu barədə İzvestiya qəzeti RANEPA-nın araşdırmasına istinadən məlumat yayıb.
Bu şəhərlərdə ümumilikdə 3,4 milyon insan yaşayır. Mümkün yoxa çıxmanın əsas səbəbləri əhalinin sayının, məşğulluğun, kiçik və orta biznesin sayının azalmasıdır.
Tədqiqat qeyd edir ki, əhalinin sayında ən çox azalma şimal kömür, metallurgiya və ağac sənayesi şəhərlərində, eləcə də depressiyaya məruz qalmış bölgələrin periferik şəhərlərində baş verib.
"Kiçik şəhərlərin "sıxılması" prosesi bir neçə nəslin həyatı boyu baş verə bilər, lakin bu proseslər heç də həmişə geri dönməz olmur", deyə Rusiya Prezident Akademiyasının inkişaf iqtisadiyyatı üzrə tədqiqatlar laboratoriyasının rəhbəri Stepan Zemtsov bildirib.
Onun sözlərinə görə, yeni iqtisadi stimulların meydana çıxması ilə şəhər itirilmiş funksiyalarını bərpa edə bilər: logistika axınlarının yenidən bölüşdürülməsi, sənaye və ya aqrar-sənaye klasterlərinin yaradılması, turizm sektorunda investisiya layihələri və ya yerli istehsalın canlandırılması.