Beynəlxalq Riyaziyyat Olimpiadasında niyə yer tutmadıq... - Sabiq nazirdən AÇIQLAMA

Bu gün, 00:05           
Beynəlxalq Riyaziyyat Olimpiadasında niyə yer tutmadıq... -
Avstraliyada keçirilən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadası artıq yekunlaşıb. Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinin nümayəndələri yarışmada müxtəlif medallar qazanıblar. Lakin Azərbaycan komandası bu il olimpiadanı medalsız başa vurub.

Hadisə sosial şəbəkələrdə və mətbuatda ciddi müzakirələrə səbəb olub, məsul qurumlar tənqid edilib.

Məsələyə münasibət bildirən Təhsil İnstitutu qeyd edib ki, beynəlxalq olimpiadalara hazırlıq mərkəzində yerli və əcnəbi mütəxəssislər tərəfindən həmin şagirdlərin hazırlıq prosesi həyata keçirilir: “Sözügedən olimpiadada iştirak edən komandamızın nəticələri tərəfimizdən təhlil edilir və çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görüləcək”.

Modern.az-a açıqlama verən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov olimpiadada heç bir yer tutmamağımızın çox pis hal olduğunu bildirib:

“Bu onu göstərir ki, bizdə bu sahəyə lazımi qədər diqqət yetirilməyib. Riyaziyyat olimpiadasında medal qazanmaq üçün təkcə orta məktəbdə verilən bilik və bacarıqlar kifayət etmir, amma biz bununla kifayətlənməli oluruq. Bu sahədə müxtəlif boşluqlar var”.

Onun sözlərinə görə, dünyanın əksər ölkələrində bu tip beynəlxalq yarışlara xüsusi yanaşma var:

“Bütün ölkələrdə olimpiadaya tələbə hazırlamağın müxtəlif yolları mövcuddur. Biz də həmin metodlara uyğun hərəkət etməliyik. Hesab edirəm ki, Azərbaycanda kifayət qədər gənc istedadlar var. Sadəcə, necə ki, başqa ölkələrdə müxtəlif sahələrdə olimpiadalara hazırlıq üçün xüsusi vaxt ayrılır, komanda yığılır, rəhbərlik təyin olunur, burada da eyni yanaşma tətbiq edilməlidir”.

Misir Mərdanov vurğulayıb ki, belə yanaşma yalnız nəticə əldə etməyə deyil, həm də ölkənin bu sahədə nüfuzunun artmasına səbəb olar:

“Əgər bu istiqamətdə sistemli şəkildə çalışsaq, gələcəkdə riyaziyyat sahəsində də Azərbaycanı beynəlxalq səviyyədə təmsil edən və uğur qazanan şagirdlərimiz olacaq. Onlarla görüşmək, onları cəmiyyətə tanıtmaq, nümunə göstərmək də olduqca vacibdir”.

Sabiq nazir olimpiada qaliblərinə verilən dəyərin önəmini də xüsusi qeyd edib: “Beynəlxalq olimpiadalarda yer tutan hər bir şəxs ölkə səviyyəsində yüksək qiymətləndirilməlidir. Bu, təkcə onların deyil, bütövlükdə təhsilin və elmin stimullaşdırılması baxımından çox önəmlidir. Yalnız bu halda olimpiada sahəsində müsbət və davamlı nəticələrə nail ola bilərik”.

Misir Mərdanov əlavə edib ki, riyaziyyat sahəsində ölkənin uğur qazanması üçün bu istiqamətə daha genişmiqyaslı və strateji yanaşma tələb olunur. Onun fikrincə, nəticə əldə etmək üçün hazırkı təcrübəyə yenidən baxmaq və dünya səviyyəsində qəbul olunmuş mexanizmləri tətbiq etmək lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru