“Erməni layihəsi”nin sonu?

9-11-2023, 09:54           
“Erməni layihəsi”nin sonu?
Ekspert:" Tarixə çevrilən dünya düzənin köhnəlmiş layihəsi məhvə məhkumdur və bağlanacaq."
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan MDB ölkələrindən olan həmkarları ilə
noyabrın 8-də keçirilən görüş üçün Moskvaya getməyib.
“Armenpress” dövlət agentliyi xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının
mətbuat katibi Tatevik Petrosyan məlumat verib. Amma o, bu qərarın səbəbini açıqlamayıb.
Beləliklə, ilk dəfə belə iclas Ermənistan nümayəndələrinin iştirakı olmadan keçirilib.
Oktyabrda Ermənistanın baş naziri Nikol Paşinyan da MDB dövlət başçılarının sammitində
iştirakdan imtina etmişdi. O zaman da Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti
imtinanın səbəbini açıqlamamışdı. Sammitə ev sahibliyi edən Qırğızıstanda isə Paşinyanın
iştirak etməməsini “bir sıra hallarla” izah etmişdilər.
MDB dövlət başçılarının görüşündən əvvəl Qırğızıstanda MDB xarici işlər nazirlərinin də sammiti
keçirilmişdi və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da bu görüşə qatılmamaq qərarı
vermişdi. İrəvanı tədbirdə onun müavini təmsil etmişdi.

Ermənistanla Rusiya arasında münasibətlərin soyuması Qarabağdakı müharibədən sonra baş
verib. Bu müharibə nəticəsində qondarma “respublika” öz fəaliyyətini dayandırıb, bölgə
tamamilə Azərbaycanın nəzarətinə qayıdıb.
Ermənistan hakimiyyəti mütəmadi olaraq Rusiyanı və KTMT-ni (Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatı) Qarabağdakı vəziyyətlə bağlı fəaliyyətsizliyə görə tənqid edib. Sentyabrın
əvvəlində isə Ermənistan prezidenti Vaaqn Xaçaturyan ölkənin KTMT-dəki daimi nümayəndəsini
geri çağırıb, bundan sonra İrəvan ABŞ-la hərbi təlimlər keçirəcəyini bəyan edib.
Öz növbəsində baş nazir Paşinyan Rusiyanı ölkənin müstəqilliyinə qəsddə ittiham edib, KTMTnin səmərəsiz olduğunu söyləyib, eləcə də “hərbi münaqişənin qarşısını almalı olsalar da,
Azərbaycanın addımlarına heç bir şəkildə mane olmayan” Rusiya sülhməramlıları ilə bağlı “ciddi
suallar” olduğunu bildirib.
Kreml İrəvanın qınaqlarına cavab olaraq bəyan edib ki, Ermənistanın KTMT-dən çıxmaq
niyyətinin ciddiliyinə inanmır. Bundan sonra “Moskvadakı yüksək vəzifəli anonim mənbə” RİA
Novosti və TASS-a bildirib ki, Kreml Paşinyanın bəyanatlarını “məsuliyyətsiz və təxribat
xarakterli” hesab edir.
“Biz Moldovanı “2 nömrəli Ukrayna” hesab etsək, Ermənistanı necə “3 nömrəli Ukraynaya”
çevirməyə çalışdıqlarını görərik, Paşinyan isə iri addımlarla Ukrayna prezidenti Vladimir
Zelenskinin yolu ilə gedir”, – mənbə xəbərdarlıq edib.
Bu qəribə vəziyyət necə başa çata bilər? Məsələ ondadır ki, bir sıra müstəqil müşahidəçilər də
İrəvanın bu cür bəyanatlarına tam inanmadıqlarını bildirirlər. Çünki bu bəyanatlar uzun
müddətdir – ötən ildən etibarən səslənir. Ermənistan hakimiyyəti isə o zamandan KTMT-ni tərk
etmək üçün heç bir əməli addım atmayıb, Türkiyə və İranla sərhədində Rusiya sərhədçilərinin
xidmətindən imtina etməyə cəhd göstərməyib. Üstəgəl, Rusiyanın 102-ci hərbi bazası heç bir
problem olmadan Gümrüdə qalmaqda davam edir. Bir tərəfdən, Rusiyanı qınayaraq Qərbə doğru
nümayişkaranə addımlar atan, digər tərəfdən isə Rusiyanı öz ərazisindən çıxarmaq üçün heç nə
etməyən rəsmi İrəvan nə dərəcədə səmimidir? Bütün bunlar nə deməkdir?
Müstəqil analitik Rəşad Rzaquliyev Pressklub.az-a bildirib ki, cavab sadədir, “erməni layihəsi”
iflasa uğrayıb.
Onun fikrincə, layihənin funksionallığı və parametrləri o qədər köhnəlib ki, Ermənistan artıq
nəinki regional, hətta qlobal siyasi və iqtisadi sistemə də uyğun gəlmir.
“Vektor münasibətləri” proyeksiyasında Rusiyanın qlobal tarixi layihəsinə əlavə kimi
yaradılmış erməni dövlətçiliyi müasir Rusiya üçün lazımsız və həddindən artıq enerji tələb
edən bir ballasta çevrilib… Rusiya Federasiyası yeni dünya düzəni sistemində Avrasiya
blokunun qurulması kombinasiyasında tədricən “sivilizasiyalı rus imperializmi” formatından
imtina edərək, anqlo-sakson dünyası ilə qarşıdurmada özünü Qlobal Cənubun regional güclər
birliyində qoruyub saxlamağa çalışır.
Ermənistan rəsmiləri bunu kəskin və ağrılı şəkildə qəbul edirlər. Erməni isteblişmentinin
dövrümüzün geosiyasi əxlaqsızlığının ən gözəl nümunəsi ruhunda “qiyamçılığı” da buradan
qaynaqlanır… İfadəmə görə üzr istəyirəm, onların Aİ və Fransanın simasında yeni “oynaş”
tapmaq cəhdləri isə Ermənistan dövlətinin özünün mövcudluğu ilə bağlı problemləri daha da
dərinləşdirir”, – Rzaquliyev bildirib.
Ermənistanın özündə bunu başa düşürlərmi? Ekspert əmindir ki, başa düşürlər. “Ancaq
sadəlövhcəsinə inanırlar ki, Böyük Yaxın Şərq müharibəsi ərəfəsində “striptiz şüvülündə”
siyasi rəqs onları daha əhəmiyyətli və perspektivli edəcək. Ermənistan administrasiyası bir
tərəfdən Rusiya qarşısında vassal öhdəliklərindən əl çəkmir, digər tərəfdən isə ölməz olduğuna
olan inamı ilə intiharçı kimi öz xarici siyasətini şaxələndirməyə çalışır… Və bu, böyük
dövlətlərin maraqlarının hərbi-siyasi toqquşmasının artması fonunda baş verir.
Əminəm ki, erməni siyasi elitasının mənasız hərəkətlərini və diplomatiyasını təhlil etmək və
şərh etmək mənasızdır. Çünki əminəm ki, tarixə çevrilən dünya düzəninin köhnəlmiş “erməni
layihəsi” məhvə məhkumdur və bağlanacaq. Və bu, ən yaxın gələcəkdə baş verəcək”, – deyə
analitik yekunlaşdırıb.
Rauf Orucov
pressklub.az
Teref:Xocanın Blogu təqdim etdi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.