Bir təbliğatın iki qaranlıq tərəfi

24-11-2023, 07:24           
Bir təbliğatın iki qaranlıq tərəfi
Havada uçuşan gürultulu tezislər real siyasətdə niyə özünə yer tapmır
Azərbaycanla ABŞ və Avropa İttifaqı arasında yaranmış gərginlik ictimaiyyətə nə qədər doğru
təqdim olunur?
İndi bu suala cavabın xüsusi önəmi var. Çünki media resurslarında “qara piar” səviyyəsinə enmiş
kampaniya gedir. İstər hökumətyönümlü media, istəsə də Qərb xəttini müdafiə edən, əsasən
xaricdən yayımlanan onlayn mediada tamamilə antaqonist tezislərlə dolu təbliğat reallığı təhrif
edir. Müstəqil ekspertlərin, KİV-lərin şərhləri isə çox zaman aramsız siyasi təbliğatın
tozanağında görünməz olur.
Bəs, bu şəraitdə real situasiyanı görmək üçün nə etmək lazımdır? Əlbəttə, ilk növbədə, hər iki
tərəfdən rəsmi şəxslərin, dövlət qurumlarının bəyanatlarına diqqət etmək. Həmçinin təbliğat
tezislərində istifadə edilən arqumentlərin etibarlılığını yoxlamaq tələb olunur.
Beləliklə, Qərb xəttini müdafiə edən ekspertlər və media resursları bir neçə əsas məqamı
vurğulayırlar:
ABŞ və Avropa İttifaqının Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatlara başlayacağı
barədə xəbərdarlıqları doğrudur və kəşfiyyat məlumatlarına əsaslanır. Azərbaycan Ermənistanla
sərhədə 40 min nəfərlik şəxsi heyət, ağır texnika cəmləşdirib, 2022-i ilin 12-14 sentyabr
əməliyyatlarına bənzər hücum ssenarisi gerçəkləşdiriləcək;
Bakı müstəqil siyasət yeridə bilməz, ancaq Rusiya rəhbərliyinin siyasi tapşırıqlarını yerinə yetirir.
Azərbaycan hakimiyyəti Rusiya sülhməramlılarını ölkədə saxlamaqla faktiki ölkənin işğalına
şərait yaradıb, hərbi baza qurulacaq;
Qərb Azərbaycana qarşı ağır sanksiyalar tətbiq edəcək, ölkə ağır iqtisadi, siyasi böhrana girəcək
və s.
Birincisi, Azərbaycanın Ermənistana hücum edəcəyi ilə bağlı məlumat ilk dəfə “Politico” nəşri
tərəfindən, Dövlət Departamentinin rəhbəri Antoni Blinkenə istinadla yayılıb. Qeyd olunurdu ki,
dövlət katibi konqresmenlərlə məxfi söhbətdə bu barədə danışıb. Amma bir gün sonra Dövlət
Departamenti bu məlumatı təkzib etdi.
Daha sonra ABŞ Dövlət katibinin müavini Ceyms O Brayn noyabrın 16-da Konqresin Xarici
Əlaqələr Komitəsində çıxışında bu barədə danışıb. Amma o, Azərbaycanın Ermənistana hücum
edəcəyi barədə ifadələrə yer verməyib, bildirib ki, Zəngəzur dəhlizinin zorla açılması cəhdlərinə
sərt cavab veriləcək.
Eyni məzmunlu bəyanatı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali
nümayəndəsi Cozef Borel də səsləndirib. Amma o da ümumi ifadələrlə, ehtimallar əsasında
danışıb. Nə Borel, nə ABŞ rəsmiləri kəşfiyyat məlumatlarına əsaslandıqlarını dilə gətirməyiblər,
peyk görüntüləri və s. maddi sübutlar təqdim etməyiblər, Azərbaycanın Ermənistanla sərhədə 40
minlik hərbi qüvvə cəmləşdirdiyini deməyiblər. Bu, sırf təbliğat məhsuludur.
İkincisi, tezisdə Azərbaycan siyasi rəhbərliyinin Kremlin tapşırıqlarını həyata keçirdiyi iddia
olunur. Bu ittiham konkret nəyə əsaslanır, onu hansı qərarlar, bəyanatlarda görmək mümkündür?
Azərbaycan 19 sentyabrda Qarabağda antiterror əməliyyatı həyata keçirib və ərazi bütövlüyünü,
suverenliyini bərpa edib. Ərazidə olan Rusiya sülhməramlı qüvvələri bu əməliyyata, onun
nəticəsi olaraq qondarma rejimin çökməsinə, erməni əhalisinin bölgədən köçməsinə mane
olmayıb. Əlbəttə, hərbi əməliyyatın Rusiya ilə razılaşdırılmasına şübhə yoxdur, amma ermənilərin
kütləvi köçü Rusiya üçün nə qədər arzuolunan olması sual doğurur. Çünki onların böyük
əksəriyyətini 44 günlük müharibədən sonra Rusiya qaytarıb, Qarabağda yerləşdirib, ən zəruri
ehtiyaclarını təmin edib. Erməni əhalinin qalması Rusiyanın bölgədə hərbi-siyasi varlığının
davam etdirilməsini legitimləşdirən başlıca şərt idi.
Azərbaycan Rusiyanın susmasının, bitərəf qalmasının qarşılığında nə verib, yaxud nə vəd etməsi
isə maraqlı sualdır. Əməliyyatlardan keçən 2 ay ərzində Bakı və Moskva arasında yeni ikitərəfli
razılaşma olmayıb, tərəflər 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq sülhməramlıların
bölgədə qalmaqda davam edəcəyini bildiriblər. Bakıdakı hakim dairəyə yaxın çevrələr
yarımrəsmi şəkildə bu məsələnin ən çoxu 2025-i ilə – razılaşmanın bitmə tarixinə qədər
uzanacağını qeyd ediblər. Hərbi bazaya gəldikdə, Azərbaycan Konstitusiyası başqa ölkənin hərbi
strukturlarının ölkədə yerləşdiriməsini birmənalı şəkildə qadağan edir. Rusiya ilə bu barədə
müzakirələrin aparılması ağlabatan deyil.
Mövcud geosiyasi qarşıdurmanın gedişində mövqelərin uzlaşdırılması məsələsində isə “inkişaf”
var. Azərbaycan 19 sentyabrdan sonra Ermənistanla sülh danışıqlarının Qərb paytaxtlarında
davam etdirilməsini dayandırıb, İrəvana Tbilisidə, yaxud sərhəddə görüşməyi təklif edir. Bakı,
həmçinin, Rusiya, İran və Türkiyə tərəfindən dəstəklənən 3+3 formatının fəal iştirakçısıdır. Bu
format regionun 3 böyük və 3 kiçik ölkəsinin qarşılıqlı əməkdaşlığını, problemlərin kənar (oxu:
Qərbin) qüvvələrin iştirakı olmadan həllini irəli sürür. Avropa İttifaqından üzvlük təklifi alan
Gürcüstan artıq bu formatda iştirak etməyəcəyini bildirib, Ermənistan isə cəmi bir dəfə Tehranda
xarici işlər nazirlərinin görüşünə qatılıb və prosesə maraq göstərmir, Qərblə əməkdaşlığı
dərinləşdirməyə üstünlük verir.
Bakı-Moskva münasibətlərinin yaxınlaşmasını, maraqların uzlaşdırılmasnı Azərbaycan siyasi
rəhbərliyinin Kremlin direktivlərini həyata keçirilməsi kimi təqdim olunması doğru deyil. Bakının
bu siyasəti aparmaqda konkret maraqları var, bu da Qərbin 19 sentyabr əməliyyatının bölgədə
müəyyənləşdirdiyi status-kvonu qəbul etməməsi ilə bağlıdır. Birləşmiş Ştatlar açıq şəkildə tələb
edir ki, Rusiya ordusu Azərbaycandan çıxmalı, erməni əhali qaytarılmalı, Qarabağa beynəlxalq
sülhməramlı missiya yeridilməlidir. Bu tələbin qarşılığında Azərbaycanın bölgədə suverenliyini
qəbul edən Rusiya hərbçilərinin hələ bir müddət ölkədə qalması məqbul görünür. Əlbəttə,
Azərbaycan rəhbərliyinin digər maraqları da var, onların başında Rusiyanın geosiyasi
müharibədə zəiflədiyi fonda Qərbin Cənubi Qafqazda yerləşməsini istəməməsi durur.
Nəhayət, Qərbin Azərbaycana qarşı ağır sanksiyalar tətbiq edərək, onu dərin böhrana salacağı
barədə tezislərdə real problemlər həddindən artıq şişirdilib.
Birincisi, ABŞ və Avropa İttifaqı siyasi rəhbərliyi Azərbaycana qarşı sanksiyalar tətbiq ediləcəyi
barədə açıqlama verməyib, verilən bəyanatlarda bu tədbirin istisna olunduğu qeyd olunub. 907-
ci düzəlişə qoyulan məhdudiyyətin 2 il müddətinə dayandırılması isə ABŞ-ın Azərbaycana hərbi
yardımlarını qadağan edir və bu çərçivə ilə kifayətlənir.
İkitərəfli münasibətlərdə əlaqələr sabitdir, enerji sektorunda, xüsusən Cənub Qaz Dəhlizinin
genişləndirilməsi, yaşıl enerji istehsalı və ixracı ilə bağlı yeni memorandumlar, müqavilələr
imzalanıb, sərmayə qoyuluşları planlaşdırılır.
Əlbəttə, Azərbaycanın siyasi əlaqələri, Avropa strukturları ilə münasibətləri dərinləşdirəcəyi
gözlənilən deyil. Bakı 10 ildən artıqdır ki, bu sahədə taym-aut götürüb. Xüsusən Avropa İttifaqı
ilə Hərtərəfli Əməkdaşlıq Sazişi 5 ildən artıqdır müzakirə masasında qalıb.
Beləliklə, Qərbin Azərbaycanı çökdürəcək iqtisadi, siyasi sanksiyalar tətbiq edəcəyi barədə
deyilənlər təbliğat məhsuludur, reallığı əks etdirmir.
Azərbaycan mediasında anti-Qərb isterikasına gəldikdə, ictimaiyyət, eləcə də Qərbin özü zamanzaman baş verən gərginliklər zamanı buna alışıb. Bu cür ictimai çıxışlar real siyasətdə əks
olunmur və praqmatik maraqlara təsir göstərmir. Məsələn, Fransa-Azərbaycan arasında
diplomatik, siyasi ritorika ən kəskin ifadələrlə doldur, Fransa Milli Assambleyası ləğv olunmuş
qondarma rejimin müstəqilliyini belə tanıyıb, amma Bakı Parisdəki səfiri geri çağırmaq haqqında
düşünməyib. Fransanın “Total” neft şirkəti 10 ildir başladığı “Abşeron 2” qaz yatağından ilk
hasilatı ötən aylarda əldə edib. Ticarət dövriyyəsində ötən illərlə müqayisədə artım da nəzərə
çarpır.
Əlbəttə, Qərbin düşmən obrazında təqdim edilməsi ölkədə Qərb dəyərlərinə qarşı mənfi
münasibətin formalaşmasına təsirsiz ötüşmür. Xüsusən, ABŞ və Fransanın timsalında Qarabağ
böhranında ermənipərəst mövqenin ifadə olunması Azərbaycanda anti-Qərb dəyirmanına
bolluca su tökür.
Dünyanın ən inkişaf etmiş iqtisadi, siyasi sistemlərinə, mütərəqqi dəyərlərinə sahiblənmiş Qərb
Azərbaycana düşmən deyil, müəyyən dövrlərdə siyasi, geopolitik maraqların toqquşmasını bu
şəkildə təqdim etmək səhv siyasətdir. Çünki bundan itirən elə Azərbaycan cəmiyyətinin,
dövlətinin özüdür.
pressklub.az
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.