Axsayan, "düz yol"da yeriyə bilməyən səhiyyənin qızılca çıxarması... - "Qorxu"dan uşaq məktəbə getmir

25-11-2023, 10:07           
Axsayan, "düz yol"da yeriyə bilməyən səhiyyənin qızılca çıxarması... -
Ölkədə qızılca xəstəliyinə yoluxmalarda kəskin artım var. TƏBİB həyəcan təbili çalır. Aran rayonlarında yoluxanların sayı daha çoxdur. Əvvəlcə Şəkidən arzuolunmaz xəbər gəlmişdi. Bunun ardınca Zaqatalada da yoluxanların sayının artdığı məlum olmuşdu.
Bizimyol.info xəbər verir ki, qızılcaya əsasən uşaqlar yoluxur. Xəstəliyin mənbəyi xəstə insandır. Virus orqanizmə hava-damcı yolu ilə keçir, ümumi intoksikasiya, yuxarı tənəffüs yollarının katarı, papulyoz-ləkəli səpkilərə səbəb olur. Qızılca törədicisinin giriş qapısı yuxarı tənəffüs yollarının selikli qişasıdır.

Qızılca zamanı virusdaşıma olmur, amma kiminsə yoluxması mümkündür. Yəni xarici mühitə virus ifraz olunur. Xəstə kataral dövrdə və səpkinin ilk günündə daha yoluxdurucu olur. Səpkinin dördüncü günündən etibarən xəstə digərlərini yoluxdurma qabiliyyətini itirir.

Qızılca yüksək yoluxdurucu qabiliyyətli infeksiya olmasına baxmayaraq xarici mühitdə davamsızdır. İnfeksiyanın əşyalar və üçüncü şəxsdən keçməsi mümkün deyil. Xəstəlik zamanı orqanizmin müdafiə qabiliyyəti zəiflədiyindən digər ikinci xarakterli infeksiyalarda ağırlaşmalar ola bilər. Xəstəlikdən sonra ömürlük immunitet yaranır və uzun müddət qanda virusu neytrallaşdıran anticisimlər saxlanılır.

Bu sahənin mütəxəssisi sayılan həkim Aytən Seyidova xəstəliyin gedişatında üç mərhələ olduğunu deyir: kataral, səpki, piqmentasiya.

“İnkubasiya dövrü əsasən 6-17 gündür, lakin çox hallarda 8-11 gün davam edir. Kataral dövrdə ümumi intoksikasiya əlamətləri meydana çıxır. Öskürək, burundan selikli ifrazatın gəlməsi, hərarətin 38-39 dərəcə olması. Daha sonra səpkilər dövrü başlayaraq 3-4 gün davam edir. Səpki əvvəl çəhrayı ləkələr şəklində burun ətrafında, qulaq ardında, göz qapaqlarında, eləcə də bütün sifətə, boyuna və döşün yuxarı hissələrinə yayılır. Bəzən səpkilər bir-birilə birləşir, ikinci gün gövdəyə və qollara yayılır. Üçüncü günü isə bütün bədən səthində olur. Səpkinin bu cür etap şəklində olması qızılca üçün differensial diaqnostik əhəmiyyətə malikdir”.

Qızılcaya ortayaşlı insanlar da az yoluxmur. Terapevt Zakir Quliyev deyir ki, belə müraciətlərlə az rastlaşmır. Qızılcaya qarşı ən yaxşı mübarizə metodu vaxtında peyvəndlənmədir. Səhiyyə Nazirliyi Şəkidə, Zaqatalada qızılcaya yoluxmuş uşaqlara xəstəxanalarda lazımi diqqət göstərildiyini bildirir. Halbuki prosesə zamanında müdaxilə olunmalıdır. Valideynlər maarifləndirilməli, peyvəndin vacibliyi çatdırılmalı, vaksinasiya standartlara uyğun həyata keçirilməlidir.

Məsələn, Avropada səhiyyə sektoru viruslara qarşı həssas davranır. Bizim ölkədə yalnız problem böyüyəndən sonra mübarizə başlayır. Məsələyə peşəkar yanaşma indiki situasiyanın yaranmamasına zəmanət verir. Amma viruslarla mübarizə istiqamətində lazımi iş görülmədiyindən məktəblərdə panika var. Valideynlər çıxış yolunu övladını tədris müəssisəsinə göndərməməkdə görür. Səhiyyə sektorunun axsaması, illərdir düz-əməlli yeriyə bilməməsi bu mərhələdə uşaqlara böyük əziyyət verir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.