Rusiya Prezidenti Vladimir Putin Braziliyadakı toplantıya qatılacaqmı?

7-12-2023, 07:35           
Rusiya Prezidenti Vladimir Putin Braziliyadakı toplantıya qatılacaqmı?
“Böyük İyirmilər”ə sədrlik Hindistandan Braziliyaya keçib. G-20-nin növbəti toplantısı gələn ilin noyabrında Braziliyada keçiriləcək.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Braziliya Prezidenti Lula da Silva sədrlik müddətində əsas hədəfləri müəyyənləşdirib:

“Birinci hədəf sosial inteqrasiyanı gücləndirmək, aclıq və yoxsulluqla mübarizə təşkil etməkdir. İkinci hədəf iqlim dəyişikliyinin müzakirəsi və alternativ enerji mənbələrinin inkişafına nail olmaqdır. Braziliyanın G-20-yə sədrliyi dövründə üçüncü hədəfi qlobal idarəetmə istitutlarının islahatına çalışmaqdır. Böyük hədəflərdir. Bu haqda illərdir danışılır, ancaq real nəticə yoxdur.

Braziliya prezidenti ədalətli dünya uğrunda fəaliyyət göstərəcəyini açıqlayıb. Braziliya “Böyük İyirmilər” çərçivəsində iki operativ məsləhət qrupu yaradacaq. Braziliya 2030-cü ilə qədər dünyadakı aclığa son qoymağı hədəfləyib. Ancaq bunun üçün bəyanat vermək azdır, yeni resurslara və texnologiyalara ehtiyac var. Braziliya prezidentinin digər hədəfi inkişaf etməkdə olan ölkələrin Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun idarəetməsinə daha fəal cəlbini təmin etməkdir.

Da Silva “Böyük İyirmilər”in toplantısında fikir ixtilafı yaradan mövzuların müzakirəsinin əleyhinədir. 2024-cü ildə də Rusiya-Ukrayna müharibəsi davam edərsə, Braziliya G-20-nin toplantısında bu mövzunun müzakirəsinin əleyhinə olacaq. Dehli də bu mövzununu Hindistandakı toplantıda müzakirəsinə imkan vermədi. Çünki bu halda Qərb ölkələri ilə Rusiya arasında qarşıdurma yaranacaq, yekun bəyanat qəbul edilməyəcəkdi. Ona görə də Dehli yekun bəyanatı elə formada hazırladı ki, həmin sənəd yekdilliklə qəbul edildi. Braziliya da eyni siyasətə sadiq qalacaq”.

Əsas suallardan biri də budur: Rusiya Prezidenti Vladimir Putin Braziliyadakı toplantıya qatılacaqmı?

Mərkəzin ekspertləri bildirirlər ki, bunun üçün Putin gələn ilin martında keçiriləcək seçkidə qələbə qazanmalıdır:

“Bu çoxlarında şübhə doğurmur. Putin Hindistandakı toplantıda iştirak etmədi. Rusiya liderinin Braziliyaya səfər edəcəyi də problematikdir. Çünki Hindistandan fərqli olaraq, Braziliya Putinin həbsinə qərar verən Beynəlxalq Cinayətlər Məhkəməsinin Roma statutuna imza atıb.

Buna baxmayaraq, Putin internet üzərindən beynəlxalq tədbirlərdə çıxışlar edir. Məsələn, G-20-nin Hindistan toplantısında. Həmin sammitə ABŞ Prezidenti Co Bayden və Çin lideri Si Cinpin də qatılmadı. Görünür, Bayden virtual olsa belə, Putinlə birgə iştirak etmək istəmədi. Halbuki Vaşinqton Dehlini özünün strateji tərəfdaşı sayır.

Cinpin ölkəsinin Hindistanla sərhəd məsələsinə görə sammitə qatılmadı. Putin Hindistanın təşkilatçılığı ilə keçirilən virtual sammitdə Braziliyaya yeni sədrlikdə uğurlar arzulamışdı. Əgər Putin Braziliyadakı sammitə qatılmasa, bu ölkə də Hindistan kimi canlı toplantıdan sonra virtual sammit də keçirə bilər. Kreml sahibi bu halda internet üzərindən çıxışa hazırlaşacaq”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.