2024-cü ilin ən önəmli texnoloji trendləri nələr olacaq?

2-01-2024, 09:54           
2024-cü ilin ən önəmli texnoloji trendləri nələr olacaq?
Yola saldığımız 2023-cü il böyük ehtimalla istehsalyönümlü süni intellektin (Generative AI) populyarlıq qazandığı il kimi xatırlanacaq.

Kompüter proqramları təminatından incəsənətə və elmi məqalələrə qədər müxtəlif məzmunlu işləri yerinə yetirən istehsalyönümlü süni intellekt mükəmməl olmasa da, bəzi sənaye və müəssisələr üçün vacib alətə çevrilib.

Microsoft tərəfindən 2022-ci ilin sonunda hazırlanıb istifadəyə verilən ChatGPT-nin 2023-cü ildə bir çox rəqibi yarandı.

Bu sahədə qeydə alınan ən önəmli yeniliklərdən biri də dekabrda Google-un törəmə şirkəti Alphabet tərəfindən Google söhbət botu və axtarış sistemi də daxil olmaqla fərqli məhsullara inteqrasiya edə biləcək Gemini adlı süni intellektin təqdim olunması idi.
Alphabet ChatGPT ilə müqayisədə Gemini süni intellektinin daha yaxşı olduğunu iddia edir.

Lakini ChatGPT-nin yaradıcısı OpenAI də boş dayanmadığını, süni intellektin daha güclü versiyasının 2024-cü ildə hazırlanacağını diqqətə çatdırır.

İnvestorlar isə texnologiya sahəsində yeni böyük oyunçu tapmaq ümidi ilə vəsait xərcləməyə davam edir.

Fərdi investisiya məlumatlarını özündə toplayan PitchBook bildirib ki, riskli kapital firmaları generativ süni intellekt startaplarına sentyabrdan bəri 21.4 milyard dollar vəsait qoyub.

Müqayisə üçün bildirək ki, 2022-ci ildə qoyulan bu cür investisiyaların ümumi həcmi 5.1 milyard dollar olub.

Lakin bu tendensiyanın çox davam etməyəcəyi fikrində olanlar da var.

CSS Insight texnologiya şirkətinin baş analitiki Ben Wood deyir ki, generativ süni intellekt 2024-cü ildə “soyuq duş” alacaq. Buna əsas səbəb kimi bu növ süni intellektin təkmilləşdirilməsi və fəaliyyəti üçün böyük miqdarda vəsait lazım olduğunu göstərir.

“Bu məsələni şişirtdilər, qısa zamanda bu tendensiyanın zəifləyəcəyinə səbəb olan amillər mövcuddur”, - Ben Wood bildirib.

Onun fikrincə, generativ süni intellekt işləməsi üçün yüksək fəaliyyət gücü və hazırda istehsalı zəif olan bahalı çiplər tələb edir.

Bundan əlavə, Ben Wood tənzimləmə mexanizmləri və hüquqi proseslərin də süni intellektin inkişaf dinamikasını aşağı salacağı qənaətindədir.

Elektromobillər
Schmidt avtomobil araşdırmaları şirkətinə görə, 2024-cü ilin birinci rübündə milyonuncu elektrikli avtomobil Böyük Britaniya yollarında görünəcək. Beləliklə, Birləşmiş Krallıq Almaniyadan sonra bu səviyyəyə yüksələn ikinci ölkə olacaq.

Buna baxmayaraq, 2024-cü ilin elektromobil istehsalçıları üçün çətin il olacağı gözlənilir.

2023-cü ilin sonunda Ford, GM və Tesla elektrikli avtomobil istehsalını genişləndirməyi təxirə saldıqlarını bəyan etdilər. Oktyabrda isə Mercedes-Benz qiymət rəqabətini və təchizat zəncirindəki problemləri əsas gətirərək elektromobil bazarını “qəddar” adlandırmışdı.

Analitiklər bu sahədə böyük irəliləyiş gözləmirlər.

Avtomobil bazarları üzrə analitik Matthias Schmidt 2024-cü ildə elektromobil satışlarının Avropada durğunluq yaşayacağını proqnozlaşdırır.

Schmidt avtomobil bazarlarının güclü olduğu Almaniya, Norveç kimi ölkələrdə elektromobil satışında artım olmayacağını düşünür.

Lakin Böyük Britaniya sıfır emissiya hədəfinə çatmaq üçün bu sahədə daha irəli gedə bilər. 2024-cü ilin yanvarından, etibarən burada satılan bütün avtomobillərin ən azı beşdə birinin elektrikli olması zəruridir, 2030-cu ilə kimi bu artımın 80 faizədək yüksəlməsi qarşıya məqsəd qoyulub.

İnsanabənzər robotlar
İnsanabənzər robotlardan 2024-cü ildə daha çox istifadə edilə bilər. Tesla mühəndisləri yaxın gələcəkdə Optimus adlı insanabənzər robotların bütün zavod işlərini görə biləcəyi qənaətindədirlər.

Dekabrın əvvəllərində yayılan bir videoda Optimusun əvvəlki robotlardan daha yumşaq yeni əllərə malik olduğunu və yeni motorla işlədiyi görünürdü.

İyulda İlon Mask Optimusun 2024-cü ildə Teslanın istehsal müəssisəsində işləmə bacarığına sahib olacağını bildirmişdi.

Lakin Teslanın bu məsələdə güclü rəqibləri var. Artıq bəzi firmalar gündəlik işləri yerinə yetirə bilən robotları daha da təkmilləşdirməklə məşğuldur.

Amazon şirkəti anbarlarında insanabənzər robotların işləməsini sınaqdan keçirir. Digit adı verilən robot hərəkət edə bilir, nəyisə tuta bilir və insan kimi digər obyektlərlə qarşılıqlı əlaqə qurmağı bacarır.

Robotun təkmilləşdirilməsi üzərində işləyən Agility Robotics Digit-i 2024-cü ildə müştərilərə sata biləcəyinə ümid edir.

Kanadanın Sanctuary AI şirkəti isə Phoenix robotunu qablaşdırma kimi müəyyən fəaliyyəti yerinə yetirmək məqsədilə hazırlayır. Bu il robotun görə biləcəyi işlərin sayının artırılması planlaşdırılır.

Arıqlamaq uğrunda yarış
Əczaçılıq sektorunda bu tip dərmanlar o qədər sürətlə satılır ki, istehsalçılar tələbi qarşılamaqda çətinlik çəkirlər.

Wegovy adı ilə bazara təklif edilən və arıqlama dərmanı olan semaglutide satışında böyük uğur əldə edilib. Bu dərmanın istehsalçısı olan Novo Nordisk Avropanın ən dəyərli şirkətinə çevrilib.

Danimarkaya məxsus şirkət tələbi qarşılamaq üçün milyardlarla avro investisiya yatıraraq istehsalı artırmağa çalışır.

Wegovy hazırda həftədə bir dəfə vurulan iynə şəklində istifadə edilir, lakin həb versiyası da artıq hazır olmaq üzrədir. Novo Nordisk bunun nə zaman satışa çıxarılacağını hələlik açıqlamayıb.

Danimarka şirkəti bu il daha çox rəqiblə üzləşə bilər.

Eli Lilly şirkətinə məxsus Mounjaro dərmanı ötən günlərdə ABŞ və Britaniyada arıqlamaq üçün müalicə metodu kimi təsdiqləndi və dərmanın Avropa İttifaqında da təsdiqlənməsi gözlənilir.

Bununla yanaşı, Pfizer də arıqlamaqla bağlı istehsal etdiyi həbin təsdiqini gözləyir.
bbc












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.