Bu “ağartma” deyil, bu ağ eləməkdir...

3-01-2024, 09:35           
Bu “ağartma” deyil, bu ağ eləməkdir...
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində haqlı olaraq ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası, ordu quruculuğu haqqında özünün və iqtidarın xidmətlərini, qələbələrimizi vurğuladı – bu məsələlərdə Əliyevin uğuru tarixdə daim qalacaq.
Amma çıxışında iqtisadiyyat haqqında, demək olar ki, danışmadı, cəmi 1 cümlədə iqtisadiyyat sözünü işlətdi, rəqəmlərə istinad etmədi. Çünki istinad ediləcək rəqəm, uğur sayıla biləcək heç nə yoxdur – Azərbaycan iqtisadiyyatı ciddi, dərin böhrana doğru gedir. İqtisadi aktivlik yox səviyyəsindədir, yeni iş yerləri yaranmır, vergi yükü artır, kiçik və orta sahibkarların boğulması güclənir.
Dədə Qorqud demiş, torpağı əkib-becərmirsənsə qorumağa, qorumursansa əkib-becərməyə dəyməz – torpağımızı qorumağı bacardıq, böyük uğur əldə etdik, deməli indi əkib-becərmək vaxtıdır, amma bu iqtisadi komanda, belə iqtisadi siyasət və idarəetmə sistemi ilə “əkib-becərmək”, yəni iqtisadi yüksəliş əldə etmək mümkün deyil.
Sizə bəzi rəqəmlər deyim, özünüz baxın ki, iqtisadi sistem necə ağır “xəstədir”, görün iqtisadi komanda ölkəni necə idarə edir, rəqəmlərlə necə “rəqs edib” baş qatır. Mikayıl Cabbarov dedi ki, 2023-cü ilin ilk 3 ayında, 2022-ci ilin eyni dövrünə nisbətən ölkəmizdə vergi daxilolmaları 74,8% artıb, sonra çıxış edib söylədi ki, 2023-cü ilin ilk 9 ayında 2022-ci ilin eyni dövrü ilə müqaisədə vergi daxilolmaları 22,6% artıb, indi Cabbarovun nazirliyinə daxil olan Vergi Xidməti açıqlama verib ki, 2023-cü ilin 11 ayında 2022-ci ilin eyni dövrünə nisbərən vergi daxilolmaları 4,1% artıb – təssəvvür edirsinizmi vəziyyəti?! İlin əvvəlində, 3 ayda 74,8% artım, 11 ayın sonunda isə 4,1% artım, bunu kimsə izah edəcəkmi?! Yaxşı, ölkədə ÜDM, iqtisadi artım cəmi 0,8%-dir, yəni, artım olmayıb, hətta faktiki ressesiya baş verir, bəs necə olur ki, Vergi Xidməti ilin əvvəlində ötən ilə nisbətən 74,8% artıq vergi yığıb?! Deməli, Vergi Xidməti ilin əvvəlində iş adamlarının, biznesin boğazına çöküb daha çox ödəniş etdirirlər və deyirlər ki, sonra əvəzləşmə apararıq, narahat olmayın. Yəni, vergiləri fakta, qazanca və mənfəətə görə deyil də, əvvəlcədən toplayırlar, iş adamlarının da ilin əvvəlində sərbəst vəsaiti olmur ki, yatırım etsinlər, yeni iş yerləri yaradacaq addımlar atsınlar.
Yəni, hansısa ölkədə ÜDM 0,8% artan vaxtı vergi daxil olmaları fantastik artırsa, bu anormaldır, mənasızdır, yaxşı, indi İqtisadiyyat Nazirliyi çıxıb deyəcək ki, biz iqtisadiyyatı “ağardırıq” deyə vergilərdən daxil olmalar artır – yaxşı, “ağartma” 1 il olar, 2 il olar, 3 il olar, 4-5 il də “ağartma” olar?! Belə çıxır ki, Cabbarova qədər ölkə tamamən “boz”, “qara” iqtisadiyyatla idarə olurdu?!
Bu “ağartma” deyil, bu ağ eləməkdir...
Natig Jafarli
Teref: Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.