Natiqin silahdaşları: Ermənilərə əsir düşməmək üçün özünü vuran "Saqqallı" Yusif kimdir?

3-01-2024, 18:21           
Natiqin silahdaşları:
2019-cu ilə qədər bayraqdan, cəsur döyüşçü Natiq Qasımov haqqında çox cüzi tanınan bir igid kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının siyahısında idi.

Mövzuya girməmişdən əvvəl oxucularımıza bildirim ki, Qasımov Natiq 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildən ailəlikcə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil almışdır. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıtmışdır, elə həmin il də könüllü olaraq cəbhəyə getmişdir.

31 illik müəmma Natiq Qasımov sağdırmı?

Bir çoxunuz xatırlayırsınız: 2019-cu ildə, Türkiyədə azərbaycanlılar tərəfindən erməni lobbisinə qarşı informasiya mübarizəsi aparmaq məqsədilə yaradılan "ASASmedya", Natiq Qasımovun sağ olması və Ermənistandakı kimya zavodların birində işlədilməsi barədə məlumat yaydı. Bununla yanaşı, Natiq Qasımov barədə məlumat verən şəxsə 1000 dollar, onu Rusiya, İran, Gürcüstan və Türkiyədən təhvil verəcək şəxsə isə 10 000 dollar pul mükafatı təqdim ediləcəyi barədə vəd verdi. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdəydi.

Bundan sonra Azərbaycan Dövlət Televiziyası üç il ərzində ərsəyə gətirilən “Oğul” sənədli filmini təqdim etdi. “Oğul” filmi Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülən azərbaycanlı hərbçi Natiq Qasımov haqqındaydı və Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalıydı.

Bəli, film riyakar erməni xislətini bir daha aşkara çıxarmış olur. Bununla yanaşı, filmin rejissoru ekran əsərində müharibələrin insanların taleyində oynadığı dəhşətli roldan bəhs edir, ailələrin öz əzizlərinin itkisindən və naməlum taleyindən çəkdikləri iztirabları ön plana gətirir. Beləliklə, Natiq Qasımovun şücaətini parlaq şəkildə əks etdirilən “Oğul” sənədli filmi Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayında apardığı uğurlu antiterror tədbirlərindən sonra yenidən ictimaiyyətin gündəminə gəldi.

Kilsədə postda olan 7 oğul dastanı - Şahid danışır

26 fevral 1992-ci il tarixdə Xocalı soyqırımı zamanı əsir düşmüş Cəfər müəllim Natiqi ən son görənlərdən biridir. Cəfər müəllimin xatirələrindən: "Mənə dedilər ki, sizin türklər bizim kilsəni tutublar, çoxlu sayda adamlarımızı qırıblar. İstəmirik ki, itki verək. Sonra ermənilər məni özləri ilə bir meşəyə gətirdilər. Sağ tərəfdə uçuq bir xarabalıq görünürdü, üzərində də üçrəngli bayraq dalğalanırdı. Mənə dedilər, get sizinkilərə de ki, mühasirədədirlər, heç yana çıxa bilməzlər. Onları dilə tutub razı sala bilsən həm səni, həm də qalan 20 əsiri buraxcağıq. Əgər türklər təslim olmasalar, kilsəni partladacağıq, əsirləri isə güllələyəcəyik.


Ermənilər təxminən 100 metr aralıdakı kolların, qayaların arasında gizlənib məni sürünə-sürünə irəli getməyə məcbur etdilər. Xarabalığa çatıb başımı qaldırıb baxanda gözümə 3-4 meyit dəydi. Bildim ki, bizimkilərdir. Kilsədən tüstü çıxırdı. Nəfəsimi dərib soyuq divara söykəndim, yuxarı baxdım. Gecədən islanmış üçrəngli bayraq ağır-ağır yellənirdi. Bayrağa baxa-baxa ağladım. Kilsəyə çatıb ana dilində "içəridə kim var, mən Xocalıdan əsir düşənlərdənəm, məni sizin yanınıza göndəriblər" dedim. Az sonra içəridən öskürək və hənirti səsi gəldi. Diksindim, həm də sevindim ki, burada bizimkilər var. Güclə eşidilən bir səs məni içəri çağırırdı. Əlimi divara sürtə-sürtə səs gələn tərəfə getdim. Bacadan düşən işığın altında bir avtomat, bir əl pulemyotu, çoxlu patron gördüm. O, üzü üstə yıxılmışdı. Yaxınlaşıb yaralı olub-olmadığını soruşdum. Güclə cavab verdi ki, yaralı deyil. Su istədi. Su olmadığından ona bir neçə parça quru çörək verdim. Könülsüz də olsa, çörəyi yedi. Yoldaşlarını soruşdum.

Dedi ki, komandirim məni 6 nəfərlə bura göndərib. Yoldaşlarımdan üçünü ermənilər öldürdü, üçündən isə xəbərim yoxdu. Beş gündür ki, tək qalmışam. Niyə qaçmadığını soruşdum. Dedi ki, komandirə söz vermişəm, bayrağı və postu qoyub gedə bilmərəm. Kömək gözlədim, lakin gəlmədilər.

Natiqə ermənilərin tələbini çatdırdım. Eşitdiklərinin ürəyincə olmadığını hiss etdim. Dedi ki, iki gülləsi qalıb, axıradək vuruşacaq. Xahiş etdim ki, məni vur, qoy, heç olmasa özümüzünkülərin gülləsindən ölüm. Bir anlığa xəyala daldı. Tutaq ki, sizi vurdum, bəs mənə görə 20 nəfər əsirin güllələnməsinə necə razı olum. Bunu deyib havaya güllə atdı, ermənilərə tərəf bağırıb onları yanına çağırdı. Ermənilər əvvəlcə gəlməyə tərəddüd etsələr də, məni görüb tökülüşdülər. Natiqin üst-başını axtardılar. Onun bir neçə gün burada təkbaşına vuruşmasına heç cür inana bilmirdilər. Kilsəni aramsız avtomat atəşinə tutdular. Heç kimin olmadığını görəndə pərtliklərindən daha da qəzəbləndilər. Natiq əlində üçrəngli bayrağımız erməni yaraqlılarının arasında irəliləyərkən orada olan xarici jurnalistlər sözügedən məşhur fotonu çəkdilər. Sonralar bildim ki, həmin şəkil "Oqonyok" jurnalında dərc edilib. Ermənilər hər ikimizi BTR-ə qoyub Əsgəran qalasına gətirdilər. Milis şöbəsinin təcridxanasında məni kameraya salıb, Natiqi isə hərbi komendant olan mənzilə apardılar. Bundan sonra bir daha Natiqi görə bilmədim. 14 mart 1992-ci ildə 21 nəfər əsiri, o cümlədən məni Ağdam yaxınlığındakı qəbirstanlıqda dəyişdilər".
İndi isə keçid alırıq yazının 2-ci hissəsinə:

Natiq və onun silahdaşları: Saqqallı Yusif kim idi?

Qeyd etdiyimiz kimi, Natiq Ağdamda Yaqub Rzayevin başçılığı altında "Qarabağ şahinləri" dəstəsində ermənilərə qarşı döyüşüb və onu döyüş dostları yaxından tanıyıblar. Hadisənin gerisini isə Yaqub Rzayevin batalyonunda ilk gündən son günə qədər döyüşmüş, Qarabağda Abdal Qəhrəman, şair Qəhrəman kimi tanınan Qəhrəman Hüseynov o vaxt qərargah rəisi olub. Qəhrəman müəllim deyir ki, bütün silahlandırmanı mən aparmışam, əsgərlərimizin bir çoxu ilə tanış idim və bütün şəhidlərimizi rəhmətlə anıram:

” Xocalının Pirlər kəndindəki kilsəni 21 nəfər döyüşçü ilə aldıq. Amma postda - yəni adıgedən kilsədə Natiqlə birgə Vilayət Cəfərov (Beyləqan rayonu), Etibar Babayev (Bakı şəhəri, Xətai rayonu), Nüşirəvan Məhərrəmov (Bərdə rayonu), Yusif İsmayılov (Bakı şəhəri, Yasamal rayonu), Əli Məmmədov (Beyləqan rayonu), Elman Rəhmanlı (Bakı şəhəri) postda olublar. Onlar postda olarkən həmin ərazidə yenidən döyüş başladı və kilsəyə növbəti dəfə kömək göndərə, postu dəyişə bilmədik. Ermənilər Natiqi əsir götürdükdən sonra Natiqlə postda duran əsgərlərimizin meyitlərini Milli Qəhrəman Allahverdi Bağırovun köməkliyi ilə geri aldıq. Həmin vaxt Bağırov meyitləri təhvil verən erməni komandir Vitali Balasanyana deyir ki, niyə məhz hamının "saqqallı" dediyi Yusifin meyiti digər əsgərlərin meyidindən daha pis gündədir?Onu niyə xüsusi amansızlıqla öldürmüsünüz?

Balasanyan cavab verir ki, əslində mən istəyirdim ki, o Yusifi diri tutum, çünki o mənim 15 döyüşçümü öldürüb 4 nəfərimi yaralayıb. O bizə diri lazım idi. Amma Yusif öz plyamotunu çənəsinin altına qoyub , ayaq barmaqları ilə özünə atəş açıb. Onun başını öz plamyotu aparıb. Bəli, Yusif bizim ermənilərə can verməyən qəhrəmanımızdı. Eləcə də kilsədə şəhid olan digər oğullar.
Yusif İsmayılovun cənazəsini Bakıya - Alatava, 11-ci Xreptovi küçəsinə mən gətirdim. “Gecəqondu” deyilən bir ev idi. Onda dedilər ki, iki azyaşlı qız övladı yadigar qalıb. Vallah, Yusif elə-belə oğul deyildi. O hələ şəhid olmamışdan mənim üçün əsl qəhrəman idi”.
Şəhid Yusif İsmayılovun əmisi oğlu, Birinci Qarabağ müharibəsinin döyüşçüsü, “Boz qurd” batalyonunun üzvü Nürəddin İsmayılov (Nurəddin Xoca) ilə söhbətləşirik. O bildirir ki, Yusif (anası rus olduğu üçün hamı ona Yura deyirdi) 1962-ci ildə Ukraynanın Nikolayev şəhərində anadan olub, sonradan Bakıya köçüblər. Müharibə başlayanda onu öz batalyonumuza dəvət etdim, gəlmədi, Getdi Ağdama! Orda döyüşdü. Deyirlər ki, Natiq Qasımov 5 gün tək döyüşüb. Mən düşünürəm ki, o 5 gün tək döyüşməyib. Oradakı silahdaşları da onunla birgə sona qədər döyüşüb. Ermənilər postakı döyüşçülərə təslim olmaq təklifi verərkən Yusif buna razı olmayaraq ermənilərin əlinə keçməmək üçün özünü faciəli şəkildə öldürüb. Xocalıdan olan müəllim də şahid olaraq deyir ki, ermənilər kilsəyə atəş aça -aça giriblər. Kilsədəkilər isə son güllələrini özlərinə çaxaraq şəhadətə ucalıblar.

Ermənilər 1992-ci ildə Xocalının Pirlər kəndindəki kilsədə sağ qalmış yeganə əsgər Natiq Qasımovu əsir ala bildilər. Mən keçmiş döyüşçüyəm. Gözümün qarşısında çox şeylər baş verib, çox qəhrəmanlıqlara şahid olmuşam. Hətta bir igidin əməyini başqa igidlərə şamil olunduğunu da görmüşük. Natiq Qasıov bizim igidimizdir, qəhrəmanımızddır. Amma digər qəhrəmanların əməyini də əziyyətini də, qəhrəmanlığını da kölgədə qoymaq olmaz! Natiq də, Yusif də digər o, 5 nəfər də elə Natiq Qasımov qədər igid və qəhrəmandırlar ”.
Nürəddin bəy onu da əlavə etdi ki, Yusifin məzarı şəhidlər xiyabanındadır.
Şəhidimizin bacısı Nərgiz İsmayılova Səngər - internetTV-yə zəng edib bu sözləri söylədi:" Qardaşımın əsl adı Yuridir. O vaxt onun adını ana- nənəm qoymuşdu... Həmin illərdə Yuri Qaqarin ilk insan olaraq kosmosa uçduğu üçün Yuri adı çox məşhur idi. Ailəmiz Bakıya gələndən sonra ata nənəm dedi ki, gərək uşağın adı dəyişdirlisin Yusif qoyulsun.

Bakı da hamı onu məhz bu adla tanıyırdı. Yusif Yasamalda 158 saylı məktəbdə oxuyub. İdmançı olan Yusif elə bir sovet şəhəri yoxdu ki, orda medala layiq görülməsin, tərifnamələr almasın. 1990-cı ilin 20 yanvarında səhərə qədər xəstəxanalar yaralı və meyit daşıyıb. Səhərə yaxın üstü -başı qan içində evə gəldi. Sonralar Milli Qəhrəman Çingiz Mustafayev Azərbaycan oğullarını müharibəyə, Qarabağa gəlməsinə çağrış edəndə, ora ilk gedənlərdən biri də Yusif oldu. Yusif təbiətcə igid idi, deyirdi ki, mən ölərəm amma razı olmaram ki, erməni mənim xalqıma zülm eləsin.

O vaxt - qardaşım şəhid olmamışdan bir neçə gün əvvəl gəlinimiz yuxu görmüşdü. Səhər durub danışdı ki, yuxumda gördüm ki ermənilər Yusifin başını əzib” .

Atam dedi ki, mənim oğlum başını erməni əlinə verən oğullardan deyil! O özü -özünü öldürər amma erməniyə sağ can verməz! Qardaşımın meyidi gələndən sonra bildik ki, doğrudanda Yusif özü öz əlləri ilə özünü başından vurub ki, ermənilər onu sağ tapa bilməsin. Onun ölümündən sonra atamda çox yaşamadı. 53 yaşında vəfat etdi. Dözmədi!”

P.S.Bəli, bütün şəhid, igid oğullarımızın müfəssəl və qəhrəmanlıq dolu bir həyat hekayəsi vardır, çalışmaq lazımdır ki, igidin birini həddindən çox təbliğ edərkən o birisini unutmayaq. Axı onlar ölməyib, vətənin göylərinə çəkilərək bizi seyr edir, onları xatırlamağımızı gözləyirlər. Cəmi 30 il ömür yaşayan Yusif İsmayılov kimi igidlərimiz o qədər çoxdur ki, onları bir-bir araşdırıb yazmaq, ruhlarını şad etmək lazımdır!

Əntiqə Rəşid












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.