Narkotiklər Azərbaycana necə daxil olur? – YAXUD ÖLKƏMİZDƏ NARKOTİCARƏTİN QARŞISINI NİYƏ ALMAQ OLMUR?

15-01-2024, 17:04           
Narkotiklər Azərbaycana necə daxil olur? –
Narkoticarətin çiçəklənməsi istənilən ölkə üçün “yox olma” sürəcini başladan faktordur. Bu, dövlətin varlığı üçün əhəmiyyət kəsb edən iki amil - sağlam nəsil və ölkədaxili sabitlik üçün birbaşa təhdiddir. Hansı ki, vətəndaşların normal yaşayışı belə, bu iki amil olmadan mümkün deyil.

Məsələn, hazırda daxili sabitliyin nə qədər önəmli olduğunu ortaya qoyan hadisələr “narkotik ölkəsi” olan Ekvadorda yaşanmaqdadır. İlk baxışdan “Ekvador Latın Amerikası ölkəsidir, ondan bizə nə?” kimi fikirlər ağla gələ bilər. Amma bu yanaşma əsassızdır. Dünya çoxdan qloballaşıb. Dünyanın bir tərəfində yaşanan hansısa hadisə başqa tərəfə “kəpənək effekti” ilə təsirsiz ötüşmür. Ələlxüsus, söhbət hazırda dünyanı cənginə almış narkotik bəlasından gedirsə.

Latın Amerikası ölkələrində dişlərinə qədər silahlanmış narkokartlellərin dövlətə qan uddurması yeni məsələ deyil. İllərdir bu dövlətlər mübarizəni davam etdirirlər. Ölüm ticarətinə qarşı mübarizə aparan istənilən qüvvə üçün təhlükəli olan narkokartellər ilk növbədə daxili sabitliyin pozulmasına səbəb olurlar, necə ki, hazırda Ekvadorda bu durum yaşanmaqdadır. İş o yerə gəlib ki, Ekvador prezidenti ölkədə “daxili silahlı münaqişə” vəziyyəti elan edib. Narkotik bandalarının üzvləri cəzadan qurtulmaq üçün bəzi vətəndaşları girov götürüb və insanlar Ekvador ordusuna dəstək olmağa çalışırlar. Çünki istənilən halda ölkənin var olması üçün dövlət-vətəndaş birliyi mütləqdir. Necə ki, biz 44 günlük müharibədə buna şahid olduq.

İndi isə Azərbaycanda baş verənlərə nəzər salaq. Amma ilk öncə niyə Ekvadorda yaşanan hadisələri misal çəkdiyimizə aydınlıq gətirək. Azərbaycan da bir çox başqa ölkələr kimi, səhrədlərimizi aşaraq içəri doluşan narkotikdən əziyyət çəkir. Belə demək olarsa, cəmiyyət olaraq ölkəni “narkotik oylağına” çevirənlərin əlindən girinc olmuşuq. Bunu anlamaq üçün elə son zamanlar narkomanların avtobus dayanacaqlarını sığınacağa çevirməsini görmək kifayətdir. Gördüyümüz kimi, narkotiklər əsir etdiyi şəxsin həyatını korlamaqla kifayətlənmir, əksinə bütün cəmiyyəti öz girovuna çevirir.

Yeri gəlmişkən, dayanacaqdan istifadə edən sakinlərin müraciəti ilə həmin narkoman uzaqlaşdırılsa da, bu o demək deyil ki, onlar daha narkotik istifadə etməyəcək, başqa dayanacaqlara pənah aparmayacaqlar. Həmin narkomanın “lomka anı” bir göz qırpımında narkotikin təsiri ilə kriminal əmələ çevrilə bilər.

Güc orqanları, ilk növbədə DİN narkotikin “cövlan etməsi”nin qarşısını almaq üçün ciddi-cəhdlə çalışır. Amma narkotikin müsadirəsi, narkotacirlərin tutulması narkomaniyanın qarşısını almağa yetmir. Ölkəyə gətirilən narkotik öz müştərilərinə çatmaq üçün asanlıqla yol tapır. Təbii ki, satdığı narkotik bağlamasını sosial şəbəkələrdə tanış olduğu hansısa “iranlı şəxsdən aldığını” iddia edən narkotacirlərin sayəsində. Bütün bunlar isə onu deməyə əsas verir ki, narkomaniyaya və narkotiklərə qarşı mübarizə ahəng içində aparılmır. Yəni mübarizəyə töhfə verməli olan bütün tərəflərin iştirak səviyyəsi qənaətbəxş deyil.

2023-cü ilin oktyabrından bu yana DİN qeyri-qanuni silahların vətəndaşlardan toplanması kampaniyası aparır. Əlbəttə, ölkəmizin üstünə düşmən tərəfindən çəkilən “narkotik silahı”, eləcə də kriminal durumun getdikcə öz çərçivəsindən çıxması bunu zəruri edirdi. Xüsusilə Azərbaycanın onun qəsdinə duran dövlətlərlə çevrələnməsi şəraitində. Elə Latın Amerikası ölkələrində narkokartellərin dövlətlə kəllə-kəlləyə gəlməsi və sağlam cəmiyyətə meydan oxumasını da göz önünə alaraq, qanunsuz silahların vaxtında, yəni dövlətə tuşlanmamışdan öncə yığılmasının nə qədər mühüm addım olduğunu buradan görə bilərik. Bir neçə il əvvəl yaşanılan Nardaran hadisələri də buna bariz misal ola bilər. Bu səbəbdən, daxili işlər orqanlarının qanunsuz saxlanılan silahların təhvil verilməsi haqda müraciəti cəmiyyətdə müsbət əks-səda doğurdu və belə demək mükündürsə, öz bəhrəsini də verdi.

Narkotik dövriyyəsi məsələsinə gəlincə, yuxarıda qeyd etdiyimiz kimi, polis yalnız “müştərisinə qovuşmaq” üçün yola çıxan narkotikin qarşısını kəsə bilir, onu da qismən. Çünki fərqli olsaydı, istifadəçilər narkotik tapmazdılar. Odur ki, polis qanunsuz silahların yığılmasını asanlıqla təşviq etdiyi kimi, narkotikin satış üçün bazara çıxarıldığı “topdansatış məntəqələri”ndən birbaşa müsadirəsini təşkil etməkdən ötrü də kampaniya başlada bilər. Məsələn, necə ki, “qonşusunda olan silahın yerini deyən şəxsə” anonimliyi qorunmaqla rəsmi olaraq mükafat vəd edilir, oxşar kampaniyanı narkotik tacirləri, bariqalar haqda məlumat verən şəxslər üçün də təşkil etmək olar. Hər halda, DİN bu kimi metodlarla cəmiyyətin sialhsızlaşdırılması ilə yanaşı, “narkotiksiz yaşam” kampaniyasını da uğurla apara və müsbət sona çatdıra bilər. Hətta bu, cəmiyyətdə daha çox əks-səda doğurar və ictimai hərəkata da çevrilə bilər.

Əlbəttə, bu gün ölkəmizin narkotiksiz həyata daha çox ehtiyacı var. Üstəlik, kimsəyə də sirr deyil ki, hazırda narkotik daha çox müştərisi olan məhsuldur, nəinki silah. Narkotik daha səssiz, daha sinsi, daha amansız öldürür, nəinki silah. Kütləvi qırğın silahı hansı rolu oynayırsa, narkotik eyni missiyanı amansızcasına yerinə yetirir, amma daha səssiz şəkildə.

Burada bir vacib məqamı da vurğulamaq yerinə düşər. Saxlanılan narkodilerlərin demək olar ki, hamısı “onlarda aşkar olunan heroin və marixuananı sosial şəbəkələrdə əlaqə qurduqları İran vətəndaşları vasitəsi ilə paytaxtın müxtəlif ərazilərində gizlədilən yerlərdən götürüb, ayrı-ayrı şəxslərə çatdırmağın qarşılığında müəyyən miqdarda pul əldə etdiklərini” bildirirlər. Yəni narkotikin mənbəyi “üstü sirr pərdəsi ilə örtülü”, kimliyi naməlum qalan iranlılardır. Lakin bu məsələdə bəzi müəmmalı məqamlar var. Hansısa iranlı narkotacir ölkəsində oturub, sosial şəbəkə üzərindən buradakı narkobiznesini, “işgüzar əlaqələrini” necə koordinasiya edir? Yaxud iranlı narkotacirlərlə əlbir işləyən, İran narkobiznesinin Azərbaycandakı əmmaməli “oddayanmaz”, “sudabatmaz” ələkeçməyən nümayəndələri kimlərdir? İranlı narkotacirlə “milli və yerli” narkotik satıcılarının sosial şəbəkələrdə onlayn əlaqə qurmalarını necə başa düşmək olar?! Bəs filan qədər narkotik – heroin və marixuana onlayn şəkildə teleportasiya yolu ilə Azərbaycana giriş edir? Ya narkotik öz-özünə sərhədlərin üstündən “gözəgörünməz” şəkildə varid olur? Təbii ki, bunların heç biri deyil. Kimsəyə sirr deyil ki, narkotik 3 yolla - ya quru, ya su, ya da hava yolu ilə daşınır. Böyük ehtimalla narkotik ölkəmizə İrandan daha çox quru yolu ilə daxil olur. Sözsüz ki, sərhədləri keçərək. Polis əməkdaşları narkotik “sərhədi aşaraq” “daxili bazar”a çatandan sonra prosesə müdaxilə edə, yəni onu müsadirə edə bilir. Burada da tam şəkildə deyil, müəyyən qismi dövriyyədən çıxarılır, qalan hissəsi öz müştərisinə yol tapır.

Deməli, narkotik ölkəyə daxil olana, yəni sərhəddən içəri bir addım atana qədər qarşısının alınması daha məqsədəuyğun olar. Bu da o deməkdir ki, narkotik vasitələrin önünü sərhəddə kəsmək mütləqdir və bu məsələdə sərhəd xidmətinin üzərinə böyük cavabdehlik düşür. Burada belə bir sual meydana çıxır - əgər bu sahədə qanedici nəticə əldə edə bilmiriksə, məsuliyyəti kim daşıyır? Yaxud, narkomaniyaya qarşı mübarizənin uğurla nəticələnməməsinə görə cavabdeh kimdir?

Əlbəttə, narkotik maddələrin ölkəyə gətirilməsinin qarşısını kimlər kəsməlidirsə və bunu edə bilmirsə, yaxud göz yumursa, onlar məsuliyyət daşıyır. İlk növbədə də Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti. Deyə bilərik ki, bu 2 qurum narkotik ticarətinə qarşı mübarizə sahəsində arzuedilən nəticə əldə edilmədiyi üçün eyni dərəcədə məsuliyyət daşıyırlar. Söhbət sərhəddən qaçaqmalçılıqla gətirilən narkotikin qarşısının alınması ilə yanaşı, ölkəyə “mal idxalı” adı altında gətirilən yüklərin məsuliyyətli şəkildə yoxlanılmaması, yaxud hansısa təmənna, göstəriş, tapşırıq səbəbilə onun yoxlanılmasına “göz yumulması”ndan gedir. Bu isə, ilk növbədə ölkə başçısının narkomaniyaya qarşı mübarizə aparılması göstərişinə əməl olunmamasıdır. Deməli, narkotiklər sərhəddə aşkarlanmalı, elə oradaca müsadirə olunmalıdır. Əlbəttə, hər iki qurum iddia edə bilər ki, ölkəyə sərhəddən və gömrükdən narkotik keçmir. Bəs polisin hər gün müsadirə etdiyi külli miqdarda narkotik vasitələr “qara bazar”da necə peyda olur? O zaman belə ehtimal irəli sürə bilərik ki, Azərbaycanda hansısa imtiyazlı, dövlətin toxunulmazlıq yetkisi verdiyi şəxslərin himayə etdiyi iş adamlarına məxsus yük maşınları da “toxunulmaz”dır. İndi kimsəyə sirr deyil ki, kiçik narkodilerlər sərhədçilərin və gömrükçülərin “gözünə görünmədən” ölkəyə külli miqdarda narkotik gətirmək şansına malik deyillər. Buna ancaq dövlətin iyerarxik vəzifə pillələrində “toxunulmazlıq status”una malik iri məmurlarin “qüdrəti yetər”. Məhz bu səbəbdən, ölkəmizdə 2 ildən çoxdur ciddi mübarizə aparılsa da, hələ də narkotik satışı dayanmır. Polis ancaq prosesin son mərhələsinə qarışa bilir. İlkin mərhələyə isə heç kim müdaxilə edə bilmir, yaxud da etmir.

Daha bir nüans. Narkotik satışının qarşısının alınmasının mümkün olmamasında məhkəmələrin narkotacirlərə bəraət verməsi də öz rolunu oynayır. Yəni həmin narkotik satıcılarının yenidən öz əməlini davam etdirməsində məhkəmələrin “mərhəməti” də öz sözünü deyir.



Əlbəttə, Azərbaycanda illərdir sabitlik mövcud olsa da, narkotik alverinin baş alıb getməsini nəzərə alaraq qəbul etməliyik ki, bu, nisbi xarakter daşıyır. Çünki, yazımızın əvvəlində də qeyd etdiyimiz kimi, narkomaniya, narkotik ticarəti gec-tez ölkədəki asayişi təhdid altına alır. Əgər narkotiklər əhalinin sağlamlığına zərbə vurursa, istənilən an kriminala açılan qapı ola bilirsə, dövlətə meydan oxuyursa, deməli, nisbi sakitliyə rəğmən, mövcudluğumuzun kökü qazınır və rahatlığa əsas yoxdur.

Asya ŞÜKÜROVA

Stopnarkotik.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.