Dəhliz savaşları: İranla Pakistan niyə qarşı-qarşıya gəldilər? Niyə məhz qurbanlıq kimi beluclar seçildi?
19-01-2024, 10:14

İranın Pakistana hücumunun əsas səbəblərindən biri də SEPAH-ın Qüds gücü briqadasının keçmiş komandanı Qasım Süleymaninin qətlə yetirilməsinin ildönümündə baş verən terror hadisəsinin beluclar tərəfindən törədilməsindən şübhələnməsi ola bilər. Prinsipcə, bu şübhəsindən haqsız deyil. Hadisənin baş verdiyi Kirman şəhəri coğrafi olaraq Sistan-Belucistan əyaləti ilə qonşudur. Digər tərəfdən, bu terror hadisəsinin məsuliyyətini İŞİD-in Əfqanıstanda yerləşən Xorasan qolu üstlənmişdi. İŞİD-in Xorasan qolu üzərində isə Pakistanın təsiri güclüdür.
İran başqa vaxt olsaydı, bəlkə bu hadisəyə laqeyd qalar və intiqamını qeyri-müəyyən vaxta saxladığını deyərək, terror aktının unudulmasını gözləyə bilərdi. Amma indiki məqamda bunu bacarmır. Əvvəla, ona görə ki, İran ictimaiyyətinin gözləntilərini nəzərə almalıdır. İctimaiyyət isə mütləq cavab verilməsini tələb edirdi.
Amma burada çox incə bir məqam vardı. “İntiqam”ın İranın əsas günahkar elan etdiyi ABŞ və İsraildən alınması İranın başını böyük bəlaya soxa bilərdi. Bu durumda ən yaxşısı, belucları hədəfə almaq idi. Çünki belucların böyük əksəriyyəti Pakistanda yaşasa belə, İslamabad onlara 2-ci növ vətəndaş kimi baxır. Görünür, məhz bu səbəbdən İran Pakistanın “cavab atəş”inə ciddi reaksiya verəcəyini gözləmirdi. Odur ki, əvvəl hücumla bağlı rəsmi media qurumlarında xəbərlər dərc edib hava atırdı, Pakistanın sərt təpkisindən sonra isə həmin informasiyalar dərhal silindi.
İranı Pakistan ərazilərindəki belucları hədəf almasının digər səbəbi yanvarın 4-də Qasım Süleymaninin qəbrinin üstündə törədilmiş terror hadisəsinin Tehranın vəkil güclər barədə rəsmi ritorikasının ən mühüm arqumentini sıradan çıxarmağa hesablanmasıdır. Məlum olduğu kimi, İran İslam Respublikası qurulduğu gündən bəri hər il milyardlarla dollar xərclədiyi vəkil güclərin zərurətini ölkə içində stabilliyi qorumaqla əsaslandırırdı. Bu iddiaya görə, İran əgər ölkə xaricində düşmənlərinə qarşı vəkil güclərlə savaşmasa, o zaman özü hədəfə çevrilə bilər. Yəni düşməni ilə İran daxilində döyüşmək məcburiyyətində qalar. Nəticədə İran vaxtaşırı böyük terror hadisələri ilə üzləşər və bundan ən çox dinc əhali əziyyət çəkər. Məlum terror hadisəsi isə İranın bu arqumentini alt-üst eləyirdi. İstər-istəməz insanlarda “bəs noldu, Xameneyi” sualı yaradırdı. Bu sualdan qaçmağın ən yaxşı yolu bir “günah keçisi” tapmaq və onu cəzalandırmaq idi. İran da yuxarıda da qeyd etdiyimiz səbəbdən ən yaxşı “günah keçisi”nin beluclar olduğunu düşünüb hərəkətə keçdi.
Pakistanın bu səhər İrandakı qüvvələrə aviazərbələr endirməsi isə İranın öz hesablarında xeyli yanıldığını göstərir. Bu gün Pakistanın həyata keçirdiyi "Marg Bar Sarmachar" kod adlı əməliyyat iki müsəlman ölkəsi arasında başlayacağı gözlənilən hərbi qarşıdurmanın ilk təzahürləri ola bilər. Zənnimcə, bundan sonra da hər iki müsəlman ölkəsi bir-birinə qarşı daha genişmiqyaslı hücumlarına başlayacaqlar. Çünki bu hücumların əsas məqsədi hansısa terror hadisəsinə adekvat cavab vermək deyil. İranda və Pakistanda iki dövlət və regional güc mərkəzləri arasında dəhlizlər uğrunda mübarizə gedir. O dəhlizlərdən biri Çinin “Bir yol, bir kəmər” projesinin cənub marşrutudur ki, Çindən başlayıb Gvadar limanı ilə Oman dənizinə çıxır. Ordan isə Yaxın Şərq ölkələrini keçərək Afrikaya və Aralıq dənizinə açılmağı hədəfləyir. Digər isə Hindistanın Baharat dəhlizidir. Baharat dəhlizi Oman dənizinə çıxaraq İranın Cabahar limanına, ordan isə şimal və şimal-qərb istiqamətinə yönəlməyi planlaşdırır. Hər iki liman Belucistanın Pakistan və İran hissəsində yerləşir. Və həm Hindistan, həm də Çin bu marşrutlar uğrunda ciddi mübarizə aparırlar. Əslində hazırda İsrailin Fələstində apardığı qanlı müharibə və Qızıl dənizdə yaşanan hadisələr də bu mübarizənin xaricə sızıntısından başqa bir şey deyil.
Heydər Oğuz
TEREF: Xocanın Blogu