Ağız qoxusunun səbəbləri açıqlandı
Dünən, 17:18

Ağız qoxusu heç də həmişə diş və diş əti xəstəlikləri ilə əlaqəli olmur.
Bu barədə "Daily Mail"ə açıqlamasında Böyük Britaniya Kosmetik Stomatologiya Akademiyasının prezidenti Sem Cetva bildirib.
O, bu problemin digər səbəblərini də açıqlayıb.
Diş həkimi ağız qoxusunun ağızda bakteriyaların çoxalması nəticəsində yarandığını bildirib. Onun sözlərinə görə, bu, ağız quruluğu səbəbindən baş verə bilər. Həmçinin, qida rasionu da buna səbəb ola bilər. Məsələn, süd məhsulları və tərkibində yüksək miqdarda zülal olan qidalar dildə bakteriyaları qidalandıran amin turşularını ifraz edir, pomidor və ya sitrus meyvələri kimi turşulu qidalar isə bakteriyaların artmasına səbəb olur.
Həkim qastroezofageal reflünün də ağız qoxusuna səbəb ola biləcəyini bildirib. O əlavə edib ki, əgər ağzınızdan xarab olmuş yumurta qoxusu gəlirsə, mədə-bağırsaq traktının problemlərindən şübhələnmək olar.
Mütəxəssis qeyd edib ki, problemi müstəqil şəkildə həll etmək olar. Bunun üçün gündə bir və ya iki dəfə diş ipi istifadə etmək, üç ayda bir diş fırçasını dəyişmək, dili fırçalamaq və müntəzəm olaraq diş həkiminə baş çəkmək tövsiyə olunur.