Rusiyada "ekstremist" materiallara görə cərimələr gözlənir
Bu gün, 00:06

"Kommersant" qəzeti iyulun 15-də yazıb ki, Rusiyanın İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi baxılmaq üçün Dövlət Dumasına təqdim edilib. Bu düzəlişlər internetdə, o cümlədən VPN-servislərdən istifadə etməklə "ekstremist materialların qəsdən axtarışı"na görə cərimələrin tətbiqini nəzərdə tutur. Cərimənin məbləği 3 min rubldan 5 min rubladək ola bilər.
Bundan əlavə, Dövlət Dumasının dövlət quruculuğu və qanunvericilik komitəsi tərəfindən təsdiqlənmiş bu düzəlişlər funksional baxımdan VPN-i xatırladan proqram təminatının reklamına görə də cərimələrin tətbiqini nəzərdə tutur. Bu pozuntuya görə vətəndaşlar üçün 50 min rubldan 80 min rubladək, vəzifəli şəxslər üçün 80 min rubldan 150 min rubladək, hüquqi şəxslər üçün isə 200 min rubldan 500 min rubladək cərimə tətbiq ediləcək.
"Qadağan olunmuş məzmun" axtarışı ilə bağlı düzəlişlər ikinci oxunuşda səsə qoyulur. Belə ki, daha əvvəl qanun layihəsi nəqliyyat-ekspedisiya fəaliyyətinin tənzimlənməsi üzrə tədbirlər kompleksi kimi təqdim edilib.
"Kommersant" qeyd edib ki, təklif olunan düzəlişlərlə bağlı layihə 2025-ci ilin yanvarında birinci oxunuşda qəbul edilib.
Bununla bağlı "Şəbəkə Azadlıqları" layihəsi bildirib ki, bu, bir taktikadır, belə ki, daha əvvəl təqdim olunan boş qanun layihələri repressiv təşəbbüsləri təşviq etmək üçün dəfələrlə istifadə olunub.
Təklif olunan düzəlişlərlə bağlı "Forbes" nəşrinə verdiyi müsahibədə hüquqşünas Stanislav Seleznyov deyib ki, bundan əvvəl Rusiya qanunvericiliyində hər hansı məzmunun istehlakına (baxılması və ya oxunmasına) görə məsuliyyət nəzərdə tutulmamışdı. Yalnız həmin məzmunun yayılmasına görə cəza tətbiq olunurdu.
Belə pozuntuları aşkar etmək üçün axtarış tarixçəsinə - ya "Google" hesabındakı, ya da müsadirə olunmuş cihazın brauzer tarixçəsinə baxıla bilər. Bundan əlavə, bu "pozuntu"ları aşkar etmək üçün mobil operatorlar da hüquq-mühafizə orqanlarına kömək edə bilər. "Şəbəkə Azadlıqları" xatırladır ki, Rusiya axtarış sistemləri və sosial şəbəkələri hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə, istifadəçilərin axtarış sorğularına dair statistika toplamağa və ötürməyə məcburdur. Bundan əlavə, yeni qanunlar küçədə polis tərəfindən vətəndaşların cihazlarının daha tez-tez yoxlanılması üçün əsas yarada bilər.
Dövlət Duması dəyişiklikləri təsdiqləyərsə, bu, 2025-ci il sentyabrın 1-dən qüvvəyə minəcək