Müstəqil siyasət “fetişi”

4-03-2024, 08:18           
Müstəqil siyasət “fetişi”
İndiki “çivisi çıxmış”, qarışıq dünyada bəzi ölkələr “müstəqil siyasət” tezisi üzərindən öz davranışlarını müəyyən etməyə çalışırlar. Gəlin bir düşünək, müzakirə edək ki, müstəqil siyasət nədir, ölkələr müstəqil siyasət yürüdə bilərlərmi, və ya bu mümkündürmü, lazımdırmı?!
İnsan övladı dövlət adlana biləcək institutlar yaratmağa başlayandan bəri müstəqil siyasət yürüdə bilən dövlət vahidləri olmayıb, əslində, bu mümkün də deyil. Çünki siyasət daha qəlizdir, maraqların idarə olunması üzərinə inşa edilir, maraqlar isə müxtəlifdir, onların uzlaşdırılması bacarığı siyasətin əsas vəzifəsi və borcudur.
Bu gün hələ də fövqəldövlət sayılan ABŞ belə müstəqil siyasət yürütmür, yürüdə də bilməz, müxtəlif maraqları nəzərə almağa məcburdur, amma öz maraqlarını öndə tuta bilməyə çalışan siyasət yürütməyə çalışır.
Rusiya da müstəqil siyasət yürütmür, atdığı addımlarda bir çox ölkələrin marağını nəzərə lamağa məhkumdur. Bu gün isə Çindən asılı vəziyyətə düşmüş bir ölkə statusundadır ki, bu da müstəqil siyasət yürütmək imkanını məhdudlaşdırır.
Çin isə heç müstəqil siyasət yürütməyə can da atmır, öz maraqlarını uzlaşdırmağa çalışır, bu gün Çin dünya ölkələrindən ən çox qarşılıqlı asılı olan dövlətdir – 2023-cü ildə Çinin xarici ticarət dövriyyəsi 3,6 trilyon ixrac, 2,4 trilyon idxal olmaqla 6 trilyon dollar olub. Bu qədər qarşılıqlı asılılığı olan ölkə müstəqil siyasət yürüdə bilərmi, yoxsa öz maraqları uzlaşdırmaq üçün daha çevik davranmalıdır?!
Yaxşı, müstəqil siyasət ancaq rirorik təbliğat vasitəsidirsə, bunun altını nə ilə doldurmaq olar?! Bu zaman da ortaya “dövlət maraqları” qavramı çıxır, bu daha məntiqli və ölçüləbilən yanaşmadır. Hər bir ölkənin öz dövlət maraqları olur-olmalıdır, amma indi də sual yaranır – dövlət marağını nədən ibarət olduğunu müəyyən edən institutsional yanaşma necə olmalıdır?! Bəlkə bir qrup üçün dövlət marağı, digər qrup üçün olan dövlət marağı yanaşmasından fərqlənir, bəs o zaman hansı “ölçü vahidi” işə düşüb bu marağın nədən ibarət olduğunu müəyyən etməlidir?! Bu sualın cavabı dünya qədər qədimdir – seçkidən başqa bu marağı müəyyən edə biləcək, ölçə biləcək siyasi institut yoxdur.
Tamam, bəs harda zəmanət var ki, seşki nəticəsi dövlət maraqlarını düzgün müəyyən etməyə imkan verir?! Əslində belə bir zəmanət yoxdur, seçici səhv də edə bilər, amma seçki intitutu tək seçmək üçün deyil, həm də səhvləri düzəltmək üçündür. Amma başqa bir yol da var – Dövlət institutları ilə hökumət institutlarının ayrılması, bir-birini tamamlayan şəkildə fəaliyyəti. Dövlətlər elitanın uzlaşdığı konsepsiyalar, məqsədlər müyyən edir, amma bu məqsədə gedən yolların fərqli olduğunu da öncədən qəbul edir. Bu zaman dövlət maraqları dəyişmir, amma siyasət institutu seçkilər vasitəsi ilə həmin məqsədlərə gedən müxtəlif yollar arasında siyasi elitalar (partiyalar) arasında seçim etməyə imkan və fürsət yaradır. Belə olan halda məqsədlər onilliklərə yayağın müəyyənləşdırilir, sadəcə müxtəlif yol və üsullarla o məqsədlərə çatmaq üçün siyasi yarış gedir.
Bu gün ABŞ siyasəti bu konsepsiyaya daha yaxındır – Respublikaçılar, Demokratlar üçün dövlət maraqları eynidir, sadəcə ona çatmaq yolları fərqlidir ki, bunun üçün də yarışırlar.
Azərbaycan da müstəqil siyasət yürüdə bilməz, bu mümkün deyil - əsas məsələ Dövlət maraqlarının doğru müəyyən edilməsidir ki, burada da artıq boşluq yaranıb, içi doldurulmalı tezislərə ehtiyac var. Çünki, siyasət institutunun təklif etdiyi və xalqın da üzərində uzlaşdığı ən böyük hədəf – Dövlət marağı suverenliyin və ərazi bötövlüyünün bərpası idi ki, Allahın köməyi, Əsgərimizn dəyanəti, düzgün xarici siyasət nəticəsində buna nail olduq.
Yaxşı, indi məqsədimiz nədir?! Hədəf nə olmalıdır?! Əgər bu sullar ətrafında ümumi konsensusa gəlib hədəfin məhz RİFAH olduğunda uzlaşa bilsək, rifaha çatmaq üçün müxtəlif yollar və tezislər ətrafında siyasi mübarizə apara, rəqəbət yarada bilərik. Məncə, əsas fəlsəfi məsələ məhz budur – yaxın 10-20-30 ilin hədəfini müəyyən etmək, bu isə pafoslu “Zəngəzur-Dərbənd-Təbriz” ritorikası ola bilməz, bu vaxt və enerji itkisidir, xalqı tonusda saxlamaq, əsas problemlərdən yayındırmaq üsuludur. Məqsəd Rifah Dövlətidir, maraq Rifah Dövlətinin qurulmasıdır, müstəqil siyasət də (yəni, maraqların idarə edilməsi bacarığı) məhz buna köklənməlidir...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.