Sülhməramlılar bu vaxt çıxarılır:

7-03-2024, 00:03           
Sülhməramlılar bu vaxt çıxarılır:
Azərbaycanın mövqeyinin güclənməsi, xarici siyasətdə balansı doğru saxlaması imkan verir ki, digər məsələlər ölkəmizlə müzakirələrdən sonra həll edilsin. Rusiyanın Qarabağda olan sülhməramlılarının məsələsi də bilavasitə Azərbaycanla müzakirə edilməlidir.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O qeyd edib ki, Azərbaycan iradəsi burada əsas götürülməlidir:

“Bu iradəni də Azərbaycan vaxtı gələndə ortaya qoyacaq. Əsas məsələ Azərbaycanın yürütdüyü siyasətlə bağlıdır. Rusiya tərəfindən də bu siyasətin anlaşılması vacibdir”.

Partiya sədri hesab edir ki, türk dünyasına inteqrasiya istiqamətində atılan addımlar müsbət xarakterə malikdir:

“Bu istiqamətdə bütün parametrlərlə münasibətlərin fərqli formada inkişafına nail olmaq mümkündür. Təbii ki, bu həm də Rusiyanın faydasına olacaq prosesdir. Ümumilikdə isə bölgə dövlətlərinin də faydalanacağı inteqrasiyadan söhbət gedir”.

Fazil Mustafa hesab edir ki, Türk Dövlətləri Təşkilatı istiqamətində Azərbaycanın Rusiya tərəfindən dəstəklənməsi digər dövlətlərə olan münasibətlərdən fərqlənir:

“Burada Ermənistana olan mövqe diqqətdən yayına bilməz. Çünki böyük dövlətlərlə davranış kodeksini bilən ölkələr daha az çətinliklərlə qarşılaşırlar. Rusiya Xarici İşlər naziri Sergey Lavrovun ifadələrində də Cənubi Qafqazda yaranmış yeni bir reallıqda əsas söz sahibinin Azərbaycan olması açıq qeyd olunur. Rusiya da Azərbaycanla hesablaşdığını ifadə etməyə səy göstərir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.