"...Dini Komitədən icazəsiz müsahibə verə bilmərəm".... "İlahiyyatçı" siyasi "tərəf"ə görə mətbuat "seçir"

9-04-2024, 00:16           
"...Dini Komitədən icazəsiz müsahibə verə bilmərəm"....
"Allaha inanan insan olmaq asandır. Çətin olan, Allahın inandığı insan ola bilməkdir" - Albert Eynşteyin

Ramazan bayramına 3 gündən az vaxt qalıb. Bir çox ilahiyyatçı və din xadimləri Ramazan ayı, bayram namazı, onun fəziləti və şəriət məsələləri ilə bağlı cəmiyyəti maarifləndirmək üçün yerli televiziyalara dəvət edilir, bəzi xəbər portallarında bu istiqamətdə verdikləri açıqlamalar dərc olunur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də din xadimlərinə bu istiqamətdə göstərişlər verdiyini, onların cəmiyyəti maarifləndirmələri üçün mətbuatla aktiv işləmələrini təşviq etdiyini bilirik. Yəni ilahiyyatçı-alim, məscid imamı və müavinlərinin islami mövzularda mətbuatın suallarını şərh etməsinə bu sahəyə nəzarət edən komitə tərəfindən heç bir məhdudiyyət qoyulmayıb. Bunu əminliklə söyləmək olar. Ancaq bəzi ilahiyyatçılar var ki, onlar jurnalistin sadə "Ramazan bayramının fəzilətləri və bayram namazı barədə danışa bilərsinizmi?" sualına cavabdan imtina edir. Deyir, " Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə gərək deyəsiniz, xəbərləri olsun, mən özbaşıma mətbuata müsahibə verə bilmərəm. Üstəlik, mən bilmirəm, siz iqtidar qəzetisiniz, ya müxalifət?"

Bu nə savadsız, nə dar çərçivəli, nə hörmətsiz yanaşmadır belə?! "İlahiyyatçı"nın sahəsi din məsələləridirsə, onun nə işinə qalıb qəzetin, televiziyanın iqtidar, yoxsa müxalifət olması?!

Mən zənn etmirəm ki, DQDK kimi bir qurum bu növ "ilahiyyatçı"lara göstəriş versin ki, "kim sizdən müsahibə, reportaj alsa, ilk öncə soruşun, görün, iqtidarındır, ya müxalifətin? Daha sonra da bizə xəbər verin, amma qətiyyən bizdən xəbərsiz heç nə danışmayın".

Dini Komitədə çalışan yetərli sayda xətri əziz dostlarımız, tanışlarımız var. Onların necə qabiliyyətli, qanacaqlı, dünyagörüşlü, yüksək əxlaq sahibi olduqlarına özüm şahidəm. Bilirəm ki, heç kimə belə bir qadağa, məhdudiyyət qoyulmayıb. Əksinə, bir ilahiyyatçının mətbuata hər hansı dini məsələ barədə dolğun, aydın və savadlı açıqlama verməsi, elə Dini Komitənin başının ucalığıdır ki, belə savadlı insanlarla işləyir.

Yaxşı, bəs bir sual qarşısında bu qədər qorxu, təlaş, həyəcan nəyə lazımdır? Bütün gün insanlara ən böyük qorxunun Allah qorxusu olduğunu aşılayanlar bu gün "müsahibə verərəm, DQDK görər, məni işimdən qovar, çörəksiz qalaram" kimi beyinlərində yox, mədələrində qurduğu düşüncələrlə bir sual qarşısında tir-tir əsib, qaçacaqlarsa, onda illərdir oxuduqları o Qurani-Kərimdən, peyğəmbər hədislərindən nə öyüd-nəsihət götürüblər?!

Hər Ramazan ayında xətm etdiyiniz o kitabın Səba surəsində, 39-cu ayədə buyurulur: "Həqiqətən Rəbbim bəndələrindən istədiyinin ruzisini bol edər, istədiyininkini azaldar. Onun yolunda nə xərcləsəniz, Allah onun əvəzini verər. Allah ruzi verənlərin ən xeyirlisidir".

Əgər inanırsınızsa, müsahibəyə görə çörəyinizi itirəcəyinizi ehtimal edirsiniz deyə, qorxub, qaçmayın. Sizə ruzini də, çörəyi də yetirən inandığınız, təbliğini etdiyiniz Allahdır, Allahın hansısa "qul"u yox.

Suala cavablayacaq qədər məlumat sahibi deyilsinizsə, deyin ki, "bu barədə məlumatsızam, bilmirəm". Kimsə sizi buna görə məzəmmət edə bilməz. Zatən insanın ən savadlı, cəsarətli olanı həm də "bilmirəm" deməyi bacaranıdır. Bunu deməyə cəsarətiniz çatmırsa, qurumun adını hallandırmayın. Özünüzü də, onun rəhbərliyinizi də gözdən salmayın, ayıbdır!

Mətin Şükürlü, Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.