Sənədsiz evlərin taleyi yenə də havadadır - AÇIQLAMA

Dünən, 15:31           
Sənədsiz evlərin taleyi yenə də havadadır - AÇIQLAMA
"Azərbaycan Prezidenti "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası dövlət torpaq kadastrında saxlanılan məlumatlar uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yer quruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılacaq". Bu barədə millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirib. O qeyd edib ki, araşdırmanın nəticəsinə əsasən, təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq və dövlət torpaq kadastrında müvafiq düzəlişlər ediləcək: "Yəni əgər vətəndaş daşınmaz əmlakının qeydiyyata alınması ilə bağlı müraciət edən zaman qeydiyyata məsul olan dövlət qurumunda məlumat fərqli olarsa, o zaman 15 iş günü ərzində dəqiqləşdirmə aparılır. Məsələn, vətəndaşın sənədində torpağın təyinatı tikintiyə icazəyə imkan verirsə, amma dövlət qurumunda olan məlumat bazasında o ərazi kənd təsərrüfatı üçün yararlı torpaq kimi görsənirsə, o zaman məlumatı dəqiqləşdirmək üçün digər profil qurumlara sorğu göndəriləcək. Sorğu zamanı vətəndaşın sənədinin doğruluğu təsdiq olunarsa, həmin daşınmaz əmlak qeydiyyata alınacaq. Bütövlükdə, yeni dəyişikliklər qeydiyyatsız evlərin sənədləşməsi prosesində məlumatların dəqiqləşdirilməsinə xidmət edəcək. Bu, həmçinin mülkiyyət hüquqlarının tanınması və qorunması baxımından da vacibdir".
Qanuna dəyişkilik sənədsiz ev sahiblərinin ümidlərini xeyli artırıb. Sənədsiz ev sahibləri nəhayət ki, əmlaklarının dövlət reyestrində qeydiyyata alınacağına inanırlar. Mütəxəssislərsə fərqli düşünür və sənədsiz evlər probleminin yaxın zamanda həllinin mümkün olmadığını bildirirlər.

Əmlak məsələləri üzrə eskpert Ramil Osmanlı Sherg.az-a açıqlamasında bildirdi ki, sənədsiz evlər məsələsi illərdir ki, medianın gündəmindədir, lakin hələ də bunun real həllinə təsir edəcək işlər görülməyib:
- Belə məlumatlar səsləndirilir ki, ölkədə 10 minlərlə, hətta Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məlumatına istinad etsək, 100 minə yaxın fərdi evin sənədləşməsi həll olunacaq. Amma mən bu fikirdə deyiləm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 yanvar 2015-ci l tarixli 439 saylı fərmanında “Daşınmaz əmlakın dövlət reyestri haqqqında” Qanunun 8-ci maddəsinə dəyişikliyi tələb edən müvafiq istiqamətlər vardı. Ora əlavələr edilib. Hesab etmirəm ki, bununla biz uzun illərlə yığılıb qalmış bu problem – sənədsiz 100 minlərlə evin qeydiyyat problemini həll edə bilək. Burada torpaq sahəsindən istifadəyə dair dəyişiklikdə ciddi problemlər ortaya çıxacaq. Bir halda ki sənədi olan, şəxsin daimi istifadəsində, icarəsində olan torpaq sahələri ilə bağlı elektron baza məlumatlarında fərqlər ortaya çıxırsa, illərlə məhkəmə mübahisələri davam edirsə, sənədi olmayan evlərlə bağlı müsbət olmayan cavabları daha çox eşidəcəyik. Bu baxımdan elə də böyük ümidlər bəsləmirəm.

R.Osmanlı bildirdi ki, fərdi yaşayış evlərinin sənədləşdirilməsi prosesi spekulyativ və ya imitasiya xarakterli bəyanatlar üzərində qurulmamalıdır. Konkret, real, ciddi əsaslandırılmış addımlar atılmalıdır:
- Normativ hüquqi aktlara bir-iki cümlə, yarım abzas dəyişikliklə sənədsiz evlər problemi həllini tapmayacaq. Bu, mənim subyektiv yanaşmamdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru