Qərbi Azərbaycan Xronikası: "İrəvan Bakıdan daha böyük türk-müsəlman ruhu ilə seçilirdi" VİDEO
Dünən, 15:18

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "XIX əsrdə İrəvan türklərin maarif və mədəniyyət mərkəzi idi" adlı veriliş hazırlanıb.
Verilişdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli İrəvan ziyalılarının Azərbaycanın maarif mühitində rolundan danışıb.
O bildirib ki, XIX əsrdə İrəvan türklərin maarif və mədəniyyət mərkəzi idi. İrəvan mühiti, ümumiyyətlə, əsasən türk-müsəlman mühiti olub. İrəvan ziyalılarının Azərbaycanın maarif mühitində böyük yeri var idi.
Onun sözlərinə görə, İrəvan Bakıdan daha böyük türk-müsəlman ruhu ilə seçilirdi: "İrəvanda XIX əsrdə islam mühitinə türk kimliyinin amilləri gəldi. İrəvan şəhər mühitində türk ideologiyası üstünlük təşkil edirdi".
F.Ələkbərli vurğulayıb ki, İrəvanda türklərin milli məsələsinin qabarması erməni və rusları hərəkətə gətirdi: "İrəvanda seminariya və gimnaziya ictimai mühitə böyük şəxsiyyətlər bəxş edib. İrəvandakı Göy məscidin axundu Şeyxülislam seçildi".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: