Azərbaycan 44 günlük müharibədən sonra bölgədə yeni reallıqlar yaratdı
Dünən, 15:47

İyulun 19-da Xankəndidə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu müstəqil milli mətbuatımızın 150 illiyi ərəfəsində keçirilməsi baxımından həm rəmzi, həm də strateji əhəmiyyətə malikdir. Bu mühüm tədbir informasiya və media mühitində gedən qlobal proseslər fonunda Azərbaycanın təşəbbüskar, ağıllı və proqressiv yanaşmasının daha bir təzahürüdür.
Foruma 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu qatılıb. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunan 3-cü Forumun iştirakçıları Xankəndidə süni intellektin xəbər istehsalı və yayımındakı artan rolu, cəmiyyətin düzgün informasiya ilə təmin olunmasında media savadlılığının əhəmiyyətinə dair müzakirələr aparırlar.
Prezident İlham Əliyevin Xankəndindən dünya ictimaiyyətinə səslənişində Azərbaycanın dünyada baş verən “yeni düzən” layihəsində harada mövqe tutacağı və gələcəkdə hansı proseslərin baş verəcəyini öngörərək bir neçə istiqamətlər açıqlandı.
Prezident İlham Əliyevin mühüm bəyanatlarında diqqətçəkən məqamlardan biri də Rusiyanın Ukrayanaya qarşı təcavüzünə sərt münasibət göstərməsi və Ukrayna xalqına torpaqlarının işğalı ilə razılaşmamalarını tövsiyyə etməsi idi. Dövlət başçısı İlham Əliyevin vaxtı ilə "torpaqlarınızın azadlığına necə nail oldunuz?" sualına “bir an da olsa Qarabağın işğalı ilə barışmamaq istəyi bizi bu qələbəyə gətirib çıxartdı” cavabı bu gün Ukrayna üçün nümunə ola bilər.
Azərbaycan Prezidenti İlham Əliyev ukraynalılara heç vaxt işğalla razılaşmamağı məsləhət görüb. Bu barədə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə ukraynalı jurnalist Dmitri Qordonun Azərbaycan Liderinin müharibə şəraitində olan Ukrayna xalqına nə məsləhət görə biləcəyi ilə bağlı sualını cavablandırarkən bildirib. Dövlət başçısı qeyd edib ki, bu, bizim də etdiyimiz addım olub: "Danışıqlar prosesi dövründə - mən 2003-cü ilin sonundan bu prosesin içində olmuşam - 17 il ərzində çoxsaylı təkliflər və görüşlər baş tutub. Bizə reallıqlarla barışmalı olduğumuz barədə saysız-hesabsız mesajlar verilib. Mən yox dedikdə bu güclü dövlətlərə qarşı çağırış kimi qəbul olunurdu. Beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin çıxarılmasını tələb edən dörd qətnaməsi barədə bütün fikirlərimiz – yuxarıdan aşağı reallığı qəbul etmək kimi fikirlə üzləşirdi. Sonra biz qərara aldıq ki, biz yeni reallıqlar yaradacağıq və siz onlarla barışacaqsınız. Elə də oldu".
Prezident əlavə edib ki, Azərbaycan 2020-ci ildə 44 gün ərzində, sonra isə 2023-cü ilin sentyabrında bir gün ərzində yeni reallıqlar yaratmağa başladı: "Onlar da bu reallıqlarla barışmağa məcbur oldular. Ona görə də, artıq deyilənlərə qayıdaraq, mən heç vaxt təslim olmamağı və ərazi bütövlüyünün pozulması ilə barışmamağı məsləhət görərdim".
Ölkə rəhbərinin toxunduğu önəmli bir istiqamət də Cənubi Qafqazda sülh şəraitində yaşmağın vacibliyi barədə çıxışı idi. Ona görə də ilk növbədə Ermənistanla sülh müqaviləsinin bağlanmasının tezləşdirilməsi çox vacibdir. Prezident də bu məqama xüsusi diqqət ayrıdı.O, Zəngəzur dəhlizinin açılması və kommunikasuiya xətlərinin çəkilməsinin sürətləndirilməsini qeyd etdi. Aydındır ki, Ermənistanla sülh hələ Qafqazda əmin-amanlığın bərqərar olacağı tam qarantiyalı deyil. Çünki, Gürcüstan faktorunu da nəzərə almalıyıq. Son bir neçə ildə Rusiyanın Gürcüstana təsirinə qrafik üzrə baxsaq, yüksələn xəttlə artır. Qarşımızda dayanan ən çətin mərhələ Rusiyanın Qafqaza təsir qüvvəsini sıfırlamaq olacaq. Prezident İlham Əliyevin vurulmuş sərnişin təyyarəsinin araşdırılmasını beynəlxaq məhkəməyə daşıması niyyəti də bu qəbil addımlardandır.
Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü