"Google"un yeni Al funksiyası saytların ziyarətçi axınını kəskin azaldır
Dünən, 15:24

"Ars Technica" və "Pew Research Center" ekspertlərinin məlumatına əsasən, "Google"un axtarış sisteminə inteqrasiya olunmuş "süni intellekt icmalı" (AI Overviews) funksiyası istifadəçilərin digər saytlara keçidini əhəmiyyətli dərəcədə azaldıb.
Valyuta.az-ın məlumatına görə, araşdırmalar göstərir ki, "Google"un yeni generativ süni intellekt funksiyası "AI Overviews" trafikin əsas hissəsini özündə saxlayaraq saytların ziyarətçi axınını kəskin azaldır. Belə ki, bu funksiya aktiv olduqda keçidlər üzrə istifadəçi aktivliyi 15%-dən 8%-ə enir, süni intellekt xülasələrindəki hiperlinklərə klikləyənlərin payı isə cəmi 1% təşkil edir. Bu, "Google"un media orqanlarına trafik baxımından zərər vermədiyini iddia etməsinə ziddir.
"AI Overviews" funksiyasının pilot tətbiqi 2023-cü ilin mayında başlanıb, 2024-cü ilin mayında isə əsas axtarış nəticələrinin ayrılmaz hissəsinə çevrilib. O vaxtdan bəri media sektorunda orqanik trafikdə davamlı azalma müşahidə olunur. SEO (axtarış sistemləri üçün optimallaşdırma) üzrə mütəxəssislər generativ süni intellektin bu cür risklərinə dəfələrlə diqqət çəkiblər. "Pew Research Center" tərəfindən açıqlanan rəqəmlər bu narahatlıqları daha da artırıb.
Əsas problemlərdən biri odur ki, getdikcə daha çox istifadəçi yalnız süni intellektin təqdim etdiyi xülasə ilə kifayətlənir və ilkin mənbəyə keçid etmir. Bu isə yanlış məlumatların yayılması riskini artırır, çünki generativ modellər hələ də "halüsinasiyalara" - reallığa uyğun olmayan informasiyalar uydurmağa - meyllidir.
Bundan əlavə, "AI Overviews" funksiyası daxilində təqdim olunan istinadların əhəmiyyətli hissəsi əsasən "Wikipedia", "YouTube" və "Reddit" kimi böyük platformalara yönəlir. Bu saytlar süni intellektin istinadlarında ümumilikdə 15%-lik paya malikdir.
"Pew Research"in qiymətləndirməsinə görə, hazırda axtarış sorğularının 20%-i süni intellekt xülasələri ilə müşayiət olunur. Sualla ifadə olunan sorğularda bu göstərici 60%-ə, tam formatlı sorğularda isə 36%-ə çatır. Analitiklər yaxın gələcəkdə bu tendensiyanın zəifləyəcəyini gözləmirlər.
Paşa Məmmədli