Son zamanlar artan ŞAGİRDLƏRİN İNTİHAR SƏBƏBLƏRİ məlum oldu - Psixoloq AÇIQLADI
9-04-2024, 11:14
Bildiyiniz kimi, artıq imtahan nəticələri elan olunub. Nəticədə bəzi ailələrdə valideynlərin az bal toplayan şagirdlərə təziqləri başlayıb. Hər kəsə məlum olduğu kimi, hər il imtahan nəticələrinin elanından sonra abituriyentlərin evdən qaçması, intihar etməsi ilə bağlı xəbərlər eşidirik.
Belə halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Valideynlər və məktəb şagirdlərə necə yanaşmalıdır?
Psixoloq Aytən Ələkbərova Referans.az-a verdiyi açıqlamada bu sualları cavablandırıb.
“Valideynlərin övladlarını qınayan, onların üzərinə gedən, 6-7 ay öncə övladlarını hazırlığa qoyarkən övladlarının potensialında xəbərsiz olan valideynlərdir. Hansıkı onlar öz övladlarını hələ də tanıya bilməyiblər. Övladları hansı şəxsiyyət tipidir, övladları ilə necə ünsiyyət yaratmalıdırlar və s. bu kimi məsələləri bütün valideynlər bilməlidirlər. “Nə istiyirsən sənə aldım, yaxşı davrandım” və bu kimi düşüncələrlə, danlaqlarla həyata keçirdiklərinə görə, nəticələr də gözləniləndir. Psixoloq olaraq bizim dəfələrlə müşahidə etdiyimiz uşaqlar olub ki, valideynlərinə müraciət etmişik ki, övladınız psixoloqla danışmalıdır. Bu valideynlərin cavabı “övladımın psixoloqa ehtiyacı yoxdur”. Amma “psixoloqa ehtiyacsızlıq” sonda balların aşağı olmasına və övladın evdən qaçmasına və yaxud da ki, intihar edəcəm kimi sözlərlə manipulyasiya etməsinə gətirib çıxmasına gətirib çıxarır”.
Psixoloq bildirir ki, bu məsələdə əsas yüklərdən biri də valideynin üzərinə düşür. Valideyn bu məqamda məktəbi cəza mərkəzi kimi qələmə verir və övladına müəyyən “olmaz”ların mahiyyətini açıqlamadan ona kömək etmək məqsədi ilə yox, danlaq və cəza üsulları ilə mənimsəməyə məcbur edir. Nəticədə, mənimsəmənin keyfiyyəti olduqca aşağı düşür və ballar az toplanılır.
“Dərsdə şagirdlər sadəcə dinləyərək deyil, eyni zamanda dinlədikləri mövzu ilə bağlı suallar verib cavablar aldıqda onların mənimsədikləri məlumatlar daha effektiv olur. Valideyn ilk olaraq müəllimlə birləşib bu məqamı üzə çıxarmalıdır. Nəinki, differensial müqayisələr aparmalıdır. Differensial müqayisə dedikdə valideynin öz övladını başqa biri ilə müqayisə etməsi nəzərdə tutulur. Müqayisəli və fərqli yanaşmalar da uşaqların aşağı nəticələr göstərməsinə gətirib çıxarır. Bunun qarşısını almaq məqsədilə, məktəblərdə müəllimlər tərəfindən də müşahidələr aparılmalıdır. Müəllimlər düzgün müşahidə apararaq şagirdin hansı qrupa daha uyğun olduğu haqqında valideynə məlumat verə bilər. Müəllim və valideynlərin birlikdə fəaliyyəti, müşahidəsi ilə daha yüksək nəticələr əldə etmək mümkündür”.
Aytən Ələkbərova qeyd edir ki, sağlam düşünə bilən valideynlər övladını doğru yönləndirmək üçün psixoloqa müraciət edir ki, bunun da müsbət nəticələrini daim görə bilirik. Bunun üçün keçən il 292 abituriyent müraciət etmişdi ki, biz onların 100-dən artığının ixtisasında dəyişiklik etmişdik. Ondan öncəki il belə abituriyentlərin sayı 96 nəfər idi. Bu il isə bunun üçün müraciət edənlərin sayı 330-dan yuxarıdır.
“Bəzən şagird bizə hər hansısa müəllimin yanına getmək istəmədiyini bizə bildirir. Səbəbini soruşduqda isə “onun səsi mənim əsəblərimə toxunur” deyir. Deməli, abituriyenti hərtərəfli dinləmək lazımdır ki, o, kiminlə daha çox, daha effektiv öyrənə biləcək və uğurlu nəticə verəcək. Uşaq qətiyyən müəllimin yanında gərgin olmamalı, özünü onun dediyi dərsi dinləməyə məcbur hiss etməməlidir. O bunu həvəslə etməlidir. Buna görə də müəllim seçmək də vacib nüasnlardandır”.
Aytən Ələkbərova son olaraq məktəb psixoloqlarına da müraciət edib.
“Xahiş edirəm, məktəblərdə uşaqları test üsulu, rəsm üsulu, şəxsiyyət tipini təyin etmək üçün metodikalar əvəzinə uşaqla təkbətək danışın. Çünki sizin istifadə etdiyiniz üsullar çox vaxt yanlış nəticələr göstərir. Bunu mən şəhərin ən məşhur məktəblərinin psixoloqları ilə də əlaqə saxlayıb şəxsən demişəm. Məktəb psixoloqu dəhlizdə dayanıb uşaqların davamiyyətini, geyimlərini yoxlamalı deyil”.