Nəqliyyat Nazirliyinin səlahiyyətləri bir azda azaldıldı
22-08-2016, 19:05
Nəqliyyat nazirinin səlahiyyətlərinə hissə-hissə əl gəzdirilməsi gözləntilərə görə, Ziya Məmmədovun biznes imkanlarının da paralel olaraq məhdudlaşdırılmasını şərtləndirməliydi. Yadınızdadırsa, bir müddət öncə Nazirlər Kabineti “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydalar”nda dəyişiklik etmişdi. Dəyişikliklərə əsasən, Nəqliyyat Nazirliyi sahə avtomobil yollarının adlandırılması və indeksasiyası ilə bağlı səlahiyyətini itirmişdi. Respublika və yerli əhəmiyyətli avtomobil yollarının adlandırılması və indeksasiyası artıq Nəqliyyat Nazirliyinin təqdimatı ilə Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Gundelik-Baku.com olaraq nəzərinizə çatdıraq ki, rəsmiləşdirilmiş digər dəyişikliklərə əsasən respublika və yerli əhəmiyyətli avtomobil yolları ilə bağlı bütün məsələləri Nəqliyyat Nazirliyinin təqdimatı ilə Nazirlər Kabineti həyata keçirir. Dolayısı ilə bu Nəqliyyat Nazirliyinin yol tikintisi sahəsindəki uzunmüddətli inhisarçılığına son deməkdir. Əslində ölkə rəhbərliyi bu sayaq tədbirləri həyata keçirməklə nəqliyyat və yol tikintisi sahəsində baş alıb gedən büdcə yeyintilərinin qarşısına sədd çəkmiş oldu. Axı ortada milyonlar, milyardlar var! Ortaq yeyinti cinayətə şəriklik presedenti yaradır. Amma neyləyəsən ki, torpağın dili-ağzı yoxdur oturda dərdini bir-bir söyləyə, sən də qeydə alasan. Baxırsan ki, nazir cənabı say hesabı filan qədər hörpü-tunel, yol ötürücüsü istismara verilib, nə qədər magistral geniş zolaqlı asfalt yollar çəkilib deyə ölkə rəhbərliyi qarşısında pafosla hesabat verir. Lakin bu işlərin keyfiyyəti yoxdursa, birmənalı şəkildə söyləmək olar ki, korrupsiya var. Belə mənzərələrin mövcudluğunda Ziya Məmmədovun rəhbərliyindəki nazirlik dövlət büdcəsinin ən iri pay-püş meydanına çevrilib desək, bizdən inciməsinlər. Eynən də, digər yol tikinti işlərində də oxşar mənzərələri varlığını şübhə altına alan hələ ki, yoxdur. Olsaydı belə, bu iddianın özü əlavə suallar qarşısında çaşbaş qalardı. Hər halda, Ziya Məmmədovu adi bir elektrovoz sürücülüyündən nazir kreslosuna aparan həyat yollarında əsas vəzifələrdən biri dövlətə onun nəqliyyat sektoruna effektli rəhbərlik hesabına xidmət olmalıydı. Lakin tək bizim deyil, bütünlükdə ölkənin gözü qarşısında milyardları keyfiyyətsiz yollara səpələyən bir nazirin yaratdığı nəqliyyat imperiyasını çökdürmək zərurəti ortaya çıxıb. Nəqliyyat nazirinin səlahiyyətlərini növbə ilə itirməsinin səbəblərini də zənnimizcə bu prizmadan yanaşmalıyıq. Əlbəttə, özünü təmizə çıxarmaq üçün ara-sıra yaxın ətrafında "günah keçisi" tapıb qurban verməkdən rahat heç nə yoxdur. Lakin bu addım da yetərincə effekt verə bilməz. Görünür, uzun illərin nəqliyyat sistemində formalaşdırdığı konspirativ korrupsiya şəbəkəsinin zəncirvari halqaları bir-bir üzə çıxdıqca hökumət tərəfindən görülən tədbirlərin nəyə hesablandığını görmək heç də çətinlik yaratmır. Bu mənada ən yaxın gələcəkdə nəqliyyat nazirliyinin ləğvi məsələsmnin gündəmə gətiriləcəyi istisna deyil. Şübhəsiz məhz bundan sonra Ziya Məmmədov və yaxınlarını çətin günlər gözləyir… Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.