İcazəsiz klinikaların SONU: - “Biri əməliyyatxanada ad günü qeyd edir, digəri isə...”

Bu gün, 00:05           
 İcazəsiz klinikaların SONU: - “Biri əməliyyatxanada ad günü qeyd edir, digəri isə...”
“Son vaxtlar klinikalarla bağlı biz tez-tez cəza tədbirləri haqda oxuyuruq. Bəli, mən nəyi təqdir edirəm, deyim: çatışmazlıqların aşkar edilib onların aradan qaldırılmasının tələb olunması, aradan qalxmadığı təqdirdə isə cərimələnmə, bağlanma və s., əslində, normal bir haldır. Yəni icazəsiz bir klinika fəaliyyət göstərə bilməz”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış həkim-radioloq Aydın Əliyev deyib.

O, son zamanlar Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən cərimə olunan 57 klinika ilə bağlı fikirlərini bölüşüb.

O, diqqətə çatdırıb ki, klinikaların təyinatı insan səhhəti, insan sağlamlığıdır:

“Bu da dünyada ən prioritet məsələdir. Qaydalar çərçivəsində fəaliyyət göstərməyən bir klinikanın insan sağlamlığına vurduğu zərərləri də görürük, hətta ölüm halları baş verir. Elə hallar olur ki, əməliyyatxanada xoşagəlməz hadisələr yaşanır. Biri əməliyyatxanada ad günü qeyd edir, digəri isə qanunsuz işləyir. Bunların qarşısı alınmalı, belə hallara qarşı çıxılmalıdır. Yeri gəlsə, cəza tədbirləri, yeri gəlsə, fəaliyyətin dayandırılması tətbiq edilməlidir. Mən bunu normal qarşılayıram, belə də olmalıdır. Hətta deyim ki, bu məsələdə daha sərt addımlar atılmalıdır. Çünki dediyimiz kimi, bu, insan sağlamlığına bağlıdır. İnsanın sağlamlığı isə dünyada ən vacib dəyərdir”.

O, söyləyib ki, əhali də bu prosesdə kömək etməlidir:

“Pasiyentlər, xəstələr hansı klinikaya müraciət edirlərsə və orada ciddi çatışmazlıq müşahidə edirlərsə, bu barədə məlumat verməlidirlər. Eyni qayda yalnız özəl yox, həm də dövlət klinikalarına şamil edilməlidir. Orada da hər hansı çatışmazlıq varsa, o barədə məlumat verilməlidir. Çünki həm özəl, həm də dövlət müəssisələri insan sağlamlığı ilə məşğuldur. Oradakı çatışmazlıqlar aşkar edilməli və aradan qaldırılmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru