Azərbaycanda “Sinqapur modeli” təklif olunur - Sabiq deputat da təkliflərini açıqladı
Bu gün, 17:34

Sabiq deputat, elm və təhsil sahəsi üzrə tanınmış mütəxəssis Etibar Əliyev ƏHD Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin Milli Məclisin xüsusi iclasında səsləndridyi təklifə münasibət bildirib və islahatlarla bağlı öz təkliflərini açıqlayıb.
Xatırladaq ki, partiya sədri hökuməti Sinqapurun inkişaf modelini tətbiq etməyə çağırıb: "Düşünürəm, Allahın hər zaman kömək olduğu Prezident İlham Əliyevin şansı var ki, tariximizdə yalnız torpaqlarımızı işğaldan azad edən bir lider kimi qalmasın, həm də xalqımızın qarşısında dayanan daha çətin bir vəzifəni yerinə yetirsin. 3-cü dünya ölkəsi sayılan Sinqapurada iqtisadi möcüzə yaratmış, buna görə beynəlxalq birliyin rəğbətini qazanmış Baş nazir Li Kuan kimi, o da Azərbaycanın tam olaraq azad bazar iqtisadiyyatına keçidini təmin etməklə iqtisadiyyatda Azərbaycan möcüzəsini yaratsın.
Bunun üçün böyük potensial, əlverişli şərtlər mövcuddur. Zaman itirmədən böyük islahatlara başlamağı, amnistiya aktı qəbul etməyi, 2026-cı ili ölkəmizdə barış, sülh və islahatlar ili adlandırmağı təklif edirəm”.
Etibar Əliyev bildirir ki, Li Kuanın təhsil və elm sahəsində apardığı islahatlar Sinqapurun sıçrayışlı inkişafında əsas drayver oldu. O, qeyd edir ki, bu ölkənin məktəbliləri beynəlxalq bilik yarışmalarında ön sıraları tuturlar. Ekspert vurğulayıb ki, Sinqapurun bir neçə universiteti reytinq baxımında dünyanın nəhəng universitetləri arasında yer alıb.
Etibar Əliyev daha sonra “Azərbaycan nədən başlamalıdır” sualı üzrə təkliflərini açıqlayıb:
“Birincisi, innovasiyalar üçün bütün münbit şərait yaradılmalıdır. Məsələn, təhsil sistemində STEM (təbiət elmləri, texnologiya, riyaziyyat və mühəndislik) geniş vüsət almalıdır;
tədqiqat və innovasiyalara dövlətin dəstəyi gücləndirilməlidir;
intellektual mülkiyyət qorunmalıdır;
böyük sayda sahibkarlıq startapları yaradılmalıdır;
startapların və silikon vadisinin maliyyələşdirmə sistemi yaradılmalıdır”.
O, vurğulayır ki, digər tərəfdən, innovasiyalarda Azərbaycan+yanaşması tətbiq olunmalıdr.
“Məsələn, belə bir proqram ötən əsrin 90-ci illərində Çində qəbul olunub və nəticələrini görüblər. Bu yanaşmanın kökündə ölkədən xaricə təhsil almağa göndərilmiş məzunların qayıtmasıdır. Çində 1978-ci ilin statistikasına görə 4 milyon tələbə xaricdə təhsil alıb. Bunların 2,8 milyon nəfəri ali təhsil müəssisələrinə qəbul olunub və bu sayın 80 faizi ölkəyə geri qayıdıb. Sinqapur da bu yolu keçib”, - mütəxəssis qeyd edib.
Etibar Əliyev vurğulayıb ki, biz yaşadığımız əsrin insan kapitalını öz universitetlərimiz vasitəsi ilə inkişaf etdirə bilmərik: “İnformatika, riyaziyyat və fizikanın tədrisinin dərinləşdirilməsi üçün xüsusi proqram qəbul olunmalıdır. Bizim məktəblərin potensialı böyükdür, lakin indiki təhsil sistemi istedadları söndürür. Elə bu səbəbdən indiyə qədər Beynəlxalq Riyaziyyat və İnformatika Olimpiadalarında şagirdlərimiz qızıl medal ala bilməyib. Məktəbdə təhsil mühitini tamamilə dəyişməliyik”.